Vətən, yurd kəlməsi mənim üçün o qədər dərin məna kəsb edir ki, yurd nədir dedikdə -doğulub ilk gözümü açdığım, havasıyla, ruzi-bərəkəti ilə qidalanıb böyüdüyüm, üzərinə ayaq basıb, minbir zəhmətlə ev-eşik tikib-qurduğum müqəddəs məkan deməkdir. Layalasıyla uyuyub, oyandığım, ana qədər əziz, doğma diyar deməkdir. Ulu keçmişimin mənə əmanət qoyub getdiyi əvəzolunmaz, kimsəyə verilməz, lazım gələrsə, uğrunda can veməli olan el-oba deməkdir. Hər bir zərrəsi, qarışı əzizdən də əzizdir mənim üçün Vətənim... Suyu-havası, daşı-torpağı minbir sərvət, xəzinədir mənim üçün...
Bəli, Vətənimə olan sevgim bitməz, tükənməzdir. Hər zaman qəlbim vətən üçün döyünüb. Ürəyimin dərinliyində bilmədiyim bir vətən həsrəti, nisgili olub. Təkliyimdə, fikirli olduğumda hey düşünərdim, nədir bu keçirdiyim hisslər, mən nə üçün bu qədər nisgilliyəm... cavab tapa bilmədiyim suallarla yaşayırdım.
Dəyərli oxucularıma bir müsahibəmi xatırlatmaq istəyirəm. Nəzərinizə çatdırım ki, Laçın rayonuna başlanan köçlə bağlı müsahibim əslən Laçın rayonundan olan Nazəndə Məcidli ilə söhbət edərkən ona daxildən hiss etdiyim sevincimi bildirdim. “ Bilirsiniz mən Culfa rayonunda doğulmuşam, burada böyüyüb boya-başa çatmışam. Ali təhsil alıb, uzun müddətdir ki, öz yurdumda yaşayır, işləyirəm. Mənim yurd nisgilim, vətən həsrətim olmayıb. Amma nəyə görəsə, qəlbim hər zaman nisgilli, vətən həsrəti çəkir. Bu gün Laçına başlanan köçə sevincimin həddi-hüdudu yoxdur. Elə böyük sevincliyəm ki, sanki mən dədə-baba yurduma köçürəm. Müsahibimin mənim bu sözümə cavabı bu oldu ki, siz çox vətənpərvər insansınız, ona görə bu gün bizim sevincimizə şərik olub, sevinirsiniz”. Ancaq qəlbimdə yaşadığım o hisslər mənim tək vətənpərvər olmağıma qane etmirdi. Bu düşüncələrin kökündə nələrinsə, olduğunu hiss edirdim. Amma özüm-özümə verdiyim sualların qarşısında yenə həmişəki kimi cavabsız idim.
Bildirim ki, Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq “Qərbi Azərbaycana qayıdış festival-konqresə Culfa Rayon Mədəniyyət Şöbəsi olaraq da Qərbi Azərbaycana məxsus mədəniyyət nümunələrinin toplanması tapşırıldı. Culfa Rayon Mədəniyyət Sarayının direktoru olaraq bu işlə mənim də məşğul olmağım üçün müdirimin xüsusi tapşırığı oldu. Məndə bir çox ailələrin Qərbi Azərbaycandan gəlməsi haqqda məlumatlı idim. Onların gəlişi ilə bağlı məlumat öyrənib o dövrə aid əşyalar toplamağa başlamışdım ki, bu barədə söhbət etdiyim bibimin yoldaşı Gülmalı Baxşəliyev bildirdi ki, bəs sənin ata baba-nənən əslən Qərbi Azərbaycandan gəliblər. Onların köçü çox əvvələrə gedib dayanır. Eşitdiklərim məni çox təəccübləndirsə də, bu məlumatın dəqiqliyini araşdırdım. Topladığım məlumatlar məni bu qənatə gətirir ki, baba-nənəmin ataları böyük tayfa olaraq 1918-1920-ci ildə köç etməyə məcbur olublar. Bu hadisə də o dövrdə hər zaman düşmənçiliyini əsirgəməyən ermənilərin sıxışdırması nəticəsində olub. O zamankı sovet hakimiyyəti köç edənləri qeyri-yaşayış yerlərində məskunlaşmasına məcbur edib. Öyrəndiklərimə əsasən, bildirim ki, Korəhməd kəndi məhz köçə məcbur edillənlər tərəfindən salınan kənddir. Vaxtikən bu kənddə 30 ev olub. Bu kəndin yayşayış və gəliş-gediş baxımından çətin olması burada heç bir şəraitin olmaması yenidən yurdsalanları köç etmək qarşısında qoyub. Ən ucqar dağlıq kənd olan Korəhməddən köç təbilini çalanlar yurd olaraq özlərinə əsasən Teyvaz, Ərəfsə və Xanəgah kəndlərini seçiblər. Məhz əsli olayan Korəhməd kəndi bu gün xarabalığa çevrilmiş, tiklilən evlərin sadəcə qalıqları qalmışdır. Birdə ağac əkənlərin əkdiyi cəviz ağacları. Bibimdən eşitdiyim o olur ki, səfalı yer olan Korəhməddə çoxlu cəviz ağacları var. İndi də kənd camaatı atla gedib cəviz yığıb gətirər.
