15 iyun 2024 00:00
366

Çağdaş tariximizin 15 İyun salnaməsi

Azərbaycan xalqının həyatında bir sıra tarixi günlər vardır ki, əbədi olaraq yaddaşlara silinməz izlər buraxıb. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan 15 İyun - Milli Qurtuluş Günü bu sırada özünəməxsusluğu ilə seçilir və əbədiyyətə qədər xalqımızın qəlbində yaşayacaqdır.

Bu möhtəşəm gün artıq 3 ildir ki, Zəfər simvolumuz Şuşanın şahidliyi ilə  imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" ilə birgə qeyd olunur. Bu mənada bu gün bayram bayrama qovuşub desək, səhv etmərik. Şübhəsiz, həmin möhtəşəm sənədin 15 iyunda imzalanması hər şeydən əvvəl, iki qardaş xalqın Ulu Öndər Heydər Əliyevə verdiyii yüksək dəyərlə yanaşı, bu dəyərli sənədin 15 İyun - Milli Qurtuluş Gününün ruhuna uyğun gəlməsindən irəli gəlib. Elə bu səbəbdən Milli Qurtuluş Gününün əzəmətini zirvələrə qaldıran həmin sənədi çağdaş tariximizin 15 İyun salnaməsi də adlandırmaq olar.

Bəri başdan qeyd edək ki, Qarabağ Zəfərindən sonra regiona sülh, sabitlik və inkişaf vəd edən strategiya kimi  həyata vəsiqə qazanan bu möhtəşəm sənəd özündə iki qardaş ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini əyani şəkildə əks etdirir. Şuşa Bəyannaməsində elə bir real və potensial əməkdaşlıq sahəsi yoxdur ki, həmin sənəddən kənarda qalmış olsun. Hətta bu tarixi sənəd  enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi kimi mühüm məsələləri də ehtiva edir. Artıq üç ildə bu kimi məsələlərin bir çoxunun reallaşdırılması istiqamətində ciddi işlər həyata keçirilib. Şuşa Bəyannaməsi türk dünyasının birləşməsinə, Azərbaycan-Türkiyə birliyinin formalaşmasına da ciddi stimul verib. Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyəti ilə görüşü zamanı belə bir əməkdaşlığın bütün türk dünyasında bərqərar olmasını arzulamaqla yanaşı, Türkiyə-Azərbaycan tandeminin digər türk dövlətləri üçün də yeni fürsətlər yaratdığını bildirib: “Bir-birimizi qoruyuruq. Baxın, Türkiyə və Azərbaycan 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışlar və rəsmi müttəfiq olmuşlar. Yəni bu müttəfiqlik ən yüksək əməkdaşlıq formatıdır. Hər zaman bütün məsələlərdə bir-birimizin yanındayıq. Bir məsələ çıxan kimi, necə deyərlər, avtomatik rejimdə, gözüyumulu bir-birimizin yanındayıq. Bu birlik bütün Türk dünyasında olmalıdır və ondan sonra heç kim bizim işimizə müdaxilə edə bilməz”.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan indiyədək bir çox dövlətlərlə ən yüksək səviyyədə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalayıb. Amma onların arasında Şuşa Bəyannaməsi çəkisində olan, daha mühüm əhəmiyyət kəsb edən digər sənəd yoxdur.

Bəyannamədə daha çox diqqət çəkən bir məqam da var. Belə ki, Qars müqaviləsinə istinad edilən həmin sənəddə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına,  təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid, təcavüz  edildiyi təqdirdə bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərmək də əksini tapıb. Sənəddə qeyd olunduğu kimi, bu yardımın qədəri və forması təxirə salınma­dan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək, birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyacları­nın ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq. Bəyannamə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsini də nəzərdə tutur. Obrazlı şəkildə desək, bununla da iki ölkə hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırıb. Şübhəsiz, dünyanın mizanının pozulduğu bir dönəmdə bu, böyük tarixi uğurdur. Şuşa Bəyannaməsini "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" söyləyən Mustafa Kamal Atatürkün, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" deyən Heydər Əliyevin arzularının reallığı kimi dəyərləndirmək daha doğru olardı. 

Bu məqamda bir məsələni də vurğulamaq yerinə düşər. İkinci Qarabağ müharibəsinin başlandığı andan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edərək dedi ki, Azərbaycan tək deyil. Şübhəsiz, bu siyasi, mənəvi dəstək həm ölkəmizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Bu mənada əminliklə deyə bilərik ki, tarixi Zəfərimizdə Türkiyənin rolu danılmazdır. Dövlət başçımızın sözləri ilə desək, Azərbaycan buna qardaş ölkənin dəstəyi ilə nail oldu. İki dövlət arasında belə bir prosesin möhkəm təməli isə  Ümummilli Lider Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə Türkiyə ilə qurulan qardaşlıq münasibətləri əsasında atılmışdır Şuşa Bəyannaməsi bu qardaşlığın qarşılıqlı təsdiqi idi. Daha doğrusu, Şuşa Bəyannaməsi Qurtuluşumuzun məntiqi nəticəsi və Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsi deməkdir. Belə ki, bu sənədlə qardaş dövlətin strateji, hərbi müttəfiqliyi rəsmiləşdirilib.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının zirvə nöqtəsi, strateji tərəfdaşlığın yeni mərhələsidir. Bu, Cənubi Qafqaza yeni nəfəs gətirib. Şübhəsiz, Bəyannamədən irəli gələn strateji vəzifələrin yerinə yetirilməsinin davam etdirilməsi ölkəmizin regional güc mərkəzi kimi beynəlxalq arenada da mövqeyinin möhkəmlənməsinə yeni  töhfələr verəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”