30 may 2024 00:47
658

Hazırlıq davam edir - COP29

3000 könüllünün prosesə cəlb olunması gözlənilir

Bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Bəs belə bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi ölkəmizə nə verəcək?

Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi üçün seçilməsi Azərbaycan Prezidentinin  beynəlxalq aləmdə getdikcə artan nüfuzunun növbəti göstəricisidir.  Belə bir tədbirin ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Bu, bütün dünya ictimaiyyətinin Azərbaycana öz dəstəyini ifadə etdiyini bir daha təsdiqləyir. Bakıda COP29 konfransının keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. Yəni, burada yekdil mövqe ortaya qoyulub. Bütün bunlar o anlama gəlir ki, Azərbaycanın ölkə daxilində və regionda yaratdığı yeni reallıqlar BMT səviyyəsində qəbul olunur.

COP29-a ev sahibliyi hüququnun qazanılması həm də ölkəmizin “yaşıl” gündəliyə münasibətinin ifadəsidir. Son illər Xəzər regionunun Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilməsi təsadüfi deyil. Çünki dünyada neft-qaz ölkəsi kimi tanınan Azərbaycan Avropa İttifaqının prioritet elan etdiyi “yaşıl keçid” platformasının reallaşmasına da mühüm töhfələr verməyə çalışır. Heç şübhəsiz, bu da ölkəmizə olan inamı bir qədər də artırır. Elə COP29 kimi böyük bir tədbirə ev sahibliyinin Azərbaycana həvalə olunması da məhz bu inamdan irəli gəlir.

Ümumiyyətlə, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Bundan başqa, erməni faşizminin işğal dövründə xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları dövlətimizin başçısı tərəfindən “Yaşıl enerji zonası” elan edilib. Eyni zamanda, həmin ərazilərin dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, “ağıllı” şəhərlər, “ağıllı” kəndlər kimi innovativ yanaşmalara əsaslanmaqla və minlərlə hektar sahədə meşələri bərpa etməklə 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda Antiqua və Barbudada keçirilən 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində bildirib ki, Azərbaycan COP29-da inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iştirakına dəstək verəcək: “Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır”.

Odur ki, ölkəmizdə COP29-a ciddi hazırlıq görülür. Artıq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında könüllülərin iştirakını təşkil etmək üçün qeydiyyat prosesinə start verilib. Könüllülər ötən illər ərzində ölkəmizin ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərin icrasında olduğu kimi, qlobal əhəmiyyətli COP29-un təşkilində də mühüm rol oynayacaq. Belə ki, konfransın təşkilati işləri ilə bağlı zəruri əməliyyatların icrası məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkətinin fəaliyyəti çərçivəsində həm yerli, həm də xarici vətəndaşların, ümumilikdə isə 3000 könüllünün prosesə cəlb olunması gözlənilir.

Könüllülərin COP29 tədbirinə yüksək səviyyədə hazırlığının təmin edilməsi məqsədilə onlara peşəkar inkişaf, ətraf mühit və dayanıqlılıq kimi mövzuları əhatə edəcək bir sıra müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimlər könüllülərin İqlim konfransına hazırlıq mərhələsində hərtərəfli məlumatlandırılmaları və səriştələrinin artırılmasına xidmət edəcək. Bu baxımdan, COP29 Könüllülük proqramı ölkənin gələcək kadr potensialının formalaşmasında əhəmiyyətli rol oynayır. Daha öncə ölkəmizdə keçirilən müxtəlif irimiqyaslı tədbirlərdə könüllülük proqramının iştirakçısı olmuş gənclər hazırda COP29-un peşəkar komandasının üzvləridir.

Könüllülərin müasir tələblərə cavab verən fərqli sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsində COP29 Könüllülük proqramı xüsusi əhəmiyyət kəsb edir. Proqram çərçivəsində komanda ruhunun təşviqi, kollektivdə işləmək və ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur.

Nigar Orucova, “İki sahil”