Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı, “Ali riyaziyyat və informatika” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Rövşən Xəlil oğlu Vəliyevin anadan olmasının 70, əmək fəliyyətinin isə 49 ili tamam olur. Birgə çalışdığımız, fəaliyyət göstərdiyimiz müəssisədə Rövşən müəllimi yaxşı tanıdığım üçün onun haqqında oxuculara məlumat vermək qərarına gəldim. Məqsədim hərtərəfli biliyə malik bir alimin, səriştəli pedaqoqun, səmimi dekanın, ən əsası isə əsl Azərbaycan xalqına məxsus adət-ənənələrə, mentalitetə sadiqliyini özündə əks etdirən qayğıkeş ailə başçısının keçdiyi əziyyətli, amma son dərəcə qürurlu həyat yolunu bütün oxucularıma çatdırmaq, onu oxucu arenasına tanıtmaq, şərəfli bir müəllim ömrünü, sadə bir insanı kiçik söz hədiyyəmlə dəyərləndirməkdir. İnanıram ki, bütün ömrünü müəllimliyə həsr edən, yorulmadan, gecə-gündüz çalışan bir ziyalının keçməkeşli həyat və fəaliyyətini işıqlandırmaq sizlərin də ürəyincədir, əziz oxucularım!
Rövşən Xəlil oğlu Vəliyev 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun Qaraçuq kəndində müəllim ailəsində anadan olmuşdur.
Orta təhsilini 1961-1971- ci illərdə Qaraçuq kənd orta məktəbində almışdır. 1971-ci ildə Bakı şəhərində V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutununun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Naxçıvan filialının Riyaziyyat fakültəsinə daxil olmuş, 1975-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu müvəffəqiyyətlə bitirmişdir. 1975-ci ilin avqust ayından 1983-cü ilin sentyabr ayınadək Babək rayonunun Cavidabad kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir.
Naxçıvan MR Maarif Nazirliyinin 18 fevral 1980-ci il tarixli, 1-170№li məktubu əsasında Babək rayonunda yaradılmış qiyabi “Gənc riyaziyyatçılar” məktəbinə rəhbərlik etmiş, riyaziyyat elminin bütün sirlərini riyaziyyat sevərlərə öyrətməyə çalışmışdır. Həmçinin o, bu müddətdə məktəblilərin riyaziyyat fənn olimpiadasında Naxçıvan komandasının rəhbəri olmuşdur. Pedaqoji fəaliyyətə müəllim kimi başlayan Rövşən Vəliyev daha sonra 1983-cü ilin sentyabr ayından 2001-ci ilin may ayınadək Naxçıvan Pedaqoji Kadrların İxtisasartırma İnstitutunda “Riyaziyyat və rəsmxəttin tədrisi metodikası” kabinetinin müdiri vəzifəsində çalışmış, 1983-cü ilin sentyabr ayından 1996-cı ilədək Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasında saathesabı müəllim işləmişdir. Rövşən Vəliyev işlədiyi müddətdə Naxçıvan Muxtar Respublikasında keçirilən elmi-praktik konfranslarda riyaziyyatın tədrisi metodikasının aktual problemləri ilə bağlı pedaqoji ictimaiyyət və riyaziyyat müəllimləri, tələbələr qarşısında maraqlı məruzələrlə çıxışlar etmişdir.
Rövşən müəllim eyni zamanda Naxçıvanda məktəb və pedaqoji fikir tarixinin mahir tədqiqatçılarındandır. XIX əsrin sonlarında M.T.Sidqinin Naxçıvanda açdıgı “Tərbiyə” məktəblərinə həsr olunmuş “Məktəbi - tərbiyə və onun Nizamnaməsi” adlı məqaləsi bu sahədə araşdırmalar aparan tədqiqatçılar üçün mənbə rolunu oynamışdır. Məqalədə M.T.Sidqinin yaratdığı “Tərbiyə” məktəblərinin Azərbaycanda milli və dünyəvi məktəblərin genişlənməsinə, maarifçilik hərəkatının inkişafına mühüm töhfələr verdiyi deyd olunmuşdur. Naxçıvan mühitində yorulmadan çalışan bu dəyərli ziyalının yetirmələrinin içərisində tanınmış alim və ziyalılar üstünlük təşkil edir. Rövşən Vəliyev 2001-ci ilin oktyabr ayından 2003-cü ilin sentyabr ayınadək Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialında kabinet müdiri, 2003-cü ilin sentyabr ayından 2004-cü ilin sentyabr ayınadək Naxçıvan Müəllimlər İnstitutunda müəllim, 2004-cü ilin sentyabr ayından isə baş müəllim vəzifəsində işləmişdir.
