21 noyabr 2023 17:40
498

Yevlaxda “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə  aksiyası keçirildi - FOTO

“Heydər Əliyev ili” çərçivəsində ölkəmizin bütün bölgələrində olduğu kimi Yevlaxda da  silsilə tədbirlər keçirilir.

“İki sahil” xəbər verir ki, belə silsilə tədbirlərin davamı kimi,  YAP Yevlax rayon təşkilatının və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəhərin Kamil Sabitov küçəsi boyunca olan ərazidə ağacəkmə aksiyası keçirilib. Aksiyada Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Partiya fəalları, rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak etmişlər.

Aksiyanın keçirilməsinin əsas məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

Aksiya çərçivəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun olaraq şəhərin müxtəlif ərazilərində  ümumilikdə 500 ədəd eldar şamı, kiparis, çinar ağacları, həmçinin dekorativ həmişəyaşıl kollar əkilib.

Aksiya zamanı əkilən tinglərin dibləri bərkidilib və suvarılıb. Həmçinin əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.