Türkiyənin 2023-cü ildə ixracatı bir əvvəlki ilə görə 0,6 faiz artaraq ölkə tarixində rekord həddə - 255 milyard 809 milyon dollara çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Beləliklə, bu rəqəm bizim ortamüddətli proqram hədəfimiz olan 255 milyard dolları ötüb", - deyə Türkiyə prezidenti İstanbulda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2023-cü ildə idxal-ixracın əhatə dairəsi əvvəlki ilə nisbətən 0,8 faiz artaraq 70,7 faizə çatıb.
R.T.Ərdoğan 2023-cü ildə ölkənin xarici ticarət kəsirinin illik müqayisədə 3,2% azaldığını vurğulayıb.
Dövlət başçısı bildirib ki, Türkiyə 2024-cü ildə mal və xidmətlərin ixracını 375 milyard dollardan çox artırmağı hədəfləyir. “Türkiyənin bu məqsədə çatmaq üçün kifayət qədər imkanları var”, - deyə o qeyd edib.
Türkiyə Prezidentinin sözlərinə görə, investisiya artımı da son 2 ildə rekordlara imza atıb: “Faktiki olaraq, 2023-cü ilin üçüncü rübündə 14,7 faizlik investisiya artımı son 2 ilin ən yüksək səviyyəsini göstərir. 2023-cü ilin üçüncü rübündə mal və xidmətlər ixracının ümumi daxili məhsulun artımına töhfəsi 0,3 faiz bəndi təşkil edib”.