Qardaş Türkiyə ilə Azərbaycan Respublikası istər çağdaş dövrümüzdə, istərsə də tarixi mərhələdə bir-biri ilə həmişə sıx bağlı olub. Bu da təsadüfi deyil. Bizim etnik kökənimiz bir-birinə bağlıdır. Qardaş Türkiyə, ondan öncə Osmanlı imperiyası, ümumiyyətlə isə tarixin qədim dövrlərində türk dövlətləri birbaşa Azərbaycana bağlı olublar. Azərbaycanın ərazisində qurulmuş dövlətlərlə təbii ki, türk dövlətləri olduğuna görə onlar da çağdaş Türkiyə dövlətinin ümumi ortaq tarixinin bir parçası olublar. Düzdür, arada bəzən müharibələr, müəyyən qarşıdurmalar və s. olub, amma bütün bunlar bizim eyni millətin fərdləri olmağımız gerçəyini heç vaxt dəyişməyib. Ona görə də müasir dövrün Azərbaycan Respublikası ilə qardaş Türkiyə Cümhuriyyəti bir bədəndə iki can kimidir. Yəni dünyanın hər tərəfində bizi belə qəbul edirlər və belə də varıq.
Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirdi.
Azər Həsrət vurğuladı ki, Azərbaycanla Türkiyə istər çətin günlərdə, istərsə də xoş günlərdə bir yerdədirlər. Qardaş Türkiyə həmişə Azərbaycanın çətin dövründə öz əlini uzadıb, Azərbaycana yardımçı olub. Azərbaycan da Türkiyə ilə müqayisədə nisbətən kiçik dövlət olsa da, ən çətin anlarında qardaş Türkiyəyə hamıdan tez əl uzadan dövlət olub. Eyni zamanda, Azərbaycan xalqı Türkiyə üçün, Türkiyə xalqı isə Azərbaycan üçün birmənalı şəkildə əlindən gələni edib və bundan sonra da edəcək. Bütün bunlar əlbəttə təsadüf deyil. Tarixi bağlardan danışdıq, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə qardaş Türkiyə Cümhur Başqanı Rəcəb Tayyib Ərdoğanın şəxsi liderlik keyfiyyətləri də bu məsələdə öz rolunu ciddi şəkildə oynayır.
Ekspert bildirdi ki, aramıza nifaq salmaq, bizi qarşıdurmaya sürükləmək istəyən güclər bölgəmizdə və dünyada var. Amma liderlərimizin ağıllı və uzaqgörən davranışı nəticəsində heç kim bizi bir-birimizə qarşı qoya bilmir, əksinə belə hücumlar, belə hərəkətlər bizi daha da yaxınlaşdırır. Prezident İlham Əliyevin qardaş Türkiyəyə səfəri də bu ruhda, bu ovqatda keçir. Qarşılanma törəni, ümumiyyətlə münasibətlər nə qədər yüksək səviyyədədir, bunu artıq deməyimizə də ehtiyac yoxdur. Bütün dünya bunu görür, belə də davam edəcəyik.
Cavid Əkbər, “İki sahil”