Yollar ölkələri birləşdirir, xalqları bir-birinə yaxın edir, mədəniyyətləri qovuşdurur. Şərqlə Qərbi birləşdirən və Azərbaycanın da mühüm rol oynadığı tarixi İpək Yolu buna misaldır. Çindən başlayıb Orta Asiyadan, Qafqazdan və digər regionlardan keçərək Avropayadək çatan bu yol onun üstündəki ölkələrin əsas məhsullarının şərəfinə “İpək Yolu” adlandırılmışdır. Bununla belə, İpək Yolunun tarixi əhəmiyyəti yalnız yolboyu ölkələrdə ipəkçiliyin və ticarətin inkişafı ilə məhdudlaşmır. Bu yol qədim Çin mədəniyyətinin, orta əsrlər İslam intibahının nailiyyətlərinin Avropaya yayılmasında, eləcə də Avropadakı mühüm kəşflərin Asiyaya gəlib çatmasında mühüm rol oynamışdır.
Ölkəmizin coğrafi mövqeyinə görə o bütün nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir və Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Təsadüfi deyildir ki, tarixi İpək Yolunun bərpası üzrə ilk beynəlxalq konfrans 1998-ci ilin sentyabrında məhz Azərbaycanın paytaxtı Bakıda keçirilmişdir. Dünyanın 32 ölkəsinin, 13 beynəlxalq təşkilatın nüfuzlu nümayəndə heyətlərinin qatıldığı konfransda tarixi İpək Yolunun bərpası ilə bağlı maraqlı təkliflər səsləndirilmiş, bir sıra vacib sənədlər qəbul olunmuşdur. Hazırda qədim İpək Yolunun bərpası üzrə qəbul olunan TRASEKA layihəsinin reallaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir.
Azərbaycan İpək Yolunun bərpası ilə bağlı ötən müddətdə ilk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə geniş həcmdə investisiya qoyub, qonşularla bağlantı körpülərinin qurulmasını diqqətdə saxlayıb. Bununla da sözügedən istiqamətdə sonrakı proseslərin sürətlə aparılmasına əlverişli zəmin yaradıb. Qədim İpək Yolunun yenidən dirçəldilməsi qlobal və regional güclərin tarix boyu maraq dairəsində olub. Dünya Bankının proqnozlarına görə, əgər uyğun logistika və nəqliyyat şərtləri təmin olunarsa, 2030-cu ilə qədər Çin ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi 30 faiz artacaq. Amma bunun üçün tələblərə cavab verən nəqliyyat dəhlizinin olması vacibdir. Çin və Avropa dünyanın ayrı-ayrı nöqtələrində yerləşir. Bu coğrafi məkanların aralarında təxminən 9 min kilometr məsafə var. Ona görə də hazırda bu iki coğrafi məkanın arasında malların daşınması üçün yeni marşrutun seçilməsi bütün dünyanın diqqət mərkəzindədir. Orta Dəhliz adlandırılan marşrut bu layihəyə əsas namizəddir.
Azərbaycan Orta Dəhlizin inkişafına daim önəm verib, bu istiqamətdə reallaşdırılan layihələrin gerçəkləşdirilməsini diqqət mərkəzində saxlayıb. Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda aprelin 23-də keçirilən beynəlxalq forumda bu gün Orta Dəhlizə heç vaxt olmadığı qədər ehtiyac yarandığını, Çindən gələn və Azərbaycandan keçən yüklərin ildən-ilə artdığını vurğulayıb. Ölkə rəhbəri daha sonra deyib: “Ötən ay Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı biz Siandan çıxmış və Bakıya çatmış konteyner qatarının birgə qarşılanma mərasimini keçirdik. Beləliklə, bu, ölkələrimiz arasında əməkdaşlığımızın birgə nümayişi idi. Sözsüz ki, Qazaxıstanla Çin daha fəal əməkdaşlıq edir. Lakin Azərbaycanla Çin də əməkdaşlıqlarını çox ümidverici və çox nəticəyönümlü şəkildə inkişaf etdirir”.
Qeyd edək ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
2020-ci ildən etibarən Orta Dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm şəkildə konteynerlərin daşınması həyata keçirilir. Regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsi olan Orta Dəhliz iqtisadi baxımdan səmərəli olduğu kimi, onun siyasi əhəmiyyəti də az deyil. Belə ki, Asiya ilə Avropanı birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhliz ideyası dünyada baş verən gərgin geosiyasi proseslər fonunda meydana çıxıb. Azərbaycan şanlı Zəfəri ilə 30 ilə yaxın işğal altında qalan torpaqları azad etdikdən sonra regionun digər dövlətlərinin də beynəlxalq iqtisadi layihələrdə iştirakına imkan yaranıb. Eyni zamanda, bu Zəfər Azərbaycanın Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində mühüm tranzit məntəqəsi olmasını şərtləndirir.
Ölkəmizdə bütün nəqliyyat marşrutlarının, o cümlədən Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirilir. Bununla əlaqədar bir sıra mühüm layihələr və proqramlar reallaşdırılıb. Belə ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”, “Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” və s. müxtəlif istiqamətləri əhatə edən çoxsaylı proqramlar uğurla həyata keçirilib.
Azərbaycanın nəqliyyat dəhlizlərində rolunun artırılması baxımından ötən il noyabrın 23-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nın əhəmiyyətini də vurğulamaq lazımdır. Bütün bunların nəticəsidir ki, 2023-cü ildə respublikamızın nəqliyyat vasitələri ilə ölkə ərazisindən tranzit daşımalarının həcmi 3,8 dəfə artaraq 36 min 387 ədəd təşkil edib. Bununla yanaşı, son 3 ildə Azərbaycan ərazisindən istifadə etməklə avtomobil nəqliyyatı ilə tranzit yük daşımalarını həyata keçirən xarici ölkə, eləcə də Azərbaycan yük avtonəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə edilib. Ümumilikdə, avtomobil nəqliyyatı ilə tranzit yük daşımaları son 3 ildə 2,8 dəfə çoxalıb.
Göründüyü kimi, son illərdə Azərbaycan Orta Dəhlizin ən yüksək səviyyədə reallaşdırılması üçün öz üzərinə düşən işləri tam yerinə yetirib və yetirməkdədir. Bu gün Azərbaycanda bütün nəqliyyat layihələri – istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı - mövcuddur. Bir sözlə, Orta Dəhlizin tam olaraq reallaşdırılması üçün Azərbaycanda tələb olunan bütün faktorlar mövcuddur.
Nigar Orucova, “İki sahil”
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev