BP gələn ilin əvvəlindən Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqları blokunda (AÇG) dərin laylardan qaz hasilatına diqqət yetirəcək.
“İki sahil” xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.
"Biz, 2025-ci ilin əvvəlindən "Azəri-Çıraq-Günəşli" yataqlarında dərin qaz layları məsələsinə diqqət yetirəcəyik", - Qəri Counz qeyd edib.
Qeyd etmək lazımdır ki, 7 fevral 2023-cü il tarixində AÇG-də istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun qazılmasına başlanılıb, aprel ayında quyu tamamlanıb.
AÇG-də dərin laylardan qaz hasilatının həyata keçirilməsi planları çərçivəsində ilk hasilat quyusunun qazılmasına bu ilin ikinci yarısında başlamaq planlaşdırılır.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq. (APA)