03 iyul 2024 16:30
426

Bir qıza təhsil verməklə...

Müsahibimiz professor Hicran Hüseynovadır.

- Təhsilin qızların həyatındakı önəmini necə ifadə edərdiniz?

 - Ümumiyyətlə, təhsil hər bir şəxsin həyatında mühüm rol oynayır. Təhsil təkcə hər hansı bir elmi öyrənmək, peşəyə, ixtisasa yiyələnmək deyil. Təhsil həm də insanın şəxsiyyət kimi formalaşmasına, dünyagörüşünün müəyyən edilməsinə,  sosial mühitin öyrənilməsinə və onun bir parçasına çevrilməsinə  xüsusi təsir göstərir. Bu baxımdan təhsil hər bir insanın həyatında, xüsusi ilə də qızların həyatında həlledici əhəmiyyət kəsb edir. Öz dövrünün görkəmli pedaqoqu, publisisti, ictimai-siyasi xadimi Şəfiqə Əfəndizadə yazırdı: “Bir millətin tərəqqisinin göstəricisi, o millətin qadınıdır, buna görə də qadınlar təhsil almalı, maariflənməlidirlər”. Vaxtı ilə böyük xeyriyyəçi, Azərbaycanda təhsilin inkişafında mühüm rolu olan Hacı Zeynalabdin Tağıyev deyirdi: "Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanarsınız. Bir qıza təhsil verməklə isə təhsilli bir ailə qazanarsınız". Ümummilli Lider Heydər Əliyev isə deyirdi: “Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən, kənddə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətimizi xeyli artırmalıyıq”.  Bu misalların sayını artırmaq olar və onların hər birində vacib bir mesaj var: Qadın təhsilli olmalı, özünü ailədə və cəmiyyətdə təsdiq etməli, həyatın bütün sahələrində aktiv iştirak etməli, rəqabətədayanıqlı olmalıdır. Nə üçün? Çünki, qadınların təhsilinə investisiya qoymaq çox yüksək nəticələr doğurur: yaşayış yaxşılaşır, uşaq və ana sağlamlığı inkişaf edir və qızların təhsilə çıxışı artır. Beləliklə savadlı, bilikli və peşəkar qadınlar bütün inkişaf faktorlarına müsbət təsir göstərir. Hazırda biz  müasir, lakin son dərəcə dinamik bir dünyada yaşayırıq. Həyatımızın bütün sahələrinin inkişafında intellekt, xüsusi ilə süni intellektə, informasiya və  kommunikasiya texnologiyalarına, yeni elmi ixtiralara və onların yaradıcılarına ciddi ehtiyac yaranıb. Dövlətimiz tərəfindən həyata keçirilən innovasiya siyasəti yeni bilik və texnologiyaların istehsalı, yayılması və tətbiq edilməsi üçün lazım olan şəraitin yaradılmasını nəzərdə tutur. Cənab Prezident İlham Əliyev də öz çıxışlarında qeyd edir ki, yeni elmi texnologiyanın inkişafına xüsusi diqqət verilməlidir, çünki gələcək elmi-texnoloji inkişafla bağlıdır: “Məhz buna görə biz təhsilə, elmə diqqət veririk, növbəti illərdə daha da böyük diqqət göstərməliyik. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır”. Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik. Bunun üçün hazırlıqlı kadr potensialı olmalı və bu istiqamətdə  işlər görülməlidir.  Gündən-günə  əldə edilən tərəqqi insan kapitalının hərtərəfli inkişafının göstəricisidir. Əlbəttə ki, bu prosesdə qadınların da öz payı var.

- Qızların təhsildən kənarlaşdırılmasının fərdlər və bütövlükdə cəmiyyət üçün nəticələri nələrdir?

- Mən qızların təhsilinin vacibliyini qeyd etdim. Sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Təhsil, elm və gender bərabərliyi “Dayanıqlı İnkişaf - 2030” Gündəliyində müəyyən edilmiş inkişaf məqsədlərinə nail olmaq prosesinin tərkib elementləridir. Son 15 ildə dünya birliyi qadınların və qızların elmə cəlb edilməsində mühüm irəliləyişlərə nail olmuşdur. 2021-ci ildə ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında  keçirilən tədbirdə çıxış edən Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə qadınların və qızların təhsil və elmdə əldə etdiyi nailiyyətlərlə yanaşı, həm də dünya ölkələrinin  diqqətinə önəmli mesajlar çatdırmışdı. Belə ki, Mehriban xanım Əliyeva öz çıxışında qeyd edirdi: “Bu gün ən vacib məsələ qızlar və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır”. Bu gün biz çox fəxrlə deyə bilərik ki, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. 2022/2023-cü tədris ilinin əvvəlində dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində qadınların xüsusi çəkisi 50 faiz olmuşdur. Azərbaycanlı qızlarımız təkcə ölkədə deyil, dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında oxuyurlar. Digər mühüm bir amil isə qızlarımızın elm, texnologiya, maliyyə və bank sektoru, mühəndislik fənnlərinə, ixtisaslarına daha çox maraq göstərmələridir.

