40 yaşından yuxarı xanımlar kosmetoloji prosedurlar etdirməyə daha maraqlı olurlar
“Son zamanlar xanımların kosmetoloji prosedurlar etdirməyə marağının artmasının səbəbi daha baxımlı və özgüvənli görünmək istəkləri ilə bağlıdır. Həmçinin, gərginlik, daimi stress halında yaşamaq və yuxusuzluq, mobil telefonların şüalarını zərərləri, düzgün qidalanmamaq, gərgin iş rejimi və həyat tərzi, ətraf mühit, ekologiya təbii ki, üz dərisinə təsir edir. Nəticədə üz dərisinin rəngi boğunuq olur, üzdə yorğunluq sindromu yaranır, dəridə aşırı dərəcədə üzgün və yorğun ifadə yaranır”.
Bu fikirləri “İki sahil”ə açıqlamasında kosmetoloq Nura Azizi Rzayeva bildirdi.

Kosmetoloqun sözlərinə görə, “fast-food”la qidalanan, qazlı içkilərdən, baharatlı qidalardan istifadə edən, yeniyetməliklə, hormonal disbalansla əlaqədar olaraq aşırı iltihabi akne, demodekoz kimi üz dərisində problemi olan 18-25 yaş arasında xanımlara daha çox sızanaqların qurudulması, yağlılıq disbalansının aradan qaldırılması kimi müalicəvi prosedurlar edirik. 18-25 yaş arası üz dərisi təmiz olan xanımlara isə üz dərisinin təmizlənməsi üçün xüsusi baxımlar edirik.

30-35 yaşı arası xanımlar dodaq dolğusu, botoks üçün müraciət edirlər
Həmsöhbətimiz diqqətə çatdırdı ki, 30-35 yaşı arası xanımlar dodaq dolğusu, botoks üçün müraciət edirlər. Təbii ki, 25 yaşdan sonra xanımların üz dərisində kollagen və hilarion sintezinin azalması ilə əlaqədar olaraq üz dərisində müəyyən boşluqlar, mimiki, statistik qırışlar, cizgilər yaranır.

Bu yaş civarında olan xanımlara botoks, yəni göz ətrafı, ağız, burun ətrafında olan qırışların açılması üçün prosedurlar icra edirik. 40 yaşdan 65 yaşa qədər olan xanımlar daha çox üzlərinin düşməsi ilə bağlı yəni üzün aşağı üçdə bir hissəsində çənə ovalının dəqiqliyinin itməsi, ağız, burun büküşünə daha çox qırışların dərinləşməsi ilə bağlı müraciət edirlər. Əməliyyatı əvəz edən prosedurlar var - üzgərmə, hifu smas liftinqlə icra edərək onu aradan qaldırırıq.
Həmin qiymətlərə aldanıb prosedur edən xanımların 70 faizində sonradan fəsadlar yaranır
Kosmetoloq ucuz qiymətə təklif olunan prosedurlar etdirməyə maraqlı olan xanımlara üzünü tutaraq vurğulayıb ki, son zamanlar aparılan müşahidələr göstərir ki, müxtəlif sosial şəbəkələrdə sponsorlu reklamlar olur və bu zaman kosmetoloji prosedurların qiymətləri çox aşağı olur. Halbuki bu qiymətlər absurd dərəcədə endirilmiş qiymətlərdir və həmin qiymətlərə aldanıb prosedur edən xanımların 70 faizində sonradan fəsadlar yaranır. Çünki həmin preparatların mənşəyi bilinmir və təbii ki minimal məbləğə prosedur edən xanımlar düşünürəm ki, ancaq büdcəsini düşünüb prosedur edirlər. Öz gözəlliklərini və sağlamlıqlarını düşünmürlər.

Yəni, öz dərilərinə layiqli dəyər vermədikləri üçün sırf aşırı endirimli qiymətə olan prosedurlara maraq göstərirlər və dəfələrlə olub ki, botoksdan sonra fəsadlar yaranıb, pasiyentlər müraciət ediblər ki, göz qapağının ptozu, yəni düşməsi kimi problem, ikili görmə, qaşın düşməsi, ağız bucağının əyilməsi kimi şikayətlər, eləcə də müxtəlif pilinq prosedurlarından sonra üzdə çapıqlar yaranıb. Bu artıq xanımlar üçün ikiqat maddi ziyandır. Təbii ki arada olan mənəvi ziyan, bu dönəmdə sağalma prosesində üzün əvvəlki vəziyyətinə qayıtmaq dönəmində xanımlar kifayət qədər stress yaşayırlar, əsəb keçirirlər, bu da onların sağlamlığına üçqat və dördqat mənfi təsir edir.
Xanımlarımız yuxu rejimlərinə diqqət etsinlər

Müsahibimiz üz dərisini təravətli saxlamaq üçün xanımlara tövsiyəsində diqqətə çatdırıb ki, ən əsas əsəb və stressdən uzaq olun, çünki sinir hüceyrələri zədələnəndə bütün orqanizmə, üz dərisinə, saçlara, gözəlliyimizə təsir edir. Bol su için, “fast food”la qidalanmayın, meyvə və tərəvəzlər yeyin, sağlam həyat tərzi sürün, təmiz havada çox gəzin, mənşəyi bilinməyən üzə qulluq vasitələrindən istifadə etməyin. Xanımlarımız yuxu rejimlərinə diqqət etsinlər. Çünki qadınların gözəllik saatı gecə saat 10-dan səhər 6-ya qədərdir. Bu zaman ifraz olunan hormonlar qadının daha çox gözəl qalmasına zəmin yaradır.
Kosmetologiya doldurmaq, şişirtmək, qaş qaldırmaq deyil
Kosmetoloq xanımlara çağırışında diqqətə çatdırıb ki, kosmetoloji prosedur edərkən üz cizgilərini dəyişməyə meyilli olmasınlar. Təbii gözəlliyi tam dəyişməyə can atmasınlar, üz cizgilərinin təbiiliyini qorusunlar. Bəzi insanlar kosmetologiya dedikdə doldurmaq, şişirtmək, qaş qaldırmaq başa düşür. Kosmetologiya bu deyil. Kosmetologiya problemləri aradan qaldırmaq üçündür. Üzdəki problemləri aradan qaldırmaq lazımdır. Əlavə dolğu ilə şişirtmək lazım deyil.
Yaqut Ağaşahqızı, “İki sahil”