YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, Yeni Azərbaycan Partiyasının veteran üzvü Vahid Quliyev rayonun Rüstəmli kəndindən olan Vətən müharibəsi şəhidi Ağayev İldırım Qafqaz oğlunun kənd qəbiristanlığındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini dərin ehtiram hissi ilə yad ediblər.
“İki sahil” xəbər verir ki, daha sonra şəhidin ailə üzvləri ziyarət olunub. Görüşdə İdırım Ağayevin mənalı ömür və şərəfli döyüş yolundan bəhs edilib. Qeyd edilib ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun rəşadəti nəticəsində erməni təcavüzkarları döyüş meydanında darmadağın edildi və nəticədə Ermənistan siyasi rəhbərliyi kapituliyasiya aktına imza atmağa məcbur oldu. Şəhid ailələrinə, müharibə əlilləri və iştirakçılarına göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan xalqı və dövləti var olduqca igid oğullarımızın da əziz xatirəsi daim yad olunacaq, əziz tutulacaq.
Qeyd edək ki, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Yevlax rayonun Rüstəmli kənd sakini Ağayev İldırım Qafqaz oğlu 1998-ci il, mayın 2-də anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu İldırım Ağayev 2020-ci il, sentyabrın 27-də Şuşanın azadlığı uğrunda gedən döyüşlərə qoşulub.İldırım 2020-ci il noyabrın 7-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamları ilə "Cəsur Döyüşçü", "Vətən uğrunda", " Döyüşdə fərqlənməyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid ailəsinin nümayəndələri göstərilən diqqətə görə Partiyamızın Sədri, dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıq hissini ifadə ediblər.