Prezident İlham Əliyev TÜRKPA nümayəndə heyətini qəbul edərkən mühüm məsələlərə toxundu, regional təhlükəsizlik aspektləri ilə bağlı fikirlərini bölüşdü. Eyni zamanda, Ermənistanda revanşizm iddialarının hələ də saxlanılması şübhəsiz ki, regional təhlükəsizlik üçün təhdid yaratmaqdadır. Onlar bu iddialardan tamamilə imtina etməlidirlər. Bu ideyalara sadiqlik nəinki müxalifətdə, hakimiyyətə can atan qüvvələrdə, eləcə də iqtidarda var. Çünki revanşizm yolu ilə Azərbaycan ərazilərinin yenidən işğal olunması iddiaları sülhə və təhlükəsizliyə böyük maneə törətməkdədir.
Bu sözləri politoloq İlyas Hüseynov “İki sahil”ə açıqlamasında deyib.

Ekspert bildirib ki, eyni zamanda ATƏT-in Minsk qrupu formatında keçirilən danışıqlar tamamilə səmərəsiz oldu və Ermənistan bu yararsız qurumun buraxılması ilə bağlı açıq fikir ifadə etməlidirlər. Azərbaycan dəfələrlə bu mövzuda öz mövqeyini ortaya qoyub. Çünki Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar yaranıb və ATƏT-in Minsk qrupu tarixin arxivində qalıb. İki dövlət özü birbaşa dialoq yolu ilə danışıqlar keçirir. Bu danışıqların da praktiki nəticələri mövcuddur.
Digər tərəfdən Azərbaycan nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, təhlükəsizlik tədbirlərini davam etdirməlidir. Hətta sülh müqaviləsi olsa belə, təhlükəsizliyə böyük diqqət ayrılmalıdır, məhz bununla bağlı olaraq dövlətin çox mühüm strategiyası vardır. Türk modelində ordunun təkmilləşdirilməsi, müasirləşdirilməsi və yeni silahlarla komplektləşdirilməsi ən ümdə vəzifə hesab olunur.
Cavid Əkbər, “İki sahil”