Azərbaycanda regionların inkişafına dair uğurla icra olunan bir neçə Dövlət proqramının nəticəsi olaraq bu gün ölkə iqtisadiyyatında ciddi yüksəlişlər mövcuddur. Xüsusilə Prezident İlham Əliyevin regionlara gerçəkləşən davamlı səfərləri və sözügedən Dövlət proqramlarının icrası ilə yerində tanış olması bir daha göstərir ki, bu sahə dövlət başçımız üçün prioritetdir. Ölkəmizin başçısı həmin səfərlərində yerlərdə investisiyaların qeyri-neft sektorunun inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə maraqlanır, qarşıya çıxan problemlərin aradan qaldırılması üçün icra strukturlarına zəruri tapşırıq və tövsiyələrini çatdırır. Bir sözlə, regionların inkişafı həm də ərzaq təhlükəsizliyinin təmini və qeyri-neft sektorundakı ixrac potensialımızın artırılmasına ciddi zəmin yaradıb.
Regionların iqtisadi inkişafı həm də sahibkarların sayının ildən-ilə artmasına səbəb olub. Belə ki, əgər 2002-ci ildə ölkədə cəmi 180 minə yaxın sahibkarlıq subyekti var idisə 2023-cü ilin sonunda qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1,4 milyonu keçib, aktiv vergi ödəyicilərinin sayı isə 713 min nəfərə çatıb. Ötən illərdə sahibkarlığın inkişafına dövlət dəstəyi də diqqətdə saxlanılıb. Bu məqsədlə Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin ayrılmasına ciddi önəm verilib. Dövlət büdcəsinə əlavə yük yaratmadan güzəştli kreditlərin reallaşdırılması kreditləşdirmədən geri qaytarılan vəsaitlər hesabına təmin edilib. Belə ki, son 20 il ərzində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 42,7 min investisiya layihəsinin maliyyələşdirilməsinə 2,8 milyard manat güzəştli kredit ayırıb ki, bunun da 75 faizi regionların payına düşüb. Nəticədə açılan çoxsaylı iş yerlərinın 80 faizi regionlarda gerçəkləşib. Ümumiyyətlə, 2004-cü ildən indiyədək bölgələrə yatırılan investisiyaların həcmi 104 milyard manat təşkil edib.
Regionların dinamik inkişafında sənaye parklarının və zonalarının yaradılması isə yeni mərhələ hesab edilir. İqtisadi Zonaların İnkişafı Agentliyindən mətbuata verilən açıqlamalarda bildirilir ki, hazırda Azərbaycanın iqtisadi rayonlarında 7 milyard manatdan çox investisiya layihəsi ilə 138 sahibkarlıq subyekti rezident statusu alıb. Ölkəmizdə 7 sənaye parkının (Sumqayıt, Mingəçevir, Pirallahı, Qaradağ, Ağdam, Balaxanı və «Araz Vadisi İqtisadi Zonası») və 5 sənaye rayonunun (Hacıqabul, Nefçala, Masallı, Sabirabad və Şərur) uğurlu fəaliyyəti təmin edilıib. Ölkəmizdə fəaliyyət göstərən 6 sənaye zonasına indiyədək 6 milyard manat investisiya qoyulub və 11 mindən çox daimi iş yeri açılıb.
Qarşıdakı illərdə sənaye zonalarındakı mövcud layihələrə daha 864 milyon manat sərmayə yatırılacağı və 6 min 700-dən çox daimi iş yerinin açılacağı planlaşdırılıb. Açıqlamada bildirilib ki, bu günədək sənaye zonalarında 11,1 milyard manat dəyərində məhsul istehsal olunub ki, onun da 3,6 milyard manatı ixrac edilib. 2023-cü ilin 10 ayı ərzində sənaye zonalarında fəaliyyət göstərən şirkətlər tərəfindən 2,4 milyard manat dəyərində məhsul satılıb, bunların 31 faizi (dəyəri 722 milyon manatdan çox) dünyanın 60-dan çox ölkəsinə ixrac edilib.
Bu gün işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına inteqrasiyası uğurla həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa-quruculuq prosesinə infrastruktur layihələrindən başlanılıb. Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: «Bu gün Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Halbuki mən ölkəmizin digər yerlərinə də müntəzəm olaraq gedirəm. Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz– bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün...».
Hazırda işğaldan azad edilən və minalardan təmizlənən ərazilərdə infrastruktur layihələri uğurla icra edilir. Dəmir və avtomobil yollarının çəkilişi, elektrik enerjisi, su təchizatı məsələləri, meliorativ tədbirlərlə bağlı layihələr reallaşdırılır. Qısa müddətdə yaşayış üçün hazır vəziyyətə gətirilən Ağalı, Talış, Zabux kəndlərində, Laçın və Füzuli şəhərlərində məskunlaşdırma davam etdirilir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü isə tikilir. Müasir beynəlxalq standartlar əsasında istifadəyə verilən aeroportlar nəinki iqtisadi, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu daha da gücləndirir. Ən diqqətçəkən məqam isə Azərbaycan dövlətinin bütün bu və ya digər layihələrin həyata keçirilməsinə çəkdiyi xərcləri daxili imkanlar hesabına reallaşdırmasıdır.
Xüsusi vurğulamaq lazımdır ki, Vətən müharibəsindəki tarixi qələbəmizdən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard dollar vəsait ayrılıb. Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla icra edilir. Beləliklə, işğaldan azad olunan ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasından, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq ölkəmizin inkişafına yeni təkan verəcək.
Elçin Zaman, «İki sahil»