10 iyul 2026 00:30
93

Tovuz döyüşləri: Zəfərə açılan cığır

Bu döyüşlərdən bir neçə ay sonra rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində xalqımızın başımıza gətirilən faciələrin, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların qisasını döyüş meydanında alaraq möhtəşəm Qələbə qazandı, xalqımıza böyük sevinc və qürur hissi yaşatdı

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış elə hadisələr var ki, onlar sadəcə bir mövqeyin qorunması deyil, bütöv bir millətin oyanışı və böyük Zəfərin başlanğıc nöqtəsi olur. 2020-ci ilin 12-16 iyul tarixlərində baş vermiş Tovuz döyüşləri məhz belə bir tarixi dönüş nöqtəsidir desək yanılmarıq. Ümumiyyətlə, ordumuz Zəfərə gedən yolu 2016-cı ilin şanlı Aprel döyüşlərində, 2018-ci ilin uğurlu Günnüt əməliyyatında, 2020-ci ilin Tovuz döyüşlərində addım-addım qət edib. Tovuz döyüşləri ölkəmizə qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti çirkin niyyətini öz başında çatladan uğurlu əməliyyatlardan biri kimi tarixə düşüb. Belə ki, Ermənistanın diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun mənfur niyyətinin qarşısını alıb.

Döyüşlərin birinci günündə - 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub və hücuma keçməyə cəhd göstəriblər. Lakin görülən adekvat tədbirlər nəticəsində düşmənə ciddi zərbə endirilib və o itki verərək geri oturdulub.

İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Bölmələrimiz düşmənin fəaliyyətinin qarşısının alınması məqsədilə cəza tədbirləri görüblər. Təxribatı davam etdirmək məqsədilə mövqelərimizə hücuma keçməyə cəhd göstərən qarşı tərəfin bu niyyətinin də qarşısı alınıb. Düşmən itkiləri barədə məlumatları gizlədib. Azərbaycan tərəfi isə heç bir ərazi itkisi verməyib. Döyüşlər zamanı dörd hərbi qulluqçumuz şəhid zirvəsinə ucalıb. Ordumuzun bölmələri şəhidlərimizin qanını yerdə qoymayıblar. Elə həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini minaatanlardan və toplardan atəşə tutublar. Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri həyata keçirilib. Ermənistan silahlı qüvvələrinin bir neçə hərbi obyekti və texnikası, həmçinin atəş mövqeləri, radiolokasiya stansiyası, şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib. Şiddətli döyüşlər iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində davam edib. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib. İyulun 14-də Ermənistan silahlı birləşmələri Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə məruz qoyub. Həmin gün döyüş zamanı müdafiənin ön xəttindəki Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də düşmən hücumunun qarşısını alarkən beş hərbi qulluqçumuz qəhrəmancasına şəhidlik zirvəsinə ucalıblar. Bu, Silahlı Qüvvələrimizin general və digər yüksəkrütbəli zabitlərinin əsl vətənpərvərliyini, cəbhənin ön xəttində döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetməsini dünyaya nümayiş etdirib. Həmin gün bu istiqamətdə ağır döyüşlər gedib. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutub. Bu hadisələrdən sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistana qarşı cəza əməliyyatının başlanmasına dair göstəriş verib. Ali Baş Komandan həmin günlər deyib: “Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”.

Tovuz döyüşlərinin əhəmiyyəti Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın düşmənə qarşı qəhrəmancasına döyüşən ordumuzla milli həmrəylik nümayiş etdirməsi idi. Belə ki, iyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərib. Növbəti günlərdən başlayaraq, çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət edib. Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident, Ali Baş Komandan İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışına səs verən minlərlə vətəndaşımız Xidmətin yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü şəkildə orduda xidmət etmək barədə arzularını bildirib və müvafiq qaydada qeydiyyata alınıblar.

Beləliklə, Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir nümunəsi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb və 1 mülki şəxs həlak olub. Bu döyüşlərdə düşmənin 100-dən çox hərbçisi məhv edilib, döyüş texnikaları sıradan çıxarılıb. Xalq bu döyüşlər zamanı şəhid olan öz mərd, vətənsevər oğullarını böyük izdihamla son mənzilə yola salıb.

2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərindən təxminən iki ay yarım sonra ordumuz, xalqımız üçün həlledici olan haqq savaşı başladı. Sentyabrın 27-də düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatı keçirən rəşadətli Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qalib gələrək torpaqlarımızı işğaldan azad etdi. Otuz illik əsarət dünyanın diqqətini cəlb edən möhtəşəm hərbi əməliyyatlarla sona yetdi. Şəhidlərimizin əziz xatirəsi daim hər bir azərbaycanlının qəlbində yaşayacaq, onların dillərə dastan olan qəhrəmanlığı əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçəcək.

Sevinc Azadi, “İki sahil”