31 may 2024 01:58
585

«Yaşıl dünya naminə həmrəy olaq!» - COP29

Hər kəs görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulu dünya birliyinin ölkəmizə artan marağının, etimadının ifadəsidir

BMT Təhlükəsizlik Şurasına, Qoşulmama Hərəkatına uğurlu sədrliyindən sonra Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına sədrlik şansını qazanması sözünə imzası qədər dəyər verən Prezident İlham Əliyevin dünyada artan nüfuzunun, mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəmizin bu sahədə qazandığı uğurların nəticəsidir. Azərbaycanın xarici siyasətinin ən böyük nailiyyətlərindən olan COP29-a ev sahibliyi etməyimiz ölkəmizə qarşı qərəzli kampaniya aparan bəzi dairələrə də tutarlı cavabdır.

İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində enerji ilə təchizat məsələlərinə xüsusi diqqət göstərilməsi, alternativ enerji mənbələrindən istifadə ilə bağlı önəmli layihələrin həyata keçirilməsi Azərbaycanın yaşıl enerji gündəliyini daha da zənginləşdirir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəfdar olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizənin ön sıralarında addımlayan ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı perspektivlər müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. İşğaldan azad edilmiş ərazilərin «Yaşıl enerji zonası» elan edilməsi, 2050-ci ilədək «sıfır emissiya” zonası»na çevrilməsi ilə bağlı nəzərdə tutulan layihələrin icrası, ölkəmizdə enerji resurslarının, karbohidrogen ehtiyatlarının zənginliyi, iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində səylərin birləşdirilməsi proqnozların həlli imkanlarını artırır.

Ötən ilin sentyabrında Qarabağda aparılan qısamüddətli anttiterror əməliyyatından sonra bəzi Qərb ölkələrinin, xüsusilə Fransanın Azərbaycana əsassız ittihamlarının gücləndiyi bir məqamda ölkəmizə göstərilən etimad Prezident İlham Əliyevin «Bir də bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Bu, birinci dəfə deyil. Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir» sözlərinin təsdiqi idi.

Ölkəmizdə keçirilən Beynəlxalq Astronavtika Konqresindən sonra COP29-a ev sahibliyimiz məsuliyyətli olduğu qədər də şərəflidir. Son illərdə respublikamızda keçirilmiş tədbirlərlə müqayisədə iştirakçılarının say çoxluğu, beynəlxalq əhəmiyyəti, gündəliyi ilə seçilən COP29-a hazırlıq zəngin təcrübə tələb edir. 5 min idmançının, onları müşayiət edən təqribən 3 min qonağın iştirak etdikləri Birinci Avropa Oyunları ilə müqayisədə on minlərlə (ehtimallara görə, təqribən 70-80 min) xarici qonağın iştirakının nəzərdə tutulduğu COP29 –un möhtəşəmliyini təsəvvür etmək o qədər də asan deyil. İki həftə ərzində dünyanın diqqət mərkəzində olacaq Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı uğurları, milli-mənəvi dəyərlərimizi təbliğ etmək asan olmasa da, bu sahədə zəngin təcrübəyə malik xalqımız «noyabr sınağı»ndan da uğurla çıxacaq. Neft-qaz ölkəsi kimi qlobal enerji, nəqliyyat layihələrinin təşəbbüskarı olan Azərbaycan beynəlxalq səviyyədə göstərilən etimadı doğruldacaq. Hər kəs bir daha görəcək ki, cənnətməkan diyar olan Azərbaycanın gündəliyi yaşıl enerji ilə bağlıdır. Nəzərə alaq ki, alternativ enerji növlərinin yaradılması və «yaşıl enerji»nin dünya bazarlarına nəqli Azərbaycanın neft strategiyasının, enerji diplomatiyasının başlıca prioritetidir. Bu hədəflər reallıqdır və bütün dünya sözümüzün sahibi olduğumuzu bir daha görəcək. 2024-cü ilin Azərbaycanda «Yaşıl dünya naminə həmrəy olaq!» çağırışının elan olunması, COP29-un bu şüar altında keçirilməsi prioritetlərin istiqamətlərini müəyyənləşdirir.

ADA Universitetində keçirilən «COP29 və Azərbaycan üçün Yaşıl Baxış» adlı beynəlxalq forumda, Petersberq İqlim Dialoqunda və VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda COP29 və iqlim dəyişikliyi məsələləri ilə bağlı ölkəmizin qarşısında duran məsələləri jurnalistlərin suallarını cavablandırmaqla açıqlayan Prezident İlham Əliyevin vurğuladığı kimi, bu cür mühüm tədbirlər regional təhlükəsizliklə, enerji keçidi ilə bağlı Azərbaycanın yaşıl enerji gündəliyinin təqdimatıdır. Qarabağda yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması, işğaldan azad edilmiş ərazilərdə külək və günəş enerjisi layihələrinin reallaşması, Avropa İttifaqına qədər uzanan yaşıl enerji dəhlizlərinin gələcəyi və digər mövzular baxımından gündəlikdə duran məsələlərin müzakirələri qlobal siyasətin masasında aktuallığını qoruyan problemlərin həllinə öz töhfəsini verəcək. «COP29-un təşkil edilməsi, əlbəttə ki, məsuliyyətlidir və bu, hər kəsi məşğul edən tədbirdir. Ancaq bu işin strateji kommunikasiya tərəfi də var və strategiya nədən ibarətdir?» söyləməklə konfransın regional və beynəlxalq əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyev birgə səylərin, strateji kommunikasiya planının əhəmiyyətini yüksək dəyərləndirir. COP29-u sülh prosesinin, birlik və həmrəyliyin nəticəsi adlandıran dövlət başçımızın vurğuladığı kimi, başlıca hədəfin maliyyə ilə bağlı olmasına baxmayaraq müzakirələr zamanı dünyada sülhün, sabitliyin qorunmasına da diqqət yetiriləcək: «Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. Bu hal isə bizim heç də hər dəfə hər müstəvidə bir-birimizə qarşı addım atmalı olmadığımızı nümayiş etdirir. İlk dəfə idi ki, biz beynəlxalq arenada bir-birimizə qarşı addım atmaq məcburiyyətində qalmadıq. Yəni, biz qarşılıqlı dəstək verməsək də, bitərəf qaldıq və bunun özü də bir nailiyyət idi.»