Əvvəllər qızların peşə seçimi ilə bağlı müəyyən stereotiplər var idi. Qızlara məsələn, müəllim və ya həkim peşələri daha uyğun hesab edilirdi. Bu gün artıq biz görürük ki, iqtisadiyyat, idarəetmə, texniki və texnologiya ixtisas qrupları üzrə təhsil alan qızlarımızın, o sahədə elmlə məşğul olan qadınlarımızın sayı ilbəil artır. Eyni zamanda, gender stereotiplərinin aradan qaldırılması və peşə seqreqasiyasının düzgün tənzimlənməsi çox vacibdir. Birmənalı olaraq bilmək lazımdır ki, peşə seçimi insan cinsindən deyil, bacarıq və biliklərindən asılıdır. Digər tərəfdən isə peşələrin əmək bazarına, onun təlabatına  uyğun seçilməsi də mühüm əhəmiyyət kəsb edir ki, bu, gələcəkdə insanların işlə təmin olunmasına müsbət təsir göstərəcəkdir. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır. İki nümunə çəkmək istərdim: Keçən il, Masallının Mahmudavar kəndindən olan Dəniz Səttarlı dünyanın bir nömrəli universiteti olan Massachusetts Texnologiya Universitetinə qəbul olub. Dəniz Səttarlı bununla yanaşı daha iki universitetə - dünya reytinqində 12-ci yerdə olan Naynang Texnologiyaları Universitetinə (Sinqapur) və dünya reytinqində 100-cü yerdə olan Çapel-Hill Şimali Karolina Universitetinə (Amerika) qəbul olub.  Bu il Gəncə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunu, hazırda İngiltərənin London Universitet Kollecində (UCL) təhsil alan Fidan Hüseynova dünyanın ən nüfuzlu ali məktəbinə - ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olunub. Bu qızlar orta təhsillərini paytaxta deyil, Azərbaycanın müxtəlif şəhər və kəndlərində alıblar. Demək, məsələ sənin şəhərdə və ya kənddə təhsil almağından getmir. Əsas məsələ budur ki, sənə savadlı müəllimlər dərs deyir, məktəb mühitin əlverişlidir, ailən sənə dəstək olur. Ancaq bununla yanaşı, hələ də  təhsildən kənarda qalan uşaqlarımız, o cümlədən qızlarımız var. Bunun da müxtəlif səbəbləri var. Onların bir çoxu nikaha məcbur edilir, erkən yaşda işləmək məcburiyyətində olan uşaqlar var, ailə münaqişələrin fonunda uşaqlar nəzarətsiz qalır və s. Bunun isə çox ağır fəsadları var.  İlk növbədə həmin uşağın, fərq etməz qız və ya oğlan olsun, inkişafına,  onun  bir şəxsiyyət kimi formalaşmasına, cəmiyyətdə iştirakçılığına mənfi təsir göstərir.

- Bölgələrdə qızların məktəbə qəbulu, məktəbi tərk etmə nisbətləri və təhsil səviyyəsinə dair mövcud məlumatlar və statistikalarla bağlı vəziyyət necədir?

- Təhsil almaq hər bir vətəndaşımızın konstitusion hüququdur. Müvafiq olaraq, uşaqlarımız  məktəbə qəbul olunurlar.  Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan elmi-statistik təhlilin tərkib hissələri kimi “Qəbul və buraxılış imtahanlarının gender aspektləri” adlı kitabça  hazırlanır. Biz orada görürük ki, aşağı siniflərdə təhsil alanların faiz nisbətləri, 9-cu və 11-ci siniflər üzrə təhsil alanların  faiz nisbətləri ilə fərqli olur. Bir çox hallarda oğlanların xeyrinə. Bəzi regionlarımızda yuxarı siniflərdə təhsil alan qızların xüsusi çəkisi azalır.  Bunun da bir çox səbəbləri var.  Əfsuslar olsun ki, qızların təhsil almasına və davam etdirməsinə bir çox maneələr var. Buna görə də  mütləq gender kontekstində qiymətləndirilmələr aparmaq lazımdır ki, müəyyənləşdirək ki,  gender bərabərliyi hansı səviyyədə tətbiq olunur? Mövcud stereotiplər aradan qaldırılıb, yoxsa, əksinə daha da möhkəmlənib?  Hansı maneələr var? Hansı bölgədə daha çoxdur? Biz bunları araşdırandan sonra, hədəfləri müəyyən edib, uyğun işlər görürük. Məsələn, elə götürək təhsil sahəsini. Bu gün gənclərin arasnda kifayət qədər təhsilli, bacarıqlı, müasir tələblərə cavab verən peşələri bilən qızlarımız var. Ölkəmizdə belə bir yeni nəslin formalaşması ilə fəxr edirik və  dövlət tərəfindən belə gənclərə böyük  diqqət yetirilir. Amma eyni zamanda, təhsildən kənarda qalan qızlarımız da var. Onların valideynləri ilə ciddi şəkildə iş aparmaq lazımdır. Bu baxımdan  erkən nikahların, qızların təhsildən yayınmasının qarşısının alınması  sahəsində ixtisaslaşmış yardımın göstərilməsinə ehtiyac yaranır. Eyni zamanda, motivasiya məsələləri də vacibdir. Niyə valideynlər hesab edirlər ki, uşaqların təhsil alması vacib deyil? Niyə bəzi hallarda uşaqları təhsildən ayırır, onları başqa istiqamətə yönəldirlər? Deməli, biz bu gənc qızların valideynlərini, ailəsini maarifləndirməliyik. Qeyd edim ki, müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti bu sahədə sistemli tədbirlər keçirirlər. Müsbət nəticələr də var. Biz çox sayda qızları öz istəyinə uyğun təhsil almasına, hansısa bir sahədə özünü təsdiq etməsinə dəstək oluruq. Əgər bir rayonda, və ya kənddə gənc bir qadın hansısa uğur əldə edirsə, digər ailələr də öz qızlarını belə görmək istəyirlər. Bizə müraciət edirlər, halbuki, bu dəstək ilk növbədə ailədən gəlməlidir. Valideynlər hər zaman qızlarına, ümumiyyətlə, övladlarına, onların biliyinə inanmalı, arzularına hörmətlə yanaşmalıdırlar.

- Təhsildə gender fərqini effektiv şəkildə aradan qaldırmaq üçün hansı siyasət dəyişiklikləri və ya hüquqi tədbirlