Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi və son illər keçirilən çox mühüm tədbirlərin genişləndirilməsi göstərir ki, Türk dünyası gündən-günə möhkəmlənir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında öz sözünü deməyə qadir olan bir mərkəzə çevrilir. Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən bir daha bu təşkilatın böyük gələcəyə malik olacağını diqqət mərkəzinə çəkib və bildirib ki, türk dövlətləri öz potensialına görə dünyanın ən aparıcı dövlətləridir.
Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “İki sahil”ə özəl açıqlamasında bildirib.
Tahir Rzayev qeyd etdi ki, onların birliyi həm milli təhlükəsizliyin təmin olunması, həm də bir çox vacib problemlərin aradan qaldırılması üçün əhəmiyyətlidir. Prezidentimiz qeyd edib ki, Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Həqiqətən də belədir. Çünki bu gün türk dövlətlərinin birləşməsi həm iqtisadi, həm mədəni, həm də milli təhlükəsizlik, müdafiə qabiliyyətinin yüksəldilməsində başlıca əhəmiyyətə malikdir. Bu, türk dövlətlərinin milli maraqlarına cavab verir və onların gələcək xoşbəxtliyinə hesablanıb.
Cavid Əkbər, “İki sahil”