İnflyasiya təkcə Azərbaycan üçün deyil, bütün ölkələr üçün qlobal problemdir. Sadəcə olaraq, müəyyən ölkələrdə bu prosesin artım dinamikası fərqli olur. Azərbaycanda da ərzaq inflyasiyasında digər qeyri-ərzaq məhsulları inflyasiyası və xidmətlərlə müqayisədə daha çox artım müşahidə edilir. Bu da tələbatın daha çox ərzaq məhsullarına olmasından və bu tip məhsulların maya dəyərinin artmasından qaynaqlanır.

Bu sözləri “İki sahil”ə iqtisadçı Eldəniz Əmirov son bir neçə həftə ərzində ərzaq məhsullarının qiymətinin artması haqda danışarkən deyib.
İqtisadçı son günlər ət məhsullarının qiymətinin qalxması məsələsinə də toxunub:
“Ətin qiymətinin qaxmasının səbəbləri çoxdur. Amma bu məhsulun qiymət artımı daha çox iki faktordan qaynaqlanır. Bu faktorlardan birincisi, biçənək, örüş və otlaq sahələrinin azalmasıdır. 2001-ci və 2022-ci illəri müqayisəli təhlil etsək görərik ki, bu illərdə Azərbaycanda kənd təsərrüfatı üçün yararlı torpaq sahələri 4 milyon 700000 hektardan bir qədər artıq olub. 2001-ci ildə biçənək, örüş və otlaq sahələri 2,6 milyondan çox olub. Lakin 2022-ci ildə bu rəqəm 2 milyon 400 minə qədər enib. Bu, 260 min hektarlıq bir azalma deməkdir. Bu sahələrin azalması təbii olaraq maldarlığa və ətin qiymətinə öz təsirini göstərir. Bu faktor yemin qiymətini artırır. Digər artırma da idxaldan asılılıq, yem məhsullarından, ələlxüsus da yem məhsullarını yetişdirmək üçün lazım olan vəsaitlərin o cümlədən, gübrənin qiymətinin qalxması, ölkədə su problemlərinin mövcudluğu, quraqlıqlar nəticədə yem məsulunun qiymətini kəskin artırır”.
E.Əmirovun sözlərinə görə, ətin qiymətinin artmasının qarşısını almaq hazırda mümkün deyil: “Sadəcə olaraq, məhsuldarlığı artırmaqla ətin qiymətinin kəskin bahalaşmasının qarşısını almaq olar. Ümumiyyətlə, gələcək kiçik ərazilərdə böyük istehsallar yaradanlarındır. Yəni, Azərbaycanda torpaq resursları məhduddur. Ona görə də, mütləq şəkildə hər ölkə vahidində daha çox məhsul əldə etmək Azərbaycanın yeganə çıxış yoludur”.
Sayalı Abasova