12 fevral 2024 23:19
404

Elektrik enerjisi istehsalı nə qədər artacaq?

Bu il Azərbaycanda külək və günəş elektrik stansiyaları 669 milyon kVt/st elektrik enerjisi verə bilər. Artıq 2025-ci ildə isə 1,664 milyard kVt/st-a çıxış planlaşdırılır. 2026-2027-ci illərdə bu bərpaolunan enerji mənbələri (BEM) hesabına elektrik enerjisi istehsalı ildə təqribən 1,67 milyard kilovatt-saat səviyyəsində olacaq.

Gələn il ölkədə külək və günəş hesabına elektrik enerjisi hasilatında mühüm artım xüsusən 240 meqavatt gücündə Xızı-Abşeron külək elektrik stansiyasının (“ACWA Power” layihəsi) və Cəbrayıl rayonunda eyni gücə malik Şəfəq günəş elektrik stansiyasının (bp, SOCAR və Azərbaycan İnvestisiya Şirkətinin layihəsi) gözlənilən istismara verilməsi sayəsində olacaq.

Azərbaycan hökumətinin məqsədi 2028-ci ilədək elektrik enerjisi istehsalında BEM-in payını (bütünlükdə külək, günəş, su və bioxammal hesabına) hazırkı 20 faizdən (1688 meqavatt) 33 faizədək (1870 meqavatt) artırmaqdan ibarətdir.

2023-cü ildə BEM-dən hasil olunan elektrik enerjisinin həcmi 2,116 milyard kVt/saat olub. Ötən il su elektrik stansiyaları (SES) tərəfindən 1,757 milyard kVt/saat, külək elektrik stansiyaları (KES) tərəfindən 56,6 milyon kVt/st, günəş elektrik stansiyaları (GES) tərəfindən 79,4 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BMTZ) tərəfindən isə 223 milyon kVt/saat elektrik enerjisi hasil edilib.

Hesabat dövründə Azərbaycanda BEM sektorunun payı 7 faiz olub. Yanvar-dekabr aylarında İES-lər üzrə 27 160,4 mln. kVt/st, su da daxil olmaqla bərpaolunan enerji mənbələrindən 2 116,2 mln. kVt/st elektrik enerjisi istehsal edilib. Bütövlükdə, Azərbaycanda 29,277 milyard kVt/st elektrik enerjisi istehsal olunub. İxracın payına 3,253 milyard kVt/st, idxalın payına isə 211,8 milyon kVt/st elektrik enerjisi düşüb.

Belə ki, enerji satışından əldə edilən gəlirlər cari ilə ərzində dövlət büdcəsinin əhəmiyyətli hissəsini təşkil edəcək. Alternativ enerji mənbələri ilə yanaşı, təbii qaz satışından gələn valyuta axını da mühüm rol oynayır. 

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 2023-cü ildəki 2,4 faiz illik artımla müqayisədə 2,6 faiz artacaq. Bu barədə “Fitch Group”a daxil olan “Fitch Solutions” şirkətinə istinadən xəbər verir.

“Bu göstərici 2010-2020-ci illərdə qeydə alınan pandemiyadan əvvəlki 1,2 tendensiyasından əhəmiyyətli dərəcədə yüksək olaraq qalır”, - şirkətin hesabatında deyilir. Qeyd olunub ki, qısamüddətli və ortamüddətli perspektivdə Avropa İttifaqı (Aİ) enerji mənbələrini Rusiyadan şaxələndirməyə çalışdıqca Azərbaycan Aİ-nin təbii qaza artan tələbatından qazanır.

Azərbaycan Avropaya təbii qazı Cənub Qaz Dəhlizi (CQD) ilə ixrac edir. Dəhlizin son seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) kommersiya tədarüklərinə 2020-ci ilin sonunda başlayıb. 2023-cü ilin yekunlarına görə, Azərbaycan Avropaya 11,8 milyard kubmetr qaz tədarük edib. 2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin 2027-ci ilədək ikiqat artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar. TAP əlavə 1,2 milyard kubmetrin tədarükünə 2026-cı ildən başlayıb.

CQD-nin xərcləri bu il tamamilə layihələrdən gələn gəlirlər hesabına qarşılanacaq. “Cənub Qaz Dəhlizi” QSC 2014-cü ildə yaradılıb. Şirkətin səhmlərinin 51 faizi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsusdur.

Cavid Əkbərov, “İki sahil”