02 fevral 2024 09:00
516

Martin Çunqonq: COP29-da parlamentlər iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox maliyyələşdirməyə təkan verməlidirlər

Azərbaycandakı COP29-da parlamentlər iqlim dəyişikliyi ilə mübarizəyə daha çox maliyyə vəsaitinin ayrılması üçün öz səlahiyyətlərindən istifadə etməlidirlər.

“İki sahil” xəbər verir ki, bunu Bakıda səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq Trend-ə müsahibəsində deyib.

"Azərbaycana yenidən səfər etdiyim üçün çox şadam. Bu ölkəyə ikinci səfərimdir. İlk dəfə Azərbaycana 2017-ci ildə səfər etmişəm və bu dəfə ölkənin inkişafının şahidi olmaqdan çox məmnunam. Özümü Azərbaycanda dostlar arasında hiss edirəm. Azərbaycandakı hakimiyyətlə müzakirələrim göstərir ki, Azərbaycan mənim təmsil etdiyim quruma, parlamentlərin qlobal təşkilatı olan Parlamentlərarası İttifaqa etimad göstərir. Əlaqələri gücləndirmək üçün birgə işləmək imkanımız və öhdəliyimiz var. Mən Parlamentlərarası İttifaqın bu təşkilatın çox fəal üzvü olan Azərbaycanla saxladığı əlaqələr kontekstində buradayam. Mən bu əməkdaşlığın həm Azərbaycana, həm də PAİ-yə fayda gətirən konkret sahələrdə gücləndirilməsi yollarını necə müəyyənləşdirə biləcəyimizi müzakirə etmək üçün buradayam”, - deyə o bildirib.

O qeyd edib ki, PAİ ilə Azərbaycan arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri iqlim dəyişikliyi ilə mübarizə ilə bağlıdır.

"Azərbaycan bu il COP29-a ev sahibliyi etmək üçün seçilib. Bu, həqiqətən də çox böyük məsuliyyətdir və mən bu sammitə ev sahibliyi etməyə razılıq verdiyinə görə Azərbaycana təşəkkür etmək istəyirəm. Bildiyimiz kimi, iqlim dəyişikliyi bəşəriyyət üçün ekzistensial təhlükədir. Bu, mənim Azərbaycan hakimiyyət orqanları ilə müzakirə etdiyim məsələlərdən biridir və mən çox şadam ki, Paris Sazişi kontekstində iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyət üçün bütün ölkələrin parlamentlərinin dəstəyini səfərbər etmək məqsədi ilə COP29 çərçivəsində parlament sammitinin təşkili üçün Bakıda parlamentin dəstəyinə arxalana bilərik”, - deyə PAİ-nin Baş katibi bildirib.

Çunqonq qeyd edib ki, COP29 kontekstində parlamentlərdən tələb olunanlar çox da çətin məsələ deyil.

"Biz dünya ölkələrinin konstitusiyalarında təsbit edilən parlamentlərin ənənəvi rolunu və preroqativliyini bilirik. Parlamentlər ölkələrin büdcələrinin tərtibinə cavabdehdirlər və onların bütün cəmiyyəti təmsil etmək öhdəliyi var. Biz istəyirik ki, onlar iqlim dəyişikliyi ilə bağlı səlahiyyətlərindən istifadə etsinlər. COP29 çərçivəsində qəbul edilən qərarlardan asılı olmayaraq, onların bir çoxunun milli səviyyədə qanunvericiliyə ehtiyacı olacaq", - deyə o bildirib.

PAİ-nin Baş katibi hesab edir ki, parlamentlərin iqlimlə bağlı fəaliyyətə daha çox maliyyə ayırmaq üçün öz səlahiyyətlərindən istifadə etməsi vacibdir.

"Dubayda, COP28-də qalıq yanacaqlardan təmiz enerjiyə keçidlə bağlı qərar qəbul edildi. Parlamentlər insanların artıq qalıq yanacaqlardan istifadə etməmələri üçün təmiz enerjiyə əsaslanan siyasətin qanunvericilikdə həyata keçirilməsinə necə kömək edə bilər? Hansı kompensasiya mexanizmləri yaradılmalıdır? Bu gün bir çox ölkələr qalıq yanacaqlardan asılıdır. Beləliklə, biz təkcə istehlakçılara deyil, həm də qalıq yanacaqları istehsal edənlərə fayda verəcək qalıq yanacaqlarına alternativləri necə müəyyən edə bilərik? Qanunvericiliyin formalaşdırılması və resursların təmin edilməsi məqsədi ilə parlamentdə müzakirə oluna biləcək mövzularından bəziləri bunlardır. Başqa hansı alternativ enerji mənbələrinin mövcud olduğunu öyrənmək üçün elmi ictimaiyyəti tədqiqatların aparılmasına cəlb etmək lazım gələ bilər. Ola bilsin ki, günəş və külək enerjisindən istifadəni genişləndirmək lazımdır", - deyə o bildirib.