Bəli, kiçik bir araşdırma məni illərin ötəsinə aparıb çıxardı. Babam Əliyev Qasımxan Qəybalı oğlu, anası Zeynəb xanımın əslləri haqqında daha geniş məlumat toplaya bilmədim. Çünki babam və bir qardaşı, dörd bacısı illər öncə dünyalarını dəyişiblər. Onlardan qalan övladları bu haqqda dəqiq məlumat bilmirlər. Ancaq babamgillərə məskunlaşdığı Ərəfsə kəndində arıqlılar tayfası deyilməsi əbəs yerə deyil. Çünki babamın atasıgilin yaşadığı Sisyan rayonunun Arıqlı kəndi 1918-ci ilin sentyabrında Andranikin başçılıq etdiyi erməni dəstələrinin hücumuna məruz qalmış, ailə öz dədə-baba yurdunu tərk etməyə məcbur olur. Araşdırma nəticəsində aldığım məlumata görə hücuma məruz qalan kəndlər tamamilə yandırılmış və dağıdılmışdır. Korəhməddə yerləşən ailə haqqında öyrəndiyim bir odur ki, 1941-1945-ci il Böyük Vətən müharibəsində ön cəbhəyə yollananlar sırasında babamın atası Qəybalı Əliyevdə olub. O zaman babamın 9 yaşı var imiş. Bir çox ailə kimi babamın ailəsi də natamam olaraq qalıb. Babamgil öz atasından sonralar da xəbər ala bilməyiblər.
Növbəti araşdırmam əslən Qafan rayonunun Gığı kəndindən olan nənəmin ailəsidir. Nənəm Qurbanova Zəhra İsmayıl qızı,anasının adı Ceyran xanımdır. Öyrəndiklərimə görə nənəmin çoxlu bacı-qardaşı olub. Ancaq bu köçlər, çətinliklər qarşısında qalan ailənin uşaqları aclıq və xəstəlik ucbatından vaxtsız dünyalarını dəyişiblər. Nənəmin Əvəz adlı böyük qardaşı da Böyük Vətən müharibəsinə aparılıb, sonra ondan heç bir xəbər ala bilməyiblər. Bu böyük ailədən bir qız uşağı olaraq nənəm Zəhra, qardaşları Ənvər və Qurban sağ qalıb. Uzun müddət çətinlik çəkən ailə ilk köçdə Korəhməd kəndində yurd salıblar. Ucqar, şəraitsiz olan kənddə yaşaya bilməyən ailə yenidən köçməyə məcbur olublar. Növbəti yurd yeri Teyvaz kəndi olub. Burada gəlib yer-yurd salsalarda yurd nisgili qəlblərində yaşayıb. Sonralar azərbaycanlılara geri qayıtmağa icazə verilsə də, nənəmin ailəsi geri qayıtmayıb. Ancaq nənəmin qardaşları ən son deportasiya başlanana kimi, Mehri rayonunda Dəmir yol stansiyasında mühavizəçi vəzifəsində işləyiblər.
Zaman hər bir dərdin dərmanıdır,- deyib atalarımız. Bəli, artıq zaman ölkəmizdə ədalət yöndə irəliləyir. Biz 30 il işğal altında olan torpaqlarımızı azad edən bir xalqa, güclü dövlətə, Müzəffər Sərkərdəyə, yenilməz orduya sahibik. Bütün bunlar hər bir hadisəni müsbət yöndə dəyişiminə şərait yaradır. Qarabağ torpaqlarına başlanan köçlərsə, qərbi azərbaycanlıların ümidlərinə çıraq tutub. Tarixin müsbət yöndə dəyişimi böyük məqsədlərə, inamlara aparır... artıq onlar da, bizlər də inanırıq ki, biz öz tarixi torpaqlarımıza, Qərbi Azərbaycanımıza geri dönəcəyik!
Bu gün böyük inancla bildirmək istəyirəm ki, vaxt gələcək ulu keçmişimizdən süzülüb gələn yurd həsrətimiz sona yetəcək, mən buna böyük ümidlərlə inanıram. Ulu baba-nənəmə də övlad sözüm o olar ki,İnşallah,sizlərin ruhunuzu şad edərək dədə-baba yurdlarınızı gedib, görməksə mənə nəsib olar.
Səriyyə Salahova,
Culfa Rayon Mədəniyyət Sarayının direktoru