Altı il öncə rəsmi açılışı olan Cənub Qaz Dəhlizi ilə ölkəmizin neft-qaz sənayesinin inkişafında yeni dövr başladı
Bu gün Azərbaycan regionda lider dövlət kimi qlobal layihələrin əsas təşəbbüskarı və iştirakçısı qismində çıxış edir. Bu mənada enerji layihələrini xüsusi olaraq qeyd etmək gərəkdir. 1994-cü il sentyabrın 20-də təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan “Əsrin müqaviləsi” Azərbaycanın maliyyə imkanlarının daha da artması, ümumilikdə gələcək inkişafı üçün böyük imkanlar açdı. Bu layihənin nəticəsi olaraq Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz əsas ixrac boru kəmərləri tikilib istifadəyə verildi. Bununla da ölkəmiz şaxələndirmə siyasətini uğurla həyata keçirərək, öz enerji resurslarının ixracı sahəsində geniş imkanlar qazandı.
Güclü, qüdrətli Azərbaycan Prezident İlham Əliyevin qətiyyəti sayəsində Cənub Qaz Dəhlizini reallaşdırmağı bacardı. 2018-ci il may ayının 29-da Səngəçal terminalında “Cənub Qaz Dəhlizi” layihəsinin təntənəli açılış mərasimi keçirildi. Bu möhtəşəm tədbirdə iştirak edən nüfuzlu xarici qonaqlar, dövlət və hökumət başçılarının orada səsləndirilən təbrikləri Azərbaycana, ölkəmizin irəli sürdüyü təşəbbüslərə böyük dəstəyin ifadəsi idi. Prezident İlham Əliyev mərasimdə çıxışı zamanı haqlı olaraq bildirdi ki, Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, Azərbaycan qarşıya qoyulan bütün hədəflərə çatdı və ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Dövlətimizin başçısının bu dəyərli fikirlərinə uyğun olaraq vurğulamaq lazımdır ki, Cənub Qaz Dəhlizi dünya enerji xəritəsinin şah damarıdır.
Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi çox məşəqqətli dövr yaşayıb. Belə ki, 1997-ci ildən bünövrəsi qoyulmuş bu dəhliz 2003-cü ildə layihənin rentabelsizliyi ehtimalı, eyni zamanda, digər təzyiqlərin və bürokratik proseslərin nəticəsi olaraq reallaşmamışdı. Lakin 2013-cü ildə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin dörd layihəsi – “Şahdəniz”, “Cənub Qafqaz Boru Kəməri”, TANAP və TAP-ın genişləndirilməsi ilə bağlı Sərəncam imzaladı. Bu 4 layihənin hər biri genişləndirilərək Cənub Qaz Dəhlizi formatında işə salınmasına gətirib çıxardı. Bununla da Azərbaycan qazı ilə Avropanın təchiz edilməsinə start verildi. 2014-cü ildə bu proseslərin hüquqi status alması, proseslərdə idarəçiliyin daha yüksək səviyyədə aparılması məqsədilə Prezident İlham Əliyev tərəfindən Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. 2015-ci ildən isə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantıları keçirilməyə başladı və bu günədək davam edir. 3500 kilometr uzunluğunda olan Cənub Qaz Dəhlizinin layihə dəyəri 40 milyard dolları ötüb.
Boru kəmərinin keçdiyi dağların hündürlüyü 2700 metrə çatır. Bu kəmər belə bir yüksəkliklərdən keçir. Bu da təbii ki, böyük əmək və uzun zaman tələb edir. Azərbaycan bütün yükü öz üzərinə götürərək, bu prosesləri nəhayət 2020-ci ildə yekunlaşdıraraq dekabrda Cənub Qaz Dəhlizinin açılışına nail oldu. Elə həmin vaxt Cənub Qaz Dəhlizi “Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilmiş qazı Avropaya çatdırdı. Ancaq bu hələ başlanğıc idi. Bunun ardınca dəhlizin genişləndirilməsi ilə bağlı işlərə başlanıldı. Bu zaman üç versiya var idi. Birinci versiyada Cənub Qaz Dəhlizinin layihə gücünün nəzərdə tutulan 10 milyard kubmetrdən 14 milyard kubmetrə qaldırmaq planlaşdırılırdı. 17,1 milyard kubmetrə çatdırılma ikinci versiya idi. Və nəhayət, üçüncü versiyada 20 milyard kubmetrə çatdırılması oldu. Təbii ki, həcm artdıqca daha çox investisiya və daha çox işlər tələb olunurdu. Bu proseslərin getdiyi bir dönəmdə başlayan Rusiya və Ukrayna müharibəsi məhz üçüncü versiyanın reallaşmasına gətirib çıxardı. Yəni, dəhlizin strateji əhəmiyyətini nəzərə alınaraq 24,5 milyard kubmetrə qədər artırılması məsələsi artıq təsdiqləndi. 2027-ci ilə qədər bu hədəfə çatılması nəzərdə tutulur. Yəni, Azərbaycan bu tarixədək Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Hazırda bu dəhlizlə 12-13 milyard kubmetrlik qaz ixrac olunur.
Ölkəmiz hasilatı mövcud qaz yataqlarında artıracaq və gələn illərdə isə yeni yataqlarda təbii qazın hasilatı gözlənilir. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən Azərbaycan Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırır.
Bu il Azərbaycanda 48 milyard kubmetrdən çox qaz istehsalı nəzərdə tutulur. İstehsal edilən qazın təxminən yarısı Türkiyə, Gürcüstan və Avropaya ixrac ediləcək. Ölkəmiz müəyyən bir artımla bu ixracı davam etdirmək niyyətindədir. Ötən il Azərbaycan Avropaya 11,9 milyard kubmetr, Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz ixrac edib.
Bu gün təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaş imici qazanıb. Neft-kimya məhsulları və elektrik enerjisi, həmçinin bu ixracın bir hissəsidir. Tam həqiqətdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzalayıb. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bir sözlə, bu gün Azərbaycan XXI əsrin layihəsini həyata keçirir və onun miqyası genişlənir.
Cavid Əkbər, “İki sahil”
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib