15 iyun 2024 02:29
216

Makronun daha bir iddiası baş tutmadı

Fransa Prezidentinin  Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Qurumunun 60-cı sessiyasında azərbaycanlı jurnalistə qərəzli davranışı bumeranq effekti verərək özünün sifətinə çırpıldı

Bu il Bakıda keçiriləcək  Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) beynəlxalq səviyyədə  ciddi hazırlıq görülür. Xarici QHT-lərdən  ölkəmizlə həmrəylik ifadəsi olan  dəstək bəyanatlarının qəbulu davam edir.  Son dörd ayda 50-dən çox ölkəni təmsil edən 360-dan artıq QHT və ictimai fəal qurumlar tərəfindən  birgə bəyanatların qəbulu ölkəmizə maraqdan qaynaqlanır.  Beynəlxalq ictimaiyyəti düşündürən problemlərin həlli üçün Azərbaycandan səslənən çağırışlara dəstək göstərən dövlətlərin sayında da  artımlar hiss olunur. Qoşulmama Hərəkatına sədrliyi dövrünə təsadüf edən COVID19-la mübarizədə fəallıq göstərən, qüdrətli dövlətləri vaksin millətçiliyinə qarşı birgə  mübarizəyə səsləyən,  zəif inkişaf etmiş ölkələrə maddi yardımlar göstərən Azərbaycanın COP29-u da yüksək  səviyyədə təşkil edəcəyi   heç kimdə şübhə doğurmur.  Ölkəmizə inamın təcəssümü olan bu cür  bəyanatlarda  Azərbaycanın liderliyi təqdir edilir. Bu təşkilatlar arasında inkişaf etməkdə olan regionların təmsilçilərinin üstünlük təşkil etməsi də müşahidə edilir. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin dünya siyasətinin aktual problemlərinin həllinə yönələn qlobal təşəbbüsləri böyük maraqla qarşılanır, diqqətlə izlənilir və Azərbaycana  rəğbəti artırır. Xarici QHT-lərin bəyanatlarında Azərbaycana ümid yeri kimi yanaşılması bunun   bariz nümunələridir.

 Bu günlərdə  Almaniyanın Bonn şəhərində keçirilən BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Qurumunun 60-cı sessiyasında iştirak edən bir sıra QHT-lər Azərbaycanın COP29 ölkəsi  olaraq maraqlı tərəflərlə dialoq və əməkdaşlığı təşviq edən fəaliyyəti yüksək dəyərləndirilib. Tədbirdə qəbul edilən birgə Bəyanatda da  ölkəmizlə  həmrəylik nümayiş etdirilib. 31 ölkəni təmsil edən  102 QHT nümayəndəsinin və ictimai fəalın birgə rəyinin ifadəsi, dəstəyi olan Bonn Bəyanatında qeyd edilib ki, vətəndaş cəmiyyəti təşkilatları  monitorinqlər, dialoqlar təşkil etməklə iqlim dəyişmələri danışıqlarına  töhfələr verir, ictimaiyyəti məlumatlandırırlar.  Bəyanatda  yer alan «Azərbaycanın indiyədək ən inklüziv COP-a ev sahibliyi edəcəyinə inanırıq» sözləri mühüm tədirlərə ev sahibliyi  sahəsində zəngin təcrübəyə malik  ölkəmizə  qlobal inamın təzahürüdür.

 Bəyanatda, həmçinin qeyd edilir ki,  «həssas və təcrid» vəziyyətinə düşmüş icmaların, o cümlədən yerli xalqların, qadınların və gənclərin səslərinin danışıqlar prosesində eşidilməsini və nəzərə alınmasını təmin etmək vacibdir. Bəyanatda Azərbaycanın inkişaf etməkdə olan dünyanın ehtiyaclarını nəzərə alaraq, bu ölkələrdə yaşayan yüz milyonlarla insanın, o cümlədən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələri ilə bağlı çətinliklərinə xüsusi diqqətlə yanaşması inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında yeni maliyyə hədəfi üzrə konsensusa nail olacağına və hamı üçün bərabər və ədalətli gələcəyin qurulmasına doğru ciddi addımlar atacağına əminlik ifadə olunur. Bəyanat bu sözlərlə yekunlaşır: «Bonn konfransında iştirak edən vətəndaş cəmiyyəti təmsilçiləri iqlim sazişlərinin məqsədlərinə nail olmaq üçün bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır. Biz birlikdə əmin ola bilərik ki, COP29 dayanıqlı gələcəyə doğru mühüm mərhələni uğurla başa vuracaq”.»