Öz biliyini elmi araşdırmalar aparmaqla sınayan Rövşən müəllim 2007-ci ildə yazdığı dissertasiya işini uğurla müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Haliyədə hörmətli alim “Ali riyaziyyat və informatika” kafedrasının dosentidir.
Rövşən müəllim 2009-cu ilin yanvar ayından 2016-cı ilin aprel ayınadək “Riyaziyyat və tədrisi metodikası” kafedrasının müdiri vəzifəsində işləmiş, 2016-cı ilin aprel ayından isə Təbiət və incəsənət fakültəsinin dekanıdır. Gərgin əmək sərf edərək yorulmadan çalışan, daim elmi araşdırmalar aparan Rövşən müəllim bu gün 110 elmi-metodiki əsərin, o cümlədən 2 metodik vəsaitin, 1 monoqrafiyanın, 15-dən artıq fənn proqramının müəllifidir. Həmçinin o, 34 riyaziyyat müəlliminin qabaqçıl iş təcrübəsini öyrənib Muxtar Respublika məktəbləri arasında yaymışdır.
R.Vəliyevin “Naxçıvan Muxtariyyəti tarixdə və günümüzdə” mövzusunda keçirilən Respublika Konfransında “Naxçıvan Muxtar Respublikasında 95 ildə xalq təhsilinin inkişafı: faktlar və rəqəmlər” mövzusundakı məqaləsi Naxçıvan ziyalıları tərəfindən rəğbətlə qarşılanmışdır. Mahir tədqiqatçının Naxçıvan Müəllimlər İnstitutunun “Elmi Əsərləri”ndə və “Xəbərlər jurnalı”nda dərc olunmuş “Heydər Əliyev və Azərbaycanda ali təhsilin inkişafı: reallıqlar, perspektivlər”, “Naxçıvanda pedaqoji kadr hazlrligı son 100 ildə: faktlar və rəqəmlər”, “Riyaziyyat və informatika müəlliminin hazırlanması və riyazi metodik hazırlığına yeni baxış’’, “Ali təhsil sahəsində dövlət siyasəti; dünya təcrübəsi və Azərbaycan’’, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvanda təhsilin muxtariyyət dövrü; problemlər, həllər, perspektivlər’’, Naxçıvanda müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutu ilə baglı məqalələri, Naxçıvanda yaşayan maarifçilər haqqında və pedaqoji fikir tarixindən bəhs edən məqalələri dərc olunmuş, müəllim və tələbələrin, o cümlədən geniş oxucu kütləsinin marağına səbəb olmuşdur.
Tədqiqatçı alimin Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyinə töhfə kimi ərsəyə gətirdiyi “Yuxarı sinif şagirdlərinin mənəvi tərbiyəsinin aktual məsələləri’’ adlı monoqrafiyada Naxçıvan məktəblərində istər təlim prosesi, istərsə də sinifdənxaric işlər zamanı yuxarı sinif şagirdlərinin mənəvi tərbiyəsinin formalaşdırılmasının imkan və yolları araşdırılıb tədqiq olunmuşdur. Monoqrafiyada göstərilir ki, mənəvi tərbiyənin ideya qaynaqları, dövlətcilik ideologiyasına, milli müstəqillik prinsiplərinə uygunlaşdırılması məsələləri Ümummilli Liderimiz Heydər Əliyevin nəzəri fikirlərində müəyyənləşdirilmişdir.
Rövşən Vəliyevin məqalələri “Azərbaycan müəllimi’’ qəzetində, Bakı Slavyan Universiteti Ali məktəblərarası elmi məqalələr məcmuəsində’’, “Fizika riyaziyyat və informatika tədrisi” jurnalında dərc olunmuşdur.
