Fevralın 26-da Sosial Tədqiqatlar Mərkəzində (STM) “Yeni tarixi mərhələ - yeni milli ideologiya” mövzusunda “dəyirmi-masa” keçirilib.
Milli Məclisin deputatlarının, elm adamları və araşdırma mərkəzlərindən qonaqların, media təmsilçiləri və tanınmış ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Xocalı soyqırımı qurbanlarının, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan STM-in sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu mövzu ətrafında bir sıra vacib məqamlara toxunub. O, milli şüurun formalaşmasının və inkişafının vacibliyindən, 2020-ci ildə baş verən Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində aparılan lokal xarakterli antiterror əməliyyatlarında qazanılan tarixi zəfərlərin önəmindən və digər məsələlərdən danışıb.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə çıxışında milli ideya mövzusu ilə bağlı öz fikirlərini bölüşüb. Qeyd edib ki, müasir tarixi mərhələdə yeni milli ideologiya əsaslı şəkildə qəbul edilir. Yeni milli ideologiya geosiyasi şəraitlə bilavasitə bağlıdır. Bu məsələləri dövlətimizin başçısı İlham Əliyev yaxşı görür. Hazırda ideyaların məcmusu olan milli ideologiyamız geosiyasi şəraitə tam şəkildə cavab verir. Yaddaş tarix, mədəniyyət və ideologiya, bunlar arasında münasibətlər kimi nəzərdən keçirilməlidir. İdeologiya yalnız tarix və ya mədəniyyət deyil, o, həm tarix, həm də ideologiyadır. Biz məhz milli ideologiyanın daşıyıcılarıyıq.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Etibar Əliyev maarifçilik ideyasından, müasir filosoflardan və yeni maarifçiliyə ehtiyacın olması kimi mövzulardan söhbət açıb. Bildirib ki, identiklik olduqca vacib məsələdir və Roma klubu kimi ideya mərkəzlərinin nümunəsi Azərbaycanda da yaradılmalıdır.
Milli Məclisin deputatları Bəhruz Məhərrəmov və Elşən Musayev də mövzu ətrafında öz fikirlərini bölüşüblər.
Daha sonra tədbir iştirakçıları mövzu ilə bağlı ideya və təkliflərini səsləndiriblər.
Sonda STM-də bu tip müzakirələrin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Cavid Əkbərov, “İki sahil”