Bu gün Cənubi Qafqazın taleyində mühüm rol oynayan Azərbaycanın son illər yeritdiyi siyasət bütün bölgənin geosiyasi mənzərəsini dəyişməkdədir. Hazırda ölkəmiz həm region, həm də Qərb dövlətləri ilə enerji sahəsində əməkdaşlıq edir. Genişmiqyaslı enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm yer tutan ölkəmizin geosiyasi mövqeyi gündən-günə möhkəmlənir. Bu gün regionun və Qərbin Xəzərlə bağlı bütün layihələrində mərkəzi yer tutan Azərbaycan Şərqlə Qərbi birləşdirən bir körpü rolunu oynayır. Respublikamız həm də Xəzər hövzəsi dövlətlərinin Qərbə çıxış yoludur.
Azərbaycan Çinin nəhəng “Bir kəmər, bir yol” layihəsində iştirak etməklə, daha doğrusu, birləşdirici funksiyasını yerinə yetirməklə Şərqlə Qərbi birləşdirən körpü rolunda çıxış edir. Bu mənada ekspertlərin də dedikləri kimi, dünyanın iqtisadi nəhənglərindən olan Çinin Orta Asiya ölkələri vasitəsilə Azərbaycan üzərindən Avropaya yük daşıması ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Dünyada baş verən geosiyasi proseslər də Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini artırıb. Bu, özünü ölkə üzərindən daşınan yüklərin həcmində də göstərib.
Bu gün Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) daha da güclənməsinə böyük töhfələr verir. Prezident İlham Əliyev iyunun 5-də TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac olduğunu vurğulayıb. Bu gün nəqliyyat əlaqələrinin qurulmasının və genişləndirilməsinin Türk dünyasının birləşməsi ilə sıx bağlı proses olduğunu deyən ölkəmizin başçısı bildirib: “Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var”.
Mütəxəssislərin də qeyd etdiyi kimi, ölkəmizin COP29-a sədrliyi Orta Dəhlizin uğur qazanması üçün geniş imkanlar yaradaraq bu istiqamətdə yeni texnologiyaların, yeni yolların araşdırılmasını önə çıxarır. “Atlantic Council” Qlobal Enerji Mərkəzinin baş direktoru Landon Derentz Bakı Enerji Forumunun II günündə “Neft axınları: Kross-loqistika və Azərbaycanda infrastrukturun inkişafı” mövzusunda keçirilən plenar müzakirələrdə Yaxın Şərqdəki sabitliyin təminatçısı olan Orta Dəhlizin mərkəzi kimi Azərbaycanın əhəmiyyətini vurğulamağın vacibliyini diqqətə çatdırıb.
Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazilərindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan bu beynəlxalq marşrutla 2023-cü ildə 2,7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il üçün perspektiv plan təxminən 4 milyon tondur. Yeri gəlmişkən, Vaşinqtondakı Xəzər Siyasəti İnstitutu 2030-cu ilə qədər Orta Dəhliz üzrə ticarətin həcmini 11 milyon ton artırmaq potensialına malik olduğunu bildirib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan “Orta Dəhliz: perspektivlər və çağırışlar” panelində bildirdiyinə görə, bu marşrutla daşımaların həcminin orta və uzunmüddətli dövrdə 30 milyon tona çatdırılacağı plnalaşdırılır.
Diqqət ediləcək digər bir məqam da ondan ibarətdir ki, Orta Dəhliz üzrə tranzit müddətinin 2024-cü ildə 18-23 gündən 14-18 günə endirilməsi planlaşdırılır. Daha əvvəl isə bu marşrut üzrə malların çatdırılma müddəti 38-53 gün arasında dəyişirdi.
Bu günə kimi Çini Şərqi Avropaya birləşdirən ən qısa, etibarlı, səmərəli nəqliyyat layihəsi olan Orta Dəhlizin potensialının reallaşdırılması üçün çox ciddi layihələr həyata keçirilib. Birmənalı demək olar ki, hazırda Şərq-Qərb, Şimal- Cənub nəqliyyat dəhlizlərinin fəal aktorlarından olan Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi irimiqyaslı layihələr Orta Dəhlizin funksionallığının artırılmasına böyük töhfələr verəcək.
Zahid Rza, “İki sahil”