Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib
Bu gün Azərbaycan dövlətinin prioritet vəzifələrindən biri rəqabətqabiliyyətli sənaye bazasının yaradılması və iqtisadiyyatı şaxələndirməkdir. İndiyədək bu istiqamətdə əldə edilmiş nailiyyətlər əsasən Azərbaycanın karbohidrogen və enerji ehtiyatlarının işlənilməsi sahəsində aparılan uğurlu siyasət nəticəsində mümkün olub. Son on ildə prioritet vəzifə iqtisadiyyatı şaxələndirmək, rəqabətqabiliyyətli sənaye bazasını yaratmaq, xidmət sektorunu inkişaf etdirmək və Azərbaycanı biznesin inkişafı üçün əlverişli şəraitə və cəlbedici vergi rejiminə malik ölkəyə çevirmək olub.
Ölkəmizin sənaye şəhərlərində infrastruktur layihələrinin icrası zamanı ən qabaqcıl texnologiyalar tətbiq edilir, iri sənaye müəssisələrində modernləşdirmə işləri aparılır. Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən artıq ölkəyə ixrac edilib. Konkret rəqəmlərlə ifadə etməli olsaq deyə bilərik ki, 2015-ci ildən 2024-ci ilin I rübünün sonunadək sənaye zonalarında 12,7 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,1 milyard manatlıq hissəsi ixrac olunub. Həmçinin cari ilin birinci rübündə sənaye zonalarında 640,3 milyon manatlıq satış həyata keçirilib ki, bunun da 223,6 milyonluq hissəsi ixracın payına düşür. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,6 faiz, ixracında isə 28,2 faiz təşkil edib.
2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,79 milyard manat olan 142 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,7 milyard manatdan çox investisiya yatırılıb və 10500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiyanın yatırılması və 6500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bu il ərzində Ağdam Sənaye Parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur. Dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam Sənaye Parkı yaradılıb. Park 190 hektar ərazini əhatə edir. Artıq Sənaye Parkının 60 faizdən çox hissəsi dolub, həmin ərazilər sahibkarların uzun müddətlik istifadəsinə verilib.
Digər sənaye zonaları kimi, Ağdam Sənaye Parkına da sahibkarlar tərəfindən böyük maraq göstərilir. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarından Sumqayıt Kimya Sənaye Parkından sonra ən çox rezident sayı hazırda Ağdam Sənaye Parkındadır. Hazırda Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 200,6 milyon manatdan çox olan 23 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu sahibkarlıq subyektləri tərəfindən Sənaye Parkında ümumilikdə 1900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bugünədək rezidentlər tərəfindən Sənaye Parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.
Hazırda Sənaye Parkında bir çox rezidentlər tərəfindən tikinti-quraşdırma işləri tam başa çatdırılıb. Yaxın vaxtlarda onların istehsal fəaliyyətlərinə başlamaları nəzərdə tutulur. Bəzi rezidentlər tərəfindən isə tikinti-quraşdırma işləri davam etdirilir. Bunların da bəzilərində işlərin bu il ərzində yekunlaşması planlaşdırılır. Ağdam Sənaye Parkında havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, tikinti materiallarının, dam örtüklərinin, boru və qutu profillərin, elektrik paylayıcı avadanlıqların və elektrik yuvaların, müxtəlif növ dəmir yolu avadanlıqların, divar kağızlarının, ayaqqabıların istehsalı və s. müəssisələrin bu il fəaliyyətə başlaması nəzərdə tutulur. Həmçinin hazırda Ağdam Sənaye Parkında dövlət vəsaiti hesabına rezidentlər üçün infrastrukturun qurulması, elektrik yarımstansiyasının, inzibati binanın tikintisi istiqamətində işlər davam etdirilir.
Cavid Əkbər, “İki sahil”