13 dekabr 2023 02:57
385

Azərbaycanın enerji strategiyası: Əməkdaşlıq platforması genişlənir

Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin vurğuladığı kimi, hədəf qaz təchizatını artırmaq, Avropa məkanında yaradılacaq interkonnektorlar vasitəsilə yeni bazarlara çıxmaqdır

Avropa üçün etibarlı tərəfdaş olan Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı siyasəti, fəlsəfəsi dəyişilməzdir: Enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməli, rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya əsaslanmalıdır.

Bu ilin iyun ayında paytaxtımızda Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz –«Caspian Oil&Gas» və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – «Caspian Power» sərgilərinin təşkili, Avrasiyanın enerji xəritəsini dəyişdirən, strateji tərəfdaş kimi vədinə sadiq qalan Azərbaycanın səylərinin təsdiqlənməsi o deməkdir ki, ölkəmiz dünyanın enerji xəritəsinin nəhəng transformasiya prosesinin tərkib hissəsidir. Bərpaolunan enerjidən istifadə sahəsində də liderliyini təmin edən ölkəmizin enerji diplomatiyasının əsasını təşkil edən «Enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, eyni zamanda mənbələrin şaxələndirilməsidir» təşəbbüsü birmənalı dəstəklənir.

Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılışı mərasimində iştirak edən Prezident İlham Əliyevin «Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Biz Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Hər şey plana uyğun getsə və bütün interkonnektorlar vaxtında inşa edilsə, - yəni, bu ilin sonuna qədər, - bizim qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir» sözləri artıq reallaşır. Azərbaycanın, Bolqarıstanın, Macarıstanın, Rumıniyanın və Slovakiyanın daxil olduğu «Həmrəylik Halqası» layihəsinə uyğun əlavə interkonnektorlar inşa ediləcəyi vədi də reallaşır, Azərbaycan qazına ehtiyac artır. «Son ilyarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq» söyləyən Prezident İlham Əliyevin bu günlərdə Serbiyaya səfəri bu baxımdan diqqəti cəlb edir.

Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə mətbuata bəyanatla çıxış edən, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan «Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu»nu yüksək qiymətləndirən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ölkəmizi qitə dövlətlərinin enerji təchizatı sahəsində etibarlı tərəfdaş adlandırmışdır. Bakı Enerji Həftəsindəki çıxışlarda da eyni mövqeyin dəstəklənməsi, Cənub Qaz Dəhlizinin Avropa İttifaqı üçün mühüm əhəmiyyətinin qeyd olunması, Azərbaycanın müəllifliyi və təşəbbüsü ilə reallaşan əməkdaşlıq formatının genişlənməsi Prezident İlham Əliyevin qarşılıqlı tərəfdaşlıq siyasətinin uğurlu nəticələrindəndir.

Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasiminin keçirilməsi qitə dövlətlərinin etibarlı qaz təminatçısı Azərbaycanın strateji tərəfdaşlığa sadiqliyinin nümunəsi idi. Dövlət başçımız İlham Əliyevin İtaliyaya səfəri zamanı da dünyanın enerji və nəqliyyat xəritələrinin yenilənməsində ölkəmizin təşəbbüsləri qarşılıqlı əməkdaşlığın gücləndirilməsində başlıca amil kimi diqqətə çatdırıldı.
«Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük» söyləyən, İtaliyaya qədər uzanan Cənub Qaz Dəhlizinin seqmentlərinin nəzərdə tutulduğu müddətdə istifadəyə verilməsini verilən vədə sadiqlik adlandıran Prezident İlham Əliyev Azərbaycanın enerji diplomatiyasının təntənəsini layihədə iştirak edən tərəfdaşların birgə səyinin məntiqi nəticəsi kimi dəyərləndirdi. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Avropanın enerji xəritəsini dəyişmiş bu diplomatiyanı yüksək qiymətləndirən Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın şaxələndirmə siyasətini beynəlxalq səviyyədə dəstəklənən təşəbbüs kimi dəyələndirdi. Qeyd edildi ki, Azərbaycanın tarixi ərazisi olan Qarabağ və Şərqi Zəngəzur kimi, Ermənistanın işğalından azad olunmuş digər ərazilərində Günəş və külək enerjisinin potensialının 9200, Xəzər dənizində 157 qeqavata həcmində olması ölkəmizin bərpaolunan enerji ixracını da artıracaq. Dünyanın aparıcı enerji şirkətləri olan «ACWA Power» və «Masdar» şirkətləri ilə imzalanmış müqavilələr əsasında Günəş və Külək elektrik stansiyalarının istifadəyə verilməsi ilə respublikamızın enerji ixracı daha da artacaq. Xüsusilə Kəlbəcər və Laçın rayonlarında küləyin və Günəşin potensialından istifadə ilə bağlı perspektivlər də ümidvericidir.

