Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi ilə əlaqədar Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Culfa Rayon Mədəniyyət Sarayında tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Culfa Rayon İcra Hakimiyyəti başçısı vəzifələrini müvəqqəti icra edən Sara Hüseynova çıxış edərək Naxçıvan Muxtar Respublikasının 100 illiyinin Azərbaycanın bütövlüyü və suverenliyi təmin olunmuş şəkildə qeyd olunmasını böyük xoşbəxtlik kimi dəyərləndirib. Sara Hüseynova Prezident İlham Əliyevi Azərbaycan Respublikası Prezidentinin seçkilərində qazandığı möhtəşəm qələbəsi, eyni zamanda keçirilən andiçmə mərasimi, qalib dövlətimizə rəhbərliyinin davamı münasibətilə təbrik edib, ali dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Sara Hüseynova Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətini diqqətə çatdırmışdır. Vurğulanıb ki, Naxçıvanda müasir idarəetmə modelinin tətbiqi, aparılan institusional islahatlar, nəqliyyat imkanlarının genişləndirilməsi, Azərbaycanda ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublikanın yaşıl enerji zonası elan olunması, bütün bunların yekunu olaraq isə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması Naxçıvanda yeni inkişaf mərhələsinin əsasını qoyub.
Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov çıxış edərək Naxçıvan Muxtar Respublikasının zəngin tarixi keçmişindən bəhs edib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan videoçarx və "Ulu Torpaq-Ulu Öndər" filmi nümayiş olunub.
Tədbir Culfa Rayon Mədəniyyət Sarayının “Çeşmə” instrumental ansamblının hazırladığı konsert proqramı ilə davam edib.