12 iyun 2024 11:53
867

Özümü hər zaman məhkəmə salonunda çıxış edən kimi xəyal etmişəm - İlahə Məhərrəmzadə

Xəbər verildiyi kimi, iyunun 11-də Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.  Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticə  göstərənlər sırasında 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı da var . O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb. 

"İki sahil" yüksək nəticə göstərən İlahə Məhərrəmzadə ilə həmsöhbət oldu.

İlahə Məhərrəmzadənin sözlərinə görə, maksimum nəticə göstərmək həmişə hədəfi olub: "Hədəfimə çatdığım üçün çox sevincliyəm. Qəbul imtahanında  yüksək bal topladığımı bildiyim an hədəfinə çatdığım üçün qürurlandım."

Qəbul imtahanının sualları ilə haqqında danışan müsahibimiz vurğuladı ki,  Azərbaycan dili və tarix fənnindən olan suallar bir o qədər də çətin deyildi: ”Ədəbiyyat fənnindən düşən suallar kifayət qədər vaxt aparan idi. Zənnimcə, bu sualllar bir qədər düşündürücü və çaşdırıcı idi.”

Həmsöhbətimiz  bu sevincli xəbəri ilk olaraq  anası ilə bölüşüb:"Cavablar öyrənərkən yanımda anam olduğu üçün ilk onunla bölüşdüm, daha sonra isə atamla bölüşdüm, ardınca isə digər yaxınlarım xəbər tutdular."

Çox oxumaqla yanaşı düzgün və səmərəli oxumaq vacibdir

Müsahibimiz uğurunun sirrindən də söz açdı, abituriyentlərə tövsiyələrini də verdi: "Uğurun sirri əzmli və iradəli olmaq, həmçinin çox oxumaqla yanaşı düzgün və səmərəli oxumaq məni yüksək nəticəyə yaxınlaşdırdı. Yüksək bal toplamaq istəyənlər əvvəla, Dövlət İmtahan Mərkəzinin testlərinə xüsusi diqqət etməlidirlər, sınaqlarda mütəmadi olaraq iştirak etmələri də vacibdir."

İlahə qəbul imtahanında göstərdiyi yüksək nəticədə payı olanlara "İki sahil" vasitəsilə  təşəkkürlərini belə çatdırdı: "Başda məktəbimizin direktoru Sadiq Rəhimov olmaqla, məktəbimizin bütün kollektivinə təşəkkür edirəm, hər zaman məktəb rəhbərliyi, müəllimlərim tərəfindən mənə göstərilən qayğı uğurumda əvəzsiz rol oynadı. Bununla yanaşı, xüsusi  olaraq, vurğulamaq istərdim ki, sinif rəhbərim və Azərbaycan dili, Ədəbiyyat müəllimim İlahə müəllimə mənim uğurumun başlıca səbəbidir. Həmçinin tarix müəllimim Sədaqət müəlliməyə əziyyətlərinə görə minnətdaram. Hər iki müəllimim  imtahanlar ərəfəsində ən böyük motivasiya qaynağım oldular, yüksək nəticəmdə onların payı əvəzsizdir. Onlara nə qədər təşəkkür  etsəm, yenə  də azdır."

Yüksək nəticə göstərən abituriyent arzularından və gələcək planlarından da söz açdı:" Kiçik yaşlarımdan özümü hər zaman məhkəmə salonunda çıxış edən kimi xəyal etmişəm. Bu, mənim uşaqlıq arzumdur.  Ona görə də ali təhsilimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsi üzrə almaq istərdim. 4 il bakalavr təhsilimi aldıqdan sonra xaricdə magistr təhsili almaq və ölkəmə professional bir hüquqşünas kimi dönmək istəyirəm."

Yaqut Ağaşahqızı, " İki sahil"