Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) təşəbbüsü ilə işğaldan azad olunan Füzuli rayonunda yeni istismara verilmiş Köndələnçay su anbarları kompleksinə və Füzulinin su təchizatı və kanalizasiya sistemlərinin yaradılması layihəsinin icrası və tikinti meydançası ilə tanışlıq məqsədilə bu şəhərə media-tur təşkil olunub.
Məqsəd bundan sonrakı istismar üçün normal vəziyyətinin yaradılmasıdır
Əvvəlcə media nümayəndələri yeni istismara verilmiş Köndələnçay su anbarları kompleksində yaradılan şəraitlə tanış olublar.
ADSEA-nın nümayəndəsi Elçin Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, Köndələnçay çayının məcrasında tikilmiş ümumi su tutumu 3,9 milyon kubmetr (faydalı həcmi 3,6 milyon kubmetr), hündürlüyü 14 metr olan “Köndələnçay-1” su anbarı 1962-ci ildə istismara verilib. İşğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində su anbarında müvafiq təmir-bərpa işləri həyata keçirilib. Bundan məqsəd bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılmasıdır. E.Məmmədov qeyd edib ki, ümumi su tutumu 9,5 milyon kubmetr (faydalı həcmi 9 milyon kubmetr), hündürlüyü 25 metr olan Aşağı Köndələnçay su anbarı isə 1980-ci ildə istismara verilib.
Burada daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət-ölçü cihazları quraşdırılıb, qülləli suburaxıcının yükdaşıyan elementlərinin dəmir-beton konstruksiyaları, dib borusunun bütün mexaniki və qaldırıcı avadanlıqları, qurğunun estakadası metal və beton konstruksiyaları, eni 6 metr, uzunluğu 780 metr olan səthi sutullayıcının bütün beton konstruksiyaları, binanın mexaniki və hidromexaniki avadanlıqları yenidən qurulub, yarımstansiya və elektrik xətti bərpa olunub, Quruçay üzərində suqəbuledici qurğu tikilib. Quruçaydan gələn sular su anbarına yönəldiləcək.
Köndələnçay su anbarları Füzulinin 6.2 min hektardan çox torpaq sahəsinin suvarılmasını təmin edəcək
Elçin Məmmədov qeyd edib ki, Köndələnçay su anbarları kompleksi vasitəsilə Füzuli rayonunun 6.2 min hektardan çox torpaq sahəsinin suvarılması təmin ediləcək. Su anbarları Füzuli rayonunun Dövlətyarlı, Yuxarı Yağlıvənd və Mirzəcamallı kəndləri ərazisində yerləşir. “Köndələnçay-1” su anbarında layihə əsasında torpaq bəndin yuxarı byefində dağıdılmış berma və bütün bənd boyu beton üzlük, qülləli suburaxıcı-sutullayıcının estakadası və çıxış hissəsi, eni 6 metr, uzunluğu 283 metr olan səthi sutullayıcı yenidən bərpa olunub.
“Köndələnçay-2” su anbarında isə daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub. Burada drenaj sistemi və nəzarət-ölçü cihazları quraşdırılıb, suburaxıcı borunun çıxış başlığının dağılmış beton hissəsi bərpa edilib, diametri 600 millimetr olan siyirtmələr yenilənib, aparıcı kanal lildən təmizlənib, qurğunun beton konstruksiyası, uzunluğu 177 metr olan səthi sutullayıcının dəmir-beton üzlüyü yenidən qurulub.
Füzuli şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq
Sonra KİV nümayəndələri Füzuli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yaradılması layihəsinin icrası və tikinti işləri ilə tanış olublar.
ADSEA-nın rəsmisi İlqar Tağıyev isə qeyd edib ki, Füzuli şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə rayonun Zərgər kəndi yaxınlığında ümumi tutumu 20 min kubmetr olan 4 mərkəzi su anbarının inşası başa çatıb. Hazırda anbarlarda borulama işləri həyata keçirilir: "Su mənbəyindən və anbarlardan götürülən suyun şəhərə ötürülməsi məqsədilə 10,7 km uzunluğunda magistral su kəmərlərinin inşası da yekunlaşıb. Füzuli şəhərinin içməli, tullantı və yağış suları şəbəkələrinin tikintisi yaşayış kompleksinin yaradılması layihəsi çərçivəsində həyata keçirilir.”
İlqar Tağıyev əlavə edib ki, şəhərdə 103 km içməli, 87 km tullantı və 100 km yağış su şəbəkələrinin inşası davam etdirilir: "Şəhərdə formalaşacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 15 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi layihələndirilib. Füzuli şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemi ilə təmin ediləcək."
Qeyd edək ki, Füzuli şəhərinin içməli və tullantı su sistemlərinin yaradılması layihəsi icra olunana qədər burada məskunlaşan əhalinin və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə ADSEA tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bu məqsədlə 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilərək istismara qaytarılıb. Eyni zamanda, su mənbəyində ümumi tutumu 100 kubmetr olan 2 sutoplayıcı rezervuar və nasos stansiyası, magistral su kəməri inşa edilib. Şəhərdə formalaşan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə təxirəsalınmaz tədbir kimi ümumi məhsuldarlığı sutkada 600 kubmetr olan 4 ədəd modul tipli təmizləyici qurğu quraşdırılıb.
Füzulinin su təchizatı layihəsi 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb
İlqar Tağıyev vurğulayıb ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan Füzuli şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsi 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla bu şəhərdə 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb.
İ.Tağıyev məlumat verib ki, Füzuli şəhərini və ətraf kəndləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə su mənbəyi olaraq subartezian quyuları seçilib: "Yeraltı su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verib. Bunu nəzərə alaraq rayonun Govşatlı kəndi yaxınlığında 15 subartezian quyusunun qazılması nəzərdə tutulub. Artıq 3 quyunun qazılması başa çatdırılıb.
Agentliyin rəsmisi vurğulayıb ki, şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.
Orxan Vahidoğlu, “İki sahil”
Bakı-Füzuli-Bakı