14 may 2024 11:03
553

Xoşbəxtliyə gedən yolun başlanğıcı...

Ölkəmizdə ta qədimdən ailə, ailə dəyərləri müqəddəs hesab olunub. İnsan bir ailədə dünyaya göz açır. İlk olaraq körpəlik, uşaqlıq, yeniyetməlik və gənclik dövrü yaşayaraq müəyyən bir yaşa gəlib çıxır. Gənclik yaş dövrü ilə yeni bir dünyaya qədəm qoyur. Sanki yenidən “anadan” olur. Həmin dünya ilə - bağladığın nigahla, kiçik dövlətini – ailəsini qurur. Ailənin təməl daşı sevgi, məhəbbətlə başlayarsa, daha güclü, uzunömürlü olur.

Qədimdən qalan toy adət-ənənələri ilə qurulan ailə xalqımızın düşüncəsində xoşbəxtliyə gedən yolun başlanğıcı kimi qəbul edilib. İki gün çəkən toy mərasimində bütün qohumların təbrikə gəlməsi, ağsaqqal və ağbirçəyin xeyir duaları, edilən şənliklər, oxunan bayartı, şeirlər yeni qurulan ailənin təməlini bərkitməyə, ailənin müqəddəsliyini bilməyə, onu qoruyub saxlamağa verilən öyüd-nəsihətlərdir. Bütün ailələr təməlini xoşbəxtçilik duaları ilə qoyanda, həmin ailə elə şən-firavan yaşayaraq ömrünü başa vurur.

Ailənin ən sevincli dövrü…

İki insanı bu dövləti qurmağa sövq edən sevgi toxumları, zamanla cücərməyə, inkişaf etməyə, çoxalmağa imkan yaradır. Və sevgi meyvəsi deyilən, Tanrı tərəfindən verilən övlad payı isə ailənin sütunlarını bərkidərək, möhkəmlik, dözümlük verir. Şair Səməd Vurğunun qələmə aldığı şeir misrası ilə desək:

Dünya bir evdirsə, övlad işıqdır,
Oğul arxadırsa, qız yaraşıqdır.

Bəli, yeni ailənin ilk övlad payı ilə hansı fəsil olamğına baxmayaraq evlərinə bahar fəslini gətirir. Yuvaya təravətli körpə nəfəsi, yeni cənnət qoxusu, gül ətri dolur. Bu nəfəslə evə sevgi, səmimiyyət, mehribançılıq, bağlılıq gəlir. Evin divarları sevgi ilə istinir. Bu isti ətrafa xoşbəxtlik, sevgi yayır. İki gəncin həyatı büsbütün dəyişir. Həm qayğıları artır, həm də körpəsinə verəcək sevginin, məhəbbətin, tərbiyənin məsuliyyətini daşıyırlar. Öz ailələrinin timsalını yenidən yaşayaraq uşaqlarını böyütmək üçün əl-ələ verib zaman axarında bir çətin, olduqca məşəqqətli yola addım atırlar. Bu yolun sonu uzun görünsə də, sevgi, məhəbbətin möhkəmliyini, iki gəncin səbrini sınağa çəkəcək. Və yol sonunu baba-nənə olmağa, nəvə-nəticə görməyə belə gətirib çıxaracaq. Elə bu illər içərisində insan ana-atasının qədrini bilməyə, baba-nənənin verdiyi ürəkdən gələn sevgi bağının səbəbini anlamağ başlayacaq. Ailənin, ailə dəyərlərinin nə qədər müqəddəs olduğunu daha yaxşı dərk edəcək.

Həyatda ən böyük adın daşıyıcıları…

Valideynlik – ana, ata adını qazanmaqla bu vəzifəni daşımağa başlayırsan. Bütün arzuların, qayğıların cəmləşir övladların üzərinə. Oğul ya qız fərq etmir, hər ikisi ailənin təməl daşı, xoşbəxtliyidir. Sevgi toxumlarını böyütməli, yetişdirməlisən. Övladların sənin atıq gələcəkdə görmək istədiyin prototipin olur. Qurduğun ailədə cəmləşir hamı. Aylar, illər keçir, zaman ötür. Onların hər bir qayğısını üstlənir valideyn. Yaşananlar, yaxşı və ya yaxşı olmayan hər nə olsa, sənindir. Yaxşı ilə qürurlanıb, daha yaxşı etməyə, yaxşı olmayanı isə yaxşılığa doğru dəyişməyə çalışır valideynlər. Və bu yolda çəkdiyi əziyyətlər, ağac barını verən kimi, valideynin övlad payında da bar-bəhrəsini verir.

Ailələrimizi qoruyaq nəyin bahasına olursa-olsun qoruyaq!

Xalqımızın çoxəsrlik ailə dəyərlərində dostluq, yoldaşlıq, sədaqət, vəfalı olmaq, vətənpərvərlik, birlik, etibar, hörmət aşılanır. Ailə dəyərlərimizdə nənə-babanın, ana-atanın, oğul-uşağın öz yeri, söz sahibliyi olubdur. Hər zaman böyük-kiçik yeri bilinər, ağsaqqal, ağbirçək sözü dinlənilər, məsləhətinə əməl olunardı. Bax bu cür ailələrdə böyüyən övladlar ailə dəyərlərini qoruyub saxlayar, ailəni müqəddəs bilərdilər. Lakin bu günkü cəmiyyətimizdə, bəzi gənclərimiz ailə dəyərlərini, müqəddəsliyini, qoruyub, saxlaya bilmirlər. Ailələrinə gələn bahar fəslini öz əlləri ilə qışa, şaxta, borana çevirirlər. Amma hər necə olur olsun bu buzları əritmək, evin dörd küncünü isitmək, xoşbətlik, sevgi toxumları əkmək insanın öz əlindədir. Çalışıb bütün çətinliklərin öhtəsindən gəlib, ailələrimizi qorumalıyıq. Nəyin bahasına olursa-olsun qorumalıyıq! Çünki yarım qalan ailələr necə ki, cəmiyyətdə yerini tuta bilmirlər, bax bu ailələrin övladları da gələcəkdə yarım həyata düçar olurlar. Bu yarımçıq həyat onların dünyaya yayacaq gülüş və sevgilərini əllərindən alır, simalarına ömürlük bir hüzn, kədər qonur.

Gəlin sevgi ilə həyatlar qurtaraq…

Bu dağılan kiçik dövlətimizi, ailələrimizi gəlin qoruyaq, uzun ömürlü, möhkəm sevgi sütunları ilə bərkidilmiş, məhəbbət ocağına çevirək.  Böyük sənətkar Teodor Drayzer demişdir: “Ancaq böyük məhəbbət ailə həyatındakı anlaşılmazlıqları aradan qaldıra bilər”. Gəlin sevgimizlə ailələlərimizə sahib çıxaq, sevginin bəxş etdiyi xoşbəxtliklə həm öz həyatımızda, həm də övladlarımızın həyatında gələcək güclü dövlətlər-ailələr quraq!

Səriyyə Salahova