23 dekabr 2023 01:57
417

Qlobal karbonsuz gələcəyə doğru...

Ölkəmiz Avropanın enerji tədarükçüsünə çevriləcək

Sülh sazişi, təhlükəsizlik, Böyük Qayıdış Proqramı, iqtisadi əlaqələr, o cümlədən enerji mövzusu gündəmdə olan məsələlərdir. Hazırda ölkəmizdə mövcud olan sabit daxili vəziyyət xarici amillərdən asılı deyil. Beynəlxalq konfranslarda sərhədlərimizin lazımi şəkildə müdafiəsi ilə bağlı müxtəlif layihələrin icra olunduğunu qeyd edən Prezident İlham Əliyev vurğulayır ki, bunlar bizə istənilən potensial riski minimuma endirməyə imkan verəcək.

Bu gün Azərbaycanın Avropada iri enerji tədarükçüsünə çevrilməsi də ölkəmizdə sabitliyin bərqərar olmasında mühüm rol oynayır. Hazırda qlobal dünya üçün enerji layihələri, o cümlədən neft, qazla bərabər “yaşıl enerji” də həyati əhəmiyyət daşıyır. Əhalinin sayının artması, yaşayış səviyyəsinin yüksəlməsi, enerji istifadəçilərinin çoxalması, sənayenin və kənd təsərrüfatının sürətli inkişafı məişətdə istifadə edilən yanacağa tələbatı artırır. Təbii enerji ehtiyatlarının azalması, onların əldə olunması prosesində ətraf mühitə dəyən zərər və s. kimi amillər alternativ enerji mənbələrindən istifadə zərurətini meydana çıxarıb.

Dünyada “yaşıl enerji” kimi tanınan bu təcrübə geniş yayılıb və təbii göstəricilərə əsasən Azərbaycanda Bakı şəhəri və Abşeron yarımadasında, o cümlədən azad olunmuş ərazilərdə külək və günəş enerjisinin böyük potensialı vardır. Bu baxımdan Azərbaycanın dilbər guşəsi Qarabağda “yaşıl enerji” layihələrinin geniş miqyasda tətbiq edilməsi və ərazinin yaşıl zonaya çevrilməsi planlaşdırılır. Dövlət başçısı qeyd edib ki, “yaşıl enerji” konsepsiyası Azərbaycanı irəliyə aparan yoldur. Prezident İlham Əliyev yenə də bütün sahələrdə olduğu kimi, enerji sahəsində də dünyanın “nəbzini” tutaraq 2019-cu il dekabrın 5-də “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb.

Ümumiyyətlə, sabitlik imkan verir ki, Azərbaycan hökuməti sosial-iqtisadi siyasəti uğurla həyata keçirsin. Hazırda Azərbaycan Mərkəzi Asiya ölkələrinə, ilk növbədə, Qazaxıstana və Türkmənistana tranzit xidməti göstərir. Xəzərin şərq hissəsindən gələn tranzit yüklərin böyük hissəsi bu iki ölkədən, həmçinin Mərkəzi Asiyanın digər ölkələrindən, qismən də Çindən gəlir. Uzun illərdir ki, Türkmənistan nefti bizim tankerlərlə nəql edilərək Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə daxil olur. Bu il isə 1,5 milyon ton Qazaxıstan nefti Azərbaycana gətirilib, BTC boru kəməri vasitəsilə Avropaya nəql edilib. Bu da BTC-nin əvvəlkindən daha böyük həcmdə doldurulmasına imkan verir. Xəzəryanı tərəfdaşlar üçün həmçinin tədarük marşrutlarını şaxələndirmək imkanı yaradır, bu da tamamilə anlaşılandır.

Külək, günəş, geotermal, eləcə də neft-qaz enerjisi istehsalını artıran dövlətlər nüvə enerjisindən imtina etməyə hazırlaşırlar. İndi dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəlib. Artıq dünya dövlətləri, xüsusilə də nüvə stansiyalarının daha çox cəmləşdiyi Avropa məkanı ənənəvi enerji istehsalına və karbohidrogen ehtiyatların idxalı prosesinə üstünlük verməyə başlayıb. Hazırda “yaşıl enerji” texnologiyası dünyada çox sürətlə inkişaf edir və güman ki, gələcəkdə onlar asanlıqla atom elektrik stansiyalarını əvəz edəcəkdir.

