Bu həm də dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstəyindən xəbər verir
Ötən ay Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirə keçirdi. Prezident İlham Əliyev müşavirədə çıxış edərək bildirdi ki, sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Qonaqlarının sayı baxımından dünyanın ən böyük tədbiri olan COP29-a Bakının ev sahibliyi etməsinə isə ötən illər ərzində dövlətimizin həyata keçirdiyi hərtərəfli inkişaf strategiyası, beynəlxalq arenada yürütdüyü diplomatik siyasət sayəsində nail olunub.
Məlumdur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü olaraq hər zaman iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması işinə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Bu baxımdan Prezidentin Sərəncamı ilə Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də təsadüfi deyil. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun, eləcə də Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası” elan olunması xüsusilə təqdirəlayiq addımdır. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. “Yaşıl enerji” növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Həmçinin vurğulanır ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Qeyd edək ki, hazırda iqlim dəyişikliyi fonunda planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurmadan ödənilməsi ən aktual məsələlərdəndir. Bu səbəbdən də dünya ölkələri karbon emissiyalarının azaldılmasına qarşı mübarizə aparır, tükənməz mənbələrdən alınan enerjiyə üstünlük verir. "Yaşıl enerji"yə keçid müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpaolunan enerji mənbələri ilə əvəz edilməsini özündə ehtiva edir. Texnologiyanın sürətli inkişafı və dünya ölkələrinin bu istiqamətdə müəyyənləşdirdikləri hədəflər isə "yaşıl enerji" keçidini sürətləndirir. Ölkəmizin də enerji təhlükəsizliyinə, xüsusilə "yaşıl enerji" siyasətinə keçiddə uzunmüddətli hədəfləri var. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mühit kifayət qədər bərpaolunan enerji mənbələrinin potensialından istifadə etməyə şərait yaradır. Ölkəmizin bərpaolunan enerji potensialı 27 QVt həcmində dəyərləndirilir ki, bunun da böyük əksəriyyəti günəş və külək enerjisinin payına düşür. Bununla yanaşı, Dünya Bankının təşəbbüsü ilə aparılmış araşdırmalara əsasən Xəzər dənizinin Azərbaycana aid olan hissəsində 157 QVt həcmində dənizdə külək enerjisinin texniki potensialı müəyyən edilib. Bu göstərici ölkəmizdə "yaşıl enerji"nin inkişafı üçün kifayət qədər böyük potensialın olduğunu deməyə əsas verir. Hazırda "yaşıl enerji" ilə bağlı əsas layihə Zəngəzur dəhlizi vasitəsilə ötürücü şəbəkəmizin genişləndirilməsidir. Bu istiqamətdə Prezident İlham Əliyevin 2022-ci il mayın 3-də "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalaması xüsusi əhəmiyyət kəsb edir.
Ümumilikdə, Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulmasına enerji dayanıqlığı ilə bağlı müasir çağırışlar və qlobal iqlim dəyişikliyi probleminin həllinə dəstək müstəvisində yanaşır. Bunun reallaşdırılması üçün isə Qarabağ və Şərqi Zəngəzurun geniş potensial imkanları var. 10 min kvadratkilometr ərazini əhatə edən "yaşıl enerji" zonası 7200 meqavat Günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Aparılan təhlilə əsasən, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə, 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çaylarının və digər kiçik çayların da böyük hidroenerji potensialı var. Həmçinin ilkin müşahidələrə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Sözügedən bölgələrdə artıq bir neçə su elektrik stansiyası inşa edilərək işə salınıb. Günəş, eləcə də külək stansiyalarının yaradılması ilə bağlı konkret planların da ardıcıllıqla həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Tarix boyu mənəvi enerji mənbəyimiz olan Şuşa da artıq "yaşıl enerji" zonası mərkəzinə çevrilir. Bu gün 4 min meqavatlıq külək və Günəş enerjisi layihələri üzrə əməkdaşlıq sənədinin imzalanması üçün məkan olaraq bu qədim mədəniyyət paytaxtımızın seçilməsi də təsadüfi deyil. Artıq "yaşıl enerji" sahəsində imzalanan faktiki müqavilələr də var. BP şirkəti ilə birgə hazırlanmış plana əsasən, Cəbrayıl rayonunda 240 meqavat gücündə Günəş elektrik stansiyası tikiləcək.
COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı müşavirədə Prezident İlham Əliyev demişdir: "Ancaq, təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq". Bir sözlə, COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanıb. Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiyyətlidir ki, bu, Azərbaycanın lokal antiterror tədbirlərindən iki ay yarım sonra verilib. Bu isə dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstəyindən xəbər verir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək.
Sevinc Azadi, “İki sahil”