17 may 2024 12:41
432

Mingəçevir Sukanal İdarəsində mülki müdafiə təlimi keçirilib - FOTO

Mülki müdafiə tədbirlər planına əsasən Mingəçevir Sukanal İdarəsinin  Sutəmizləyici qurğuları ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə təlimi keçirilib.

“İki sahil” xəbər verir ki, təlimə mülki müdafiə üzrə rəhbər, komandir-rəis heyətləri, mülki müdafiə dəstələrinin şəxsi heyəti cəlb edilib. Fövqəladə halların nəticələrinin aradan qaldırılmasında qarşılıqlı fəaliyyətin təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyinin və TƏBİB-in əməkdaşları da təlimdə iştirak edib.

Mülki müdafiə qərargahının rəisi, təlimin rəhbəri Cahangir Şərifov bildirib ki, nümunəvi obyekt mülki müdafiə təliminin keçirilməsində məqsəd əhalinin və işçilərin həyat və təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə əlaqədar mülki müdafiə qüvvələrinin daim yüksək hazırlıq vəziyyətində saxlanılması, fövqəladə hallarda fəaliyyət qaydalarının əməli surətdə öyrədilməsi, xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətin qərar qəbul etmək bacarığının və mülki müdafiə dəstələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsidir.

Təlim prosesində mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğının söndürülməsi, zəhərlənənlərin və dağıntılar altında qalanların axtarışı və xilas edilməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və işçilərin  təhlükəsiz ərazilərə təxliyyəsi ilə əlaqədar tapşırıqlar yerinə yetirib. Təlimdə Fövqəladə Hallar Nazirliyinin və TƏBİB-in qüvvələri ilə qarşılıqlı fəaliyyət uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Sonda təlimin nəticələri təhlil edilib, mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyətinə müvafiq tövsiyələr verilib.