Təcrübə göstərir ki, bu cür mühüm beynəlxalq əhəmiyyətli tədbirlərin məntiqi nəticəsi xalqlar və dövlətlər arasındakı birlik və həmrəylinin möhkəmlənməsidir. COP29-un respublikamızda keçirilməsi Azərbaycan ilə Ermənistan aprasında sülh danışıqlarında irəliləyişin nəticəsidir. «Bu gün Qafqaz qlobal miqyasda hadisələrin sürətlə inkişaf etdiyi bölgədir və onların düzgün məcraya yönəldilməsi üçün biz proaktiv olmalıyıq. Biz oturub gözləməli deyilik. Belə olduğu halda, biz uduzacağıq, rahatlaşmaq vaxtı deyil. İkinci Qarabağ müharibəsindən dərhal sonra deyirdim ki, bizim bu hadisəni qeyd etməyə vaxtımız yoxdur. Bu, belə də oldu. Biz bunu xüsusi qeyd etmədən işimizə davam etdik. Bu işlər davam edir, çünki görüləcək işlər çoxdur» sözləri ilə əsas məsələnin Cənubi Qafqazda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəldiləcəyini bildirən Prezident İlham Əliyev bölgə dövlətləri arasında məsləhətləşmələr formatının yaradılmasını gələcək əməkdaşlıq üçün faydalı, misilsiz fürsət adlandırır. Sülh şəraitində müstəqillik yoluna qədəm qoyan Baltik dövlətlərinin təcrübəsini, Sovet İttifaqının süqutu ilə yaranan geosiyasi vəziyyəti nəzərə alaraq ötən dövrlərdə dünya siyasətində yol verilən səhvlərin aradan qaldırılması, düzəldilməsi baxımından COP29 gözəl fürsət, gözəl nümunə kimi dəyərləndirənlərin sayının artması qarşılıqlı əməkdaşlığa töhfədir.

Bu ilin iyun ayının 4-6-da regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi keçiriləcək. Azərbaycanın dövlətçilik, neft tarixində xüsusi əhəmiyyətə malik, neft strategiyasının əsasını qoymuş «Əsrin müqaviləsi»”nin imzalanmasının və Beynəlxalq Xəzər Neft və Qaz «Caspian Oil&Gas”» sərgisinin təsis edilməsinin 30 illiyinə təsadüf edən Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkətin iştirakının nəzərdə tutulması COP29 hazırlığının ilkin mərhələsi kimi önəmlidir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində Bakı Enerji Həftəsinin proqramına «Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları”» adlı xüsusi sessiyanın keçirilməsinin əlavə olunması təqdirəlayiqdir. Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzulara Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi diqqət yetiriləcək.

Sadalananlar COP29-a rəsmi, dövlət səviyyəsində hazırlığın kiçik epizodudur. Bəllidir ki, ölkəmizdə reallaşan tədbirlərin hər biri Azərbaycana artan marağın ifadəsi olmaqla vətəndaşlarımızda qürur hissi yaradır. Paytaxtımızda aparılan bərpa-quruculuq işlərinin sürətlənməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi COP29-a mütəşəkkil hazırlığın nümunəsidir. Adətən deyirlər ki, Vətən sərhəddən başlanır. Hər bir sakinin vətəndaşlıq məsuliyyəti, yaşadığı ərazinin təmizliyi isə evinin kandarından, ərazinin səliqə –sahmanından başlanır. Bu baxımdan COP29-un keçiriləcəyi günlərdə ölkəmizə gələcək çoxsaylı qonaqları layiqincə qarşılamaq üçün hər kəs vətəndaşlıq borcunu, məsuliyyətini yerinə yetirməlidir. Unutmayaq ki, küçələrin, parkların, xiyabanların təmiz, səliqəli saxlanılması, adi yaşayış qaydalarına əməl olunması, ekoloji tarazlığın qorunması, doğma yurdumuz, şəhərsalma mədəniyyətimiz haqqında qonaqlarda təsəvvür yaradacaq. Birinci Avropa Oyunlarında ilk təcrübə olsa da özünü doğruldan könüllülərin COP29-da da fəal iştirakı paytaxt sakinlərinin tədbirə elliklə hazırlığının nümunəsi kimi dəstəklənir. Ölkəmizə beynəlxalq səviyyədə göstərilən etimadı, xalqımıza layiq qonaqpərvərliklə doğrultmaq ümumi işimizə dəstək, qüdrətli Azərbaycan naminə həmrəylik nümunəsi olmalıdır.

Xuraman İsmayılqızı, «İki sahil»