Daim axtarışlar aparan, apardığı tədqiqat işlərində dəqiq faktlara istinad edərək fikrini səlis, aydın ifadə edən tədqiqatçı alimin son günlərdə “Azərbaycan müəllimi” qəzetinin 23 aprel 2024-cü il tarixli sayında dərc etdirdiyi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan “Naxçıvan Muxtar Respublikasında 100 ildə pedaqoji kadr hazırlığı: faktlar və rəqəmlər” məqaləsi daha çox diqqətimi çəkdi. Məqalədə Naxçıvan Muxtariyyəti yarandığı 1924-1925-ci illərdən başlamış ta bu günə qədər Naxçıvanda olan məktəblərin, siniflərin, siniflərdə dərs aparan müəllimlərin və şagirdlərin sayı dəqiq faktlar və rəqəmlərlə diqqətə çatdırılmış, o cümlədən o dövrdə Naxçıvanda təşkil olunmuş seminariya, texnikumlar, Naxçıvan Dövlət Müəllimlər İnstitutu və digər ali məktəblər haqqında geniş məlumatlar verilmiş, onların fəaliyyəti işıqlandırılmışdır. İnanıram ki, həmkarımızın gərgin əməyi, axtarışları sayəsində ərsəyə gətirdiyi bu məqaləsi geniş oxucu kütləsinin marağına səbəb olacaq.
İstər sovet dövründə, istərsə də müasir dövrümüzdə Rövşən müəllimin elmi-pedaqoji fəaliyyəti rəhbərlik tərəfindən yüksək dəyərləndirilmiş, tanınmış ziyalı müxtəlif mükafatlara layiq görülmüşdür. Bu mükafatlardan, fəxri fərmanlardan bir neçəsini oxucuların nəzərinə çatdırmaq istəyirəm. Məsələn: Komsomol Gənclər Təşkilatının yaranmasınının 60 illiyi münasibətilə Mərkəzi Komitə tərəfindən imzalanmış Fəxri Fərmanla, Qabaqcıl komsomolçu müəllim fəxri döş nişanı ilə təltif olunmuşdur. O, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olmuşdur.
R.Vəliyevin fəaliyyəti orta məktəbdə müəllim işlədiyi müddətdə pul mükafatı və Azərbaycan SSR Maarif Nazirliyinin və MAMEİİ- Həmkərlar ittifaqı Respublika komitəsinin fəxri fərmanı ilə qiymətləndirilmişdir.
Rövşən müəllim Babək rayonunun Cavidabad kənd orta məktəbində işlədiyi müddətdə gənc nəslin təlimi və kommunist tərbiyəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən 1983-cü il 28 aprel tarixində imzalanmış Fəxri Fərmanla, Naxçıvan Müəllimlər İnstitutunun inkişafında, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi peşəkarlığa, ictimai işlərdə fəallığına görə 2011-ci ildə institut rəhbərliyi tərəfindən imzalanmış Fəxri Fərmanla, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 23 sentyabr 2013-cü il tarixində yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə və institutun 10 illik yubileyi münasibətilə imzalanmış Fəxri Fərmanla və nəhayət, 08 fevral 2023-cü il tarixdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov tərəfindən imzalanmış 2022-ci ildə elmi-tədqiqat və elmi-təşkilati fəaliyyət sahəsində təbiət elmləri üzrə ən yüksək göstəricilərinə görə “İlin alimi” diplomu ilə təltif olunmuşdur.
Naxçıvan Müəllimlər İnstitutunun inkişafında, gənc nəslin təlim-tərbiyəsində yüksək peşəkarlığa malik olması, ictimai işlərdə fəallığı, yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli elmi-pedaqoji fəaliyyəti həmkarımız Rövşən müəllimi digərlərindən fərqləndirmiş, həmişə birinci sırada mövqe tutmuşdur. Müəllim kollektivi və tələbələri ilə səmimi rəftarı, qayğıkeşliyi onu sevimli müəllimə, pedaqoqa çevirmişdir. Əslində onun peşəkarlığı, hərtərəfli biliyə malik olması, ən əsası da mükəmməl pedaqoq kimi fəalliyəti hər bir gənc kadr üçün örnəkdir, bir məktəbdir. Çalışmalıyıq ki, bu məktəbdən hər kəs yararlana, özünün iş təcrübəsində istifadə edə bilsin.
Mən də ilk növbədə öz adımdan və Naxçıvan Müəllimlər İnstitutunun kollektivi adından həmkarımız Rövşən müəlimi yubiley münasibətilə ürəkdən təbrik edir, ona olduqca məsuliyyətli, amma şərəfli yolda uğurlar diləyirəm.
Samirə Həsənova,
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
Naxçıvan Müəllimlər İnstitutu,
samirehesenova75@gmail.com