26 iyun 2024 03:02
298

Zombiləşmiş Makron insanlığa qarşı

Fransa günahlarının arxasında gizlənə bilməz

Fransa müstəmləkəsi olan Yeni Kaledoniyada kanak xalqına qarşı başladılan diskriminasiya davam edir. Müstəmləkəçi Fransa rejimi 9 nəfərin həyatına son qoyan, 300-dən çox insanın yaralandığı iğtişaşların səbəblərini guya  araşdırmağa başlayıb. Halbuki, orada dinc etirazçıları öldürən də, yaralayan da, onların insan haqlarını ayaqlar altına atıb təhqir edən də qəddarlıqda ad çıxarmış Fransa polisinin özüdir. Ədalətsizliyin və insan əleyhinə cinayətlərin baş alıb getdiyi bu kiçik ölkədə hazırda paradoks ondan ibarətdir ki, öldürənlər və döyənlər öz qurbanlarını həm də ittiham edirlər. "İnsan haqları" deyib bağıran səlahiyyətli beynəlxalq təşkilatlar isə bu qanlı tamaşaya seyrçi münasibət göstərirlər.

Bunun nəticəsi olaraq təqsirləndirilən şəxslərdən 7 nəfəri - etiraz aksiyalarının təşkilatçısı Kristian Teyn və digərləri Fransaya gətirilib. Hiss olunur ki, prezident Emmanuel Makron görünməmiş sərtlik nümayiş etdirərək bölgədə Fransanın idarəetməsini bərpa etmək üçün heç bir cinayətdən çəkinmir.

Politoloqlar proqnoz verirlər ki, həbs olunanlar alçaldılaraq azadlıq mübarizəsinə görə deyil, guya silahlı soyğunçuluq və adam öldürməyə cəhddə ittiham oluna bilərlər. Yeni Kaledoniyanın müdafiə hərəkatının rəhbərinin həbs olunması və Parisə gətirilməsi əslində, rəsmi Parisin zülmkar idarəçilik üsulunun ötən yüzilliklər ərzində dəyişmədiyini göstərir. Bu hadisə Fransanın müstəmləkə işğalına qarşı üsyan qaldıran Haiti üsyançılarının lideri Fransua Tussen-Luvertyurun taleyini xatırladır. O da 1802-ci ildə sülh əldə olunmasına baxmayaraq evində həbs olunub Fransaya aparılmış və 1803-cü ildə burada For-de-Ju qəsrində ölmüşdü. Bu hadisədən 200 ildən çox vaxt keçməsinə baxmayaraq, Fransa hələ də koloniyalarında azadlıq mübarizəsinin liderlərinə qarşı eyni metodları tətbiq edir. Bu mənada Kristian Teynin vətənindən uzaqda işgəncələrə məruz qalacağını, qondarma ittihamlarla üzləşəcəyini və həyatnın təhlükədə olacağını demək olar.

Teynin vəkilləri onun siyasi oyunların qurbanı olduğunu bildirirlər. Lakin Fransanın daxili işlər naziri Jerald Darmanin Teynin başçılıq etdiyi  qrupun guya "mafioz xarakterli" bir qurum olduğunu bildirib.

Əvvəllər Azərbaycanın Yeni Kaledoniyada baş verən hadisələrdə əli olduğunu iddia edən Dermanin bu dəfə də səsləndirdiyi iddialarını konkretləşdirməmək, əsaslandırmamaq qərarına gəlib. Çünki əlində dəlil-sübut yoxdur. Yeni Kaledoniyada baş verən hadisələr prezident Emmanuel Makronun diktator metodlarından istifadə etməsi anlamına gəlir. İndiyə qədərki törədilən hər şey Fransa hüquq-mühafizə orqanlarının repressiya dalğasını sona qədər aparacağı kimi görünür. Yeni Kaledoniyadakı iğtişaşlarla bağlı həbslər prezident Emmanuel Makronun populyarlığını artırmaq üçün müəyyən fürsət də ola bilər. Fransada çoxları onu kifayət qədər qətiyyətli və ağıllı lider hesab etmir. Bundan başqa o, Afrikada Fransanın təsirini qoruyub saxlaya bilməməkdə ittiham olunur. Bu kontekstdə Yeni Kaledoniyada yerli kanak xalqının konstitusiya dəyişikliyinə qarşı etirazlarını fürsət bilən Makron öz sərt, diktator yanaşmasını burada tam göstəmək imkanı qazanıb. O, Yeni Kaledoniyanın əsas adası olan Qrande Terrə səfəri zamanı etirazçılara qarşı sərt olacağını, onlara heç bir güzəşt olunmayacağını bildirib. Bundan əvvəl də insan hüquqlarının kobud şəkildə pozulduğu Fransa Olimpiya Oyunları ərəfəsində repressiyalarını artırıb.

Maraqlıdır ki, hər fürsətdə digər ölkələrdə insan hüquqlarının pozulmasını iddia edən, zəif ölkələrdə baş verən prosesləri mikroskopla izləyən Avropa İttifaqı, ABŞ və beynəlxalq insan hüquqları təşkilatları Fransanın cinayətlərinə göz yumurlar.  Fransanın müstəmləkəsində yerli xalqların etirazlarını boğmasına, hüquqlarını pozmasına, onları kütləvi həbs etməsinə, bəzi hallarda isə işgəncələrlə öldürməsinə susqunluq Qərbin insan haqlarının pozulması hallarına seyrci yanaşdığını, əsl məqsədlərinin heç də xalqların hüquq və azadlıqların təmin olunması deyil, geosiyasi maraqlarını hər şeydən üstün tutduğunu göstərməkdədir. Bu, artıq "müasir" dünyada bir cəngəllik qaydasına çevrilib. Ona görə də beynəlxalq təşkilatlara inam qalmayıb. Kim görmür ki, həmişə zəif tərəf haqsız çıxarılır. Gözə kül üfürmək zamanı çoxdan keçib. Heç kim günahının, cinayətinin arxasında gizlənə bilməz. Müasir dünyada hər bir hərəkətin mahiyyəti ovuc içindəki kimi görünür, cənablar!

Vəli İlyasov, "İki sahil"