Çunqonq qeyd edib ki, Azərbaycanda alternativ enerji istehsalı üzrə irimiqyaslı layihələr həyata keçirilir.

"Biz hökumətlərimizi qanunvericilik səlahiyyətlərimiz, nəzarət və hesabatlılıq mexanizmlərimiz vasitəsilə daha təmiz enerjiyə keçməyə sövq edə bilərik ki, yaxın gələcəkdə qalıq yanacaqlardan uzaqlaşaraq yaşıl enerjiyə keçsinlər", - deyə o bildirib.

Çunqonq daha sonra qeyd edib ki, əməkdaşlığın digər mühüm istiqaməti Azərbaycan və Ermənistan arasında sülh quruculuğu tədbirləri ilə bağlıdır.

O qeyd edib ki, PAİ regionda baş verən son hadisələrdən, Azərbaycanla qonşuları arasında olan münasibətlərdən xəbərdardır və PAİ bütün dünyada sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün yaradılmış bir təşkilat kimi tərəflərlə müzakirələr aparmağı zəruri hesab edir.

"Mən Azərbaycan hakimiyyəti ilə müzakirələr aparmışam və aldığım cavablardan məmnunam. İndiki mərhələdə biz prinsipial razılaşma əldə etməyə çalışırıq ki, PAİ hər iki ölkəyə bir araya gəlib müzakirələr aparmaq üçün parlament səviyyəsində platforma təqdim edəcək. Biz iki ölkənin parlamentlərinin yüksək səviyyəli rəhbərliyini müzakirələrə dəvət etməyi planlaşdırırıq. Biz diplomatiyanın ənənəvi formasını tamamlayan parlament diplomatiyasına inanırıq”, - deyə PAİ-nin Baş katibi bildirib. Biz parlamentariləri ilkin olaraq qeyri-rəsmi formatda görüş keçirməyə dəvət etmək istəyirik.

Çunqonq PAİ-nin irəli sürdüyü və Azərbaycandan dəstək alan təşəbbüsü həyata keçirməyə hazır olduğunu bildirib.

"Mən bu daimi dialoq platformasının yaradılması üçün Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanı Ermənistandan olan həmkarları ilə danışıqlar aparmaq üçün Cenevrəyə dəvət edəcəyəm. Ümid edirik ki, bu il martın 23-27-də keçiriləcək Parlamentlərarası İttifaqın növbəti Assambleyası zamanı belə bir görüşü təşkil edə biləcəyik. Bu yolla biz iki ölkənin parlamentləri arasında qarşılıqlı anlaşmaya nail ola biləcəyik. Bundan sonra biz iki ölkə arasında davam edən sülh danışıqlarının uğurlu nəticəsi üçün əlverişli mühit yaratmağa çalışa bilərik”, - deyə o bildirib.

Çunqonq əlavə edib ki, PAİ təşəbbüsünün məqsədi iki dövlət arasında danışıqlar yolu ilə hakimiyyətin etdiklərini təkrarlamaq deyil.

"Mən çox şadam ki, bu təşəbbüsə hər iki tərəfdən müsbət reaksiya var. Biz iki ölkənin parlamentləri arasında qarşılıqlı fəaliyyətə ümid edirik, çünki inanırıq ki, o, mümkün anlaşılmazlıqları aradan qaldırmaq və xoş niyyət yaratmaq üçün güclü potensiala malikdir”, - deyə PAİ-nin Baş katibi bildirib.

O qeyd edib ki, burada ilk növbədə müsbət qüvvələri səfərbər etmək lazımdır.

"Biz mövcud olan müsbət qüvvələrə arxalanmalıyıq və digər qüvvələrin dağıdıcı potensialını minimuma endirməliyik. Mən Prezident İlham Əliyevlə danışıqlardan çox məmnunam və bu danışıqlarda Azərbaycanın sülh prosesinin uğurla irəliləməsinə sadiqliyi ifadə olunub. Hər iki tərəfin danışıqlar prosesində marağı bizim üçün çox vacibdir. Mən müsbət qüvvələri cəlb etmək istəyirəm. Dediyim kimi, aldığımız cavabdan çox məmnunam”, - deyə Çunqonq bildirib.