Türkiyə Zəngəzur dəhlizinin yaradılması layihəsinin 2029-cu ilədək həyata keçiriləcəyinə ümid edir.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyə KİV-ə açıqlamasında deyib.
"Bizim üçün bu dəhliz əvəzolunmazdır", - deyə Uraloğlu vurğulayıb.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin Azərbaycan hissəsi (Bakı-Horadiz arası) tamamlanmağa yaxınlaşır.
"Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 km təşkil edir. Bütünlükdə dəhlizin yaradılması prosesi 5 il davam edəcək. Yəni düşünürəm ki, 2028-ci ildə bütün işləri yekunlaşdıracağıq", - Uraloğlu deyib.
Onun məlumatına görə, Horadiz şəhərindən Naxçıvanın Ordubad şəhərinədək sahədə - Ermənistan ərazisindən keçən sahə istisna olmaqla - tikinti işləri davam edir.
"Naxçıvan Muxtar Respublikasını Türkiyə ilə birləşdirən təqribən 100 km uzunluqdakı mövcud yolun yenidən qurulması tələb olunacaq. Onun davamı İğdır-Qars dəmir yolu olacaq, artıq tender prosedurları aparılıb, tikintiyə bu il başlayacağıq", - deyə Uraloğlu qeyd edib.
Türkiyəli nazir, həmçinin, qeyd edib ki, son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən bu dəhlizlə bağlı müsbət reaksiyalar səsləndirilir, hərçənd əvvəl bu təşəbbüs irəli sürüləndə Ermənistan tərəfi mənfi reaksiya vermişdi.
"Zəngəzur dəhlizinin Ermənistana məxsus hissəsinin uzunluğu təqribən 43 km-dir. Razılıq əldə olunacağı təqdirdə, Ermənistan tərəfi dəhlizin tam yekunlaşmış hesab edilməsi üçün planlaşdırma və tenderlər həyata keçirməli olacaq", - o deyib.
Uraloğlu, həmçinin, İranın da öz növbəsində Azərbaycanı öz ərazisindən (Ermənistandan yan keçməklə) Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək yolun inşasına dair təşəbbüs irəli sürdüyünü və bununla bağlı müvafiq danışıqların aparıldığını qeyd edib.
"Zəngəzur dəhlizi Türkiyənin Orta Asiya və Türk dünyası ölkələrinə ən qısa yoludur", - deyə nazir əlavə edib.