Azərbaycan dünyanın ən vacib təşkilatlarının, eyni zamanda, nüfuzlu konfransların daimi iştirakçısıdır. Dövlətimizin başçısının siyasi kursu dünya tərəfindən diqqətlə izlənilir və tədqiq edilir. Azərbaycan dünyanın üzləşdiyi mürəkkəb geosiyasi vəziyyətlərdə optimal həll yolları təklif edən dövlət kimi tanınır. Ölkəmizin mövqeyi dünyada bir sıra vacib qərarların alınmasına da birbaşa təsir göstərir.

Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “İki sahil”ə açıqlamasında bildirib.
T.Rzayev qeyd edib ki, Prezident İlham Əliyev XI Qlobal Bakı Forumundakı nitqində dünyanı narahat edən beynəlxalq məsələlər barədə tədbir iştirakçılarına öz fikirlərini çatdırdı. Dövlət başçısı vurğuladı ki, dəyişən dünyada yeni yanaşmaların işlənməsinə ehtiyac var. Forumda Azərbaycan öz həqiqətlərini təqdim etməklə yanaşı, geosiyasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına praktik olaraq töhfə verir.

Enerjiyə olan daxili tələbatını tam təmin edən Azərbaycan bir çox ölkələrin artan ehtiyaclarını təmin etmək üçün əlindən gələni edir. Bərpa olunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də qarşıdakı dövrün hədəfləri öz əksini tapıb ki, bunlardan biri işğaldan azad edilmiş ərazilərin «yaşıl enerji» zonasına çevrilməsidir. Azad edilən rayonlarımızın hər biri bu sahədə özünəməxsus potensiala malikdir. Hər bir beynəlxalq əhəmiyyətli tədbirin Azərbaycanın, o cümlədən iştirakçı dövlətlərin malik olduğu potensialın təqdimatında əhəmiyyətli rol oynadığını önə çəkən ölkə Prezidenti İlham Əliyev Forumdakı nitqində əsas diqqəti postmünaqişə dövrünün reallıqlarına yönəldərək Azərbaycanın regionda yeni əməkdaşlıq formatlarının müəllifi kimi mövqeyinin güclənməsindən, bu hədəflərə nail olmaq üçün bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasından bəhs edərək sülh müqaviləsinin imzalanmasının vacibliyini bəyan etdi.
Şəmsiyyə Əliqızı, “İki sahil”