Avropa Komissiyası ilə imzalanan Anlaşma Memorandumunda qeyd olunduğu kimi, 2027-ci ilə qədər Azərbaycan qazının qitə ölkələrinə ixracının ən azı iki dəfə artırılacağı reallaşır. Mərasimdə qeyd olunduğu kimi, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsi təkcə layihədə iştirak edən tərəflər üçün deyil, bütövlükdə Avropa üçün xüsusi hadisədir. Azərbaycanın etibarlı enerji təchizatçısı olması ilə bağlı fikrini bildirən Serbiya Prezidenti Aleksandar Vuçiçin: «Bolqarıstanlı və yunanıstanlı dostlarımızı bu interkonnektorun uğurla tamamlanması münasibətilə təbrik edirəm. Layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir. Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı» sözlərində enerji diplomatiyamızı dəstəkləyənlərin ümumi rəyi əksini tapır.
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Prezident İlham Əliyevin iştirakı, serbiyalı və bolqarıstanlı həmkarları Aleksandar Vuçiçlə, Rumen Radevlə təkbətək və geniş tərkibdə görüşləri əməkdaşlığın genişlənən coğrafiyasının ifadəsidir.

Açılış mərasimində Serbiya-Azərbaycan, Azərbaycan -Bolqarıstan əlaqələrinin dinamik inkişafını strateji tərəfdaşlığın uğurlu davamı adlandıran Prezident İlham Əliyev ölkələr arasındakı münasibətləri qitə dövlətlərinin enerji təhlükəsizliyinə böyük töhfə olduğunu bildirdi: «Çünki Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir.»

Başqa sözlə deyilsə ölkəmizin çox genişmiqyaslı planları, layihələri, bütünlükdə Azərbaycanın enerji strategiyası uğurla icra edilir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər.

Etibarlı tərəfdaş, dostluq ənənələrinə sadiq Azərbaycanın müəllifi olduğu qlobal enerji layihələri genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir. Gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir.

«Gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır» söyləyən Prezident İlham Əliyev hazırda ölkəmizin əsas hədəfi kimi diqqətdə saxlanılan bərpaolunan enerji növləri ilə bağlı layihələrin daha geniş miqyası əhatə edəcəyini əminliklə bildirmişdir. Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Yaşıl enerji ilə bağlı ölkəmizdə həyata keçirilən layihələr əminlik yaradır ki, Azərbaycanın enerji diplomatiyasının əsasını təşkil edən yaşıl enerji layihələri də şaxələndirmə siyasətinə uyğun daha səmərəli və etibarlı tərəfdaşlıq prinsipləri əsasında davam etdiriləcəkdir.

«Euronews» televiziyasına müsahibəsində ölkəmizin enerji diplomatiyasının uğurlarından bəhs edən Prezident İlham Əliyev vurğulamışdır ki, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək: «Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Lakin çox əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Hesab edirəm ki, bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Biz artıq ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışını etdik. Növbəti 5-6 ildə isə biz 10 qiqavat həcmində günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq. Zənnimcə, rəqəmsal transformasiya gündəliyimizlə yanaşı, sərmayə qoyuluşu üçün əsas sahələr bunlar olacaq.» Enerji sahəsinin inkişafında önəmli yeri olan neft hasilatından təbii qaz istehsalına keçid ölkəmizin ixrac imkanlarını daha da artırıb.
 Hazırda Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya və Rumıniyaya qaz ixrac edilir. Həmçinin Macarıstan və Serbiya ilə müqavilələr imzalanıb. Bununla yanaşı, Albaniya da bizim qazın paylanılmasına dair planlarımıza daxildir.

Xuraman İsmayılqızı, «İki sahil»