Elçin Məmmədov: Məqsəd bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılmasıdır
Köndələnçay çayının məcrasında tikilmiş ümumi su tutumu 3,9 milyon kubmetr (faydalı həcmi 3,6 milyon kubmetr), hündürlüyü 14 metr olan Köndələnçay-1 su anbarı 1962-ci ildə istismara verilib. İşğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində su anbarında müvafiq təmir-bərpa işləri həyata keçirilib. Bundan məqsəd bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılmasıdır.

"İki sahil"in Füzuliyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nümayəndəsi Elçin Məmmədov bildirib.
E.Məmmədov qeyd edib ki, ümumi su tutumu 9,5 milyon kubmetr (faydalı həcmi 9 milyon kubmetr), hündürlüyü 25 metr olan Aşağı Köndələnçay su anbarı isə 1980-ci ildə istismara verilib.

Burada daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət ölçü cihazları quraşdırılıb, qülləli suburaxıcının yükdaşıyan elementlərinin dəmir-beton konstruksiyaları, dib borusunun bütün mexaniki və qaldırıcı avadanlıqları, qurğunun estakadası metal və beton konstruksiyaları, eni 6 metr, uzunluğu 780 metr olan səthi sutullayıcının bütün beton konstruksiyaları, binanın mexaniki və hidromexaniki avadanlıqları yenidən qurulub, yarımstansiya və elektrik xətti bərpa olunub, Quruçay üzərində suqəbuledici qurğu tikilib.

Quruçaydan gələn sular su anbarına yönəldiləcək.