Bu tədbir dünyada  nüfuzu möhkəmlənən ölkəmizə qərəzli münasibətlərə də aydınlıq gətirib. Azərbaycana beynəlxalq səviyyədə  ifadə olunan bu cür yüksək əminlik  Fransanın kefinə soğan doğrayıb.  

COP29-a ev sahibliyi edəcək  ölkəmizlə birbaşa  bağlı olan tədbirə azərbaycanlı jurnalistin iştirakına  Fransanın təkidilə  məhdudiyyət qoyması «Avropa demokratiyası»nın təzahürü kimi  narahatlıq doğurub. Məsələ ilə bağlı  mövqeyini rəsmi olaraq bildirən  Azərbaycan Mətbuat Şurasının Bəyanatında  qeyd edildiyi kimi,  Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovanın Almaniyanın Bonn şəhərində keçirilən seminarda iştirakına yol verilməməsi dərin təəssüf hissi doğurur. Fransanın təkəbbürü,  sifarişi səbəbindən meydana çıxan bu insident hüquq normalarını pozmaq, söz və ifadə azadlığını məhdudlaşdırmaqdır. Fransanın sifarişi əsasında  Azərbaycanın nüfuzlu mətbu orqanının əməkdaşı ilə bağlı yaranan insident söz və ifadə azadlığının beynəlxalq səviyyədə  məhdudlaşdırılması cəhdidir.

Bəyanatda, həmçinin vurğulanır ki,  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın bir çox ölkələrindən jurnalistlər dəvət edilib. O cümlədən azərbaycanlı jurnalistin də toplantıda iştirakı əvvəlcədən müəyyənləşdirilib və bu məqsədlə bütün zəruri prosedurlar yerinə yetirilib. Çoxgirişli Şengen vizası, seminara dəvət və digər sənədlər qaydasında olub. Nəticədə Azərbaycanın Almaniyadakı səfirliyinin və UNFCCC Katibliyinin səyləri ilə Almaniyanın rəsmi qurumları Fransanın tələbinin əsassız olduğunu görüblər. Bundan sonra A.Həsənovanın ölkəyə daxil olmasına, tədbirdə iştirakına  icazə verilib.

Fransanın Azərbaycana qarşı siyasi xarakterli,  qərəzli, beynəlxalq hüquqa,  adi etik normalara uyğun olmayan  hərəkəti ilk olmadığı  üçün təəccüb doğurmadı. Neokolonialist düşüncəsi  ilə öz ölkəsində təzyiq altında  saxladığı insanlara,   xalqlara qarşı antidemokratik  yanaşması Fransa Prezidenti Emmanuel Makronun azad sözə dözümsüzlüyünün  məntiqi nəticəsidir.  Fransanın bu hərəkəti bütünlükdə  media dəyərlərinə, azad sözə qeyri-etik  münasibətdir. Fransa nəzərə almalıdır ki, jurnalist fəaliyyətini məhdudlaşdırmaq cəhdi, eyni zamanda, demokratizmi, bəşəri prinsipləri heçə saymaqdır. Təəssüf ki, despotizm, zorakılıq, dini  radikalizmə dəstək, islamofob prinsipləri əsasında idarə olunan Fransada insani dəyərlərə, beynəlxalq hüquqa  hörmət çoxdan unudulub.  Mətbuat  Şurasının mövqeyi budur ki, Avropanın mərkəzində jurnalistə qarşı belə siyasi yanaşmanın tətbiqi  mənfi presedent yaradır.  Ona görə də bu cür halların təkrarlanmaması üçün lazımi tədbirlər görülməlidir.  Bəyanatda   belə bir əminlik ifadə edilir ki,   Avropanın və dünyanın mütərəqqi qüvvələrinin səyləri, prinsipial yanaşmaları nəticəsində Fransaya münasibətdə ciddi ictimai qınaq tədbirləri həyata keçiriləcək, ölkə bir daha belə qanunsuz və qərəzli metodlara əl atmağa cəsarət göstərməyəcək”.