Prezident İlham Əliyev 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını mühüm vəzifə kimi müəyyənləşdirib. Qarşıdakı 10 il ərzində təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur. Məhz azad edilmiş ərazilərdə bunun üçün yaxşı imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları tikiləcək. Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib.

“Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq. Prezidentin tapşırığına əsasən, ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Qarabağ regionunda bərpaolunan enerji mənbələrindən istifadə enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək. Bu istiqamətdə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi ilə müzakirələrin aparılması diqqət mərkəzində saxlanılıb. Həmin ərazilərdə günəş enerjisinin 4 min meqavatdan çox, külək enerjisinin isə 500 meqavatadək potensialının olduğu bildirilib.

Yeri gəlmişkən, yaxın gələcəkdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında ümumilikdə 308 kilometr elektrik xəttinin çəkilməsi və yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovatlıq şəbəkənin yaradılması nəzərdə tutulub. Bu ərazilərin təbii qazla təminatı ilə bağlı hazırlanan proqramda isə SOCAR tərəfindən müxtəlif diametrlərdə 416 kilometr magistral qaz xəttinin çəkilməsi də proqnozlaşdırılıb.

Nəhəng yaşıl enerji layihələrinə start verdikdə, Avropaya nəqletmə və ixrac imkanları, həmçinin Mərkəzi Asiya ilə potensial bağlantı imkanı nəzərə alınır. Çünki Mərkəzi Asiya ölkələrində yaşıl enerjini istehsal etmək üçün çoxlu investisiya layihələri mövcuddur. Azərbaycan hətta Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilişi haqqında düşünür. Bununla yanaşı, Xəzər dənizinin dibi ilə Avropaya gedəcək fiber-optik xətt də çəkiləcək.

Eyni zamanda, ətraf mühitə məsuliyyətli yanaşmamıza dəlalət edən amillər arasında 2,6 trilyon kubmetr həcmində təbii qaz yataqlarının olması, mövcud boru kəmərləri şəbəkəsi və neft yataqları sayəsində enerji təhlükəsizliyimizi tam təmin etmişik. Buna baxmayaraq dövlətimiz tərəfindən son illər bərpaolunan enerji mənbələrinə böyük sərmayə qoyulub. Bütün bunlar çox böyük praktiki təsirə malik olacaqdır. Əgər elektrik enerjisi istehsalı üçün təbii qaz istehlakını yalnız bərpaolunan enerji resursları hesabına 50 faiz azaltsaq, daha 2,5-3 milyard kubmetr qazı ehtiyacı olan Avropaya göndərə bilərik. Bu, hər iki tərəf üçün faydalı bir vəziyyətdir.

2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyanın Qara dəniz sahillərinədək elektrik kabelinin çəkilməsi haqqında Saziş imzalanıb. Saziş çərçivəsində Gürcüstan və Rumıniya arasında min meqavatadək gücə malik 1195 kilometr uzunluqda elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması planlaşdırılır. Kabel Azərbaycanda istehsal olunan “yaşıl enerji”nin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və oradan Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulub. Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan yaşıl enerjinin Avropaya ötürülməsi üçün birgə müəssisə yaradır.

Azərbaycan ümumilikdə 10 qiqavat enerjinin istehsalına dair Anlaşma Memorandumları imzalayıb. Hətta bunların üçdə biri və ya yarısı həyata keçirilərsə, bu, Avropa üçün əsas enerji mənbəyi olacaq. İdeya elektrik enerjisi həcmlərinin kabellə Gürcüstan sahillərinə, oradan isə Qara dəniz vasitəsilə Rumıniyaya ixrac etməkdən ibarətdir. Bu həcmlərin bir hissəsi şəbəkə üzərindən Türkiyəyə gedəcək.

Ümumiyyətlə, bugünkü şəraitdə qlobal dünya karbonsuz gələcəyə doğru addımlayır və bütün ölkələr bu prosesin fərqli mərhələlərindədir. Azərbaycan müəyyən mənada şanslıdır ki, kömürü enerji balansından çıxarmaq məcburiyyətində deyil, bunu onilliklər öncə edib. Həmçinin dövlətimiz hazırda külək və günəş enerisi sahəsində böyük layihələr həyata keçirir. Ölkəmiz Avropada “yaşıl enerji”nin iri tədarükçüsünə çevrilmək üçün uzun yol qət edəcək.

Cavid Əkbərov, “İki sahil”