Mayın 20-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 ili çərçivəsində “Sənayenin alternativ enerjidən istifadəyə keçidi: kadr hazırlığı üçün əsas çağırışlar” mövzusunda tədbir baş tutub.
“İki sahil” xəbər verir ki, tədbirdə qeyd olunan məvzu ilə bağlı çıxışlar dinlənilib və təqdimatlar edilib.
Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov iştirakçılara Mərkəzin fəaliyyəti ilə bağlı geniş məlumat verib. O, özəl-dövlət tərəfdaşlığının inkişaf etdirilməsinin, işəgötürənlərin təhsil prosesində aktivliyinin artırılmasının, yeni ixtisaslar üzrə əmək bazarının tələbatına uyğun kadr hazırlığının aparılmasının, alternativ və bərpa olunan enerji istiqamətləri üzrə avadanlıqlara xidmət sahəsində mütəxəssislərin hazırlanmasının prioritet məsələ olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olması, ətraf mühitin sağlamlaşdırılması, dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi istiqamətində həyata keçirilən tədbirlər, eləcə də peşə təhsilinin mahiyyəti və növbəti ildə bərpa olunan və alternativ enerji istiqamətləri üzrə yeni ixtisasların yaradılması haqqında danışıb.
Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun şöbə rəisi Valeh Nəsibov “Sənayedə bərpa olunan enerji mənbələrindən istifadə imkanları və enerji səmərəliliyi”, “Helind Enerji” MMC-nin təsisçi Orxan Quluzadə isə “Azərbaycanda bərpa olunan enerji sistemlərinin tətbiqi” mövzusunda təqdimatla çıxış edib.
Sonda tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.