Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Yaxın Şərqdəki sabitliyin təminatçısıdır.
“İki sahil” xəbər verir ki, bunu “Atlantic Council" Qlobal Enerji Mərkəzinin baş direktoru Landon Derentz Bakı Enerji Forumunun II günündə "Neft axınları: Kross-loqistika və Azərbaycanda infrastrukturun inkişafı" mövzusunda plenar müzakirələrdə deyib.
O bildirib ki, Orta Dəhliz həqiqətən də böyük imkanlara malikdir: "Azərbaycanın dünyaya verdiyi imkanları maksimum dərəcədə artırmaq üçün məsələlərə Transxəzər obyektivindən baxmaq lazımdır. Orta Dəhlizin mərkəzi kimi Azərbaycanın əhəmiyyətini vurğulamaq vacibdir. Hesab edirəm ki, bu, Azərbaycanın rəhbərliyi, ölkənin resursları olmadan baş tutmayacaq".
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.
2023-cü ildə bu marşrutla 2,7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü il üçün perspektiv plan təxminən 4 milyon tondur.