31 may 2024 23:58
526

Bəşəriyyət üçün çox mühüm olan yaşıl dünya yaratmaq - COP29-un hədəfi

Azərbaycanın keçdiyi inkişaf yolu, iqtisadi potensialı, enerji strategiyası və bu istiqamətdə perspektivləri imkan yaradıb ki, bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi ölkəmiz etsin

Bu gün Azərbaycan artıq dünyada çox böyük nüfuza malik dövlətdir. Bu səbəbdən də ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayı günbəgün artır. Əlbəttə ki, bütün bunların kökündə uğurlu xarici siyasət dayanır. Prezident İlham Əliyev hər zaman milli maraqlara söykənən müstəqil addımlar atır. Xarici dövlətlərlə əməkdaşlığa yüksək səviyyədə önəm verilir. İndi Azərbaycan yeni bir dövrə qədəm qoyub. Bu dövrdə isə Azərbaycanla daha çox dünya ölkələrinin əməkdaşlıq etmək istəməsi göz önündədir. Nüfuzlu beynəlxalq təşkilatların ölkəmizdə keçirilən tədbirləri də təsdiqləyir ki, Azərbaycan artıq dünyada sayılıb–seçilən, müstəqil siyasət yeridən, suveren dövlət imici qazanıb və bu sahədə zəngin təcrübəyə malikdir. 

Azərbaycan Qoşulmama Hərəkatında əlaqələndirici rolunu oynamaqda böyük təcrübəsi var və Hərəkata dörd il sədrlik edib. Ölkəmiz 120 üzv ölkə ilə həqiqətən də uğurlu əməkdaşlığa nail olub. Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamasını ölkəmizin beynəlxalq müstəvidə növbəti uğuru saymaq olar. Azərbaycan bu gün külək və günəş enerjisindən istifadə edən ölkələr siyahısındadır. Eyni zamanda, ölkəmiz bərpaolunan enerji mənbələrinin əsas ixracatçılarından birinə çevrilmək iddiasındadır və bunun üçün yüksək potensialımız mövcuddur. Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+ platformasının üzvüdür. Bu, əlavə üstünlükdür. Çünki təbii sərvətləri, xüsusən də neft və qazı zəngin olan ölkə iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır. Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və “qoca qitəyə” təbii qaz təchizatımız artmaqdadır.

Azərbaycan tam müstəqil siyasət aparır, dostlarını özü seçir ki, bütün bunlar da beynəlxalq səviyyədə respublikamıza ləyaqətli dövlət imici qazandırıb. Azərbaycan özünün xarici siyasətinin əsas missiyalarından birini uğurla bütün dünyaya nümayiş etdirir. Bu missiya qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə  bütün səylərin birləşdirilməsi, həmrəylik və dialoqdur. Bir sözlə, Azərbaycanın keçdiyi inkişaf yolu, iqtisadi potensialı, enerji strategiyası və bu istiqamətdə perspektivləri imkan yaradıb ki, COP29-a ev sahibliyi etsin.

Azərbaycanın yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək ölkə kimi seçilməsi Prezident İlham Əliyevin siyasətinin növbəti parlaq qələbəsid, dövlətimizin daha bir uğuru, eləcə də qlobal miqyasda güclü diplomatiyasının göstəricisidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Əlbəttə ki, Azərbaycanın beynəlxalq miqyaslı - BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurla sədrlik etməsi ona göstərilən etimadın, inamın göstəricisidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi uğurumuzda mühüm  rol oynadı. COP29-un ölkəmizdə keçirilməsi, həmçinin sülh prosesinin məntiqi nəticəsidir.

Azərbaycan qlobal iqlim dəyişmələrinə aid olan müxtəlif beynəlxalq qurumlara qoşularaq öhdəliklər götürməklə və ona layiqincə əməl etməklə dünya ölkələri arasında nümunəvi və ədalətli olduğunu sübut edir. Üzərinə götürdüyü öhdəliklərə sadiqlik, Azərbaycan Prezidenti tərəfindən elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” təşəbbüsü çərçivəsində uğurlu fəaliyyət və yeni təşəbbüslər Azərbaycanı dünyada qlobal iqlim dəyişmələri ilə mübarizə siyasətinə böyük töhfə verən uğurlu nümunə kimi tanıdır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin ölkəmizə həvalə edilməsi də bu fəaliyyətə verilən beynəlxalq qiymətin və göstərilən etimadın açıq təzahürüdür. Bütün bunlardan aydın olur ki, Azərbaycanın qlobal xarici siyasət kursuna keçməsi kifayət qədər ciddi hadisədir. Rəsmi Bakı bundan sonra da beynəlxalq aləmdə baş verən hadisələrdə daha fəal rol oynayacaq, hadisələrin nəinki iştirakçısı, həm də istiqamətləndirici olacaq. Tarixə düşəcək bu konfrans Azərbaycan dövləti və onun Prezidentinin dünyada qlobal məsələlərin həllində aparıcı rol oynadığını əyani surətdə göstərəcək.

Bütün sadalanan faktlar əsasında bu qənaətə gələ bilərik ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzühürü olacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”