Makronun media nümayəndəsinə bu cür hörmətsizliyinin insanlıqdan kənar, hələ dövlət başçısına heç yaraşmayan səviyyəsizlik  olduğunu diqqətə çatdırmaq üçün Prezident İlham Əliyevin saatlarla davam edən, bəzi hallarda qərəzli suallara  məntiqli,  ətraflı, faktlara əsaslanan cavablarının əksini tapdığı  müsahibələrini xatırlatmaq yerinə düşər. Demokratiyaya, söz mətbuat azadlığına  dəyər verən, siyasi əqidəsindən, Azərbaycana münasibətindən asılı olmayaraq bütün jurnalistlərə hörmətlə yanaşan  Prezident İlham Əliyevlə beynəlxalq hüquqa müstəmləkəçilik, neokolonialist baxışları  ilə  yanaşan  Makronu müqayisə etmək  təbii ki, qeyri-mümkündür. Daxili və xarici siyasətini humanizm, qarşılıqlı hörmət prinsipləri əsasında formalaşdıran  Azərbaycanın multikultural dəyərlərə sadiqliyinin beynəlxalq aləmdə dəstəklənməsi ölkəmizə gələn xarici jurnalistlər tərəfindən də yüksək  dəyərləndirilir. Makronun  azərbaycanlı jurnalistin Bonnda   keçirilən tədbirdə iştirakına  bilərəkdən  əngəl törətməsi Almaniya rəsmilərini də düşündürməlidir.  Beynəlxalq səviyyədə keçirilən  tədbirin təhlükəsizliyinin təminatı, yüksək səviyyədə təşkili həmin ölkənin səlahiyyətlərinə aid olmalıdır. Makronun Almaniyada  sərbəst olaraq şəxsi maraqlarına uyğun hərəkəti, sözkeçirmə iddiası Almaniyanın qanunlarına  müdaxilə  kimi dəyərləndirilməlidir.  Dövlətə başçılığın prinsip və idarəetmə prosedurlarının nə  olduğunu tam dərk etməyən, söz, mətbuat azadlığından xəbərsiz, şəxsi maraqları ilə  beynəlxalq hüquq normalarını dəyişik salan   Makron media ilə münasibətlərində də piyada olduğunu təsdiqlədi.

«Dördüncü Sənaye İnqilabı dövründə yeni media» adlı Şuşa  Qlobal Forumundakı çıxışı ilə bu sahədə də Makronu arxada qoyduğunu  yerli və xarici jurnalistlərə  hörmət və etiramı ilə bildirən Prezident İlham Əliyev təkcə Azərbaycanda deyil, dünyada  baş verən hadisələrlə  bağlı  çoxsaylı sualları əsl siyasətçi, natiq, beynəxalq hüquqa əsaslanmaqla   cavablandırmışdı.  «Bu gün isə biz yenə də öz həqiqətlərimizi sübut etməyə məhkumuq. Çünki bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə cəmiyyətdə mövcud olan həmrəylik və birlik, bax, bu üstünlüyü bizə təmin edir» söyləyən Prezident İlham Əliyev hazırlığı, təhliletmə qabiliyyəti, geniş dünyagörüşü, liderə xas sanbalı ilə   hər kəsi heyran etmişdi.  İşğalçı, terrorçu dövlət olan Ermənistanla həmrəy olan neokolonialist  Fransanın oxşar qaniçənlik mövqeyini dəfələrlə tənqid etmişdi.
 «Ermənistanın yaxın müttəfiqləri sayılan ölkələrlə də, - işğal dövründə, mən o dövrü nəzərdə tuturam, - bizim əlaqələrimiz uğurla inkişaf etdi. Biz o ölkələrə göstərməyi bacardıq ki, onların real olaraq həm siyasi, həm iqtisadi və digər maraqları məhz Azərbaycandadır, Ermənistanda yox. Bu amil də imkan verdi ki, həmin ölkələrin ermənipərəst mövqeyinə müəyyən dərəcədə düzəlişlər edilsin» sözləri birbaşa Makrona ünvanlanıb. Amma belə çıxır ki, qozbeli qəbir düzəldən kimi,   qarşıdakı günlərdə  Fransada keçiriləcək  Milli Assambleyaya seçkilərin  nəticələri Makronu   erməni sevgisindən ayıldacaq. Avropa Parlamentinə seçkilərdə  qutuda qalan partiyası kimi Makron da eyni aqibəti  yaşayacaq.

Xuraman İsmayılqızı, «İki sahil»