12 iyun 2024 11:09
304

AZANS CANSO-nun "Green ATM" akkreditasiya proqramına qoşulacaq

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatının (CANSO) "Green ATM" akkreditasiya proqramına qoşulmağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində bildirib.

"Bu da bizim hava hərəkətinin idarə edilməsində davamlılıq və innovasiyaya birgə öhdəliyimizi bir daha əks etdirir", - deyə o qeyd edib.

Nazir əlavə edib ki, CANSO-nun "Green ATM" proqramı kimi təşəbbüsləri karbon emissiyalarını minimuma endirmək və ekoloji cəhətdən təmiz təcrübələri təşviq etmək məqsədi daşıyır: "Davamlılıqdan danışarkən mən bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) xüsusi qeyd etmək istərdim. Bu konfrans zamanı dünya liderləri tərəqqini qiymətləndirmək və iqlim dəyişikliyi ilə bağlı ən yaxşı yolları müzakirə etmək üçün bir araya gələcəklər".

"Uçuş marşrutlarının optimallaşdırılması ilə yanacaq sərfiyyatının və karbon emissiyalarının 10 % azalda biləcəyi, dayanıqlı aviasiya yanacağının isə adi aviasiya yanacağı ilə müqayisədə istixana qazı emissiyalarını 80 % azalda biləcəyi təxmin edilir", - deyə R.Nəbiyev vurğulayıb.