Beynəlxalq münasibətlərdə Azərbaycanın mühüm rol oynadığı platformalardan biri də Türk Dövlətləri Təşkilatıdır. Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu bir qurumdur. Azərbaycan və türk dövlətləri arasında dərin tarixi əlaqələr mövcuddur. Xalqlarımızın ortaq mədəni kökləri, çoxəsrlik qardaşlıq münasibətləri bugünkü dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Son 30 ildə Azərbaycan türk dövlətləri ilə həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə əməkdaşlıq edir, münasibətlər yüksələn xətt üzrə inkişaf edir. TÜRKPA-nın iyunun 6-da Bakıda keçirilən on üçüncü plenar iclası bu əlaqələrin inkişafında yeni bir mərhələdir.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, dövlət başçımızın son illər ərzində türk dövlətlərinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını daha da sürətləndirir. Prezident İlham Əliyev cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı bildirib ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir. Bildiyiniz kimi, mənim təşəbbüsümlə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur: "Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq." Beləliklə, bu gün Qarabağ Türk dünyasını birləşdirən mərkəzə çevrilir. Dövlət başçısı bu məqamı xüsusi olaraq qonaqların diqqətinə çatdırdı ki, Liderlərin Şuşadakı Zirvə görüşü bu birliyi daha da möhkəmləndirəcək.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan türk dövlətləri ilə həm energetika, sənaye-metallurgiya, nəqliyyat-logistika və digər sahələrdə sıx əməkdaşlıq edir və iri layihələr həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərin qeyd olunan sahələrdə böyük potensial var ki, bu da Azərbaycanla türk dövlətləri arasında yeni layihələrin reallaşmasına zəmin yaradır. Eyni zamanda azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək”.
K.Bayramov vurğulayıb ki, azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Həmçinin, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir.Azərbaycan və Türkiyənin ticarət dövriyyəsinin artması birbaşa Türk dövlətləri arasındakı münasibətlərin xüsusən son illər daha da genişlənməsi ilə əlaqədardır. Yaxın illərdə Türk dövlətləri ilə ticarət dövriyyəsinin 15 milyard dollaradək yüksəlməsi gözlənilir.
Şəmsiyyə Əliqızı, "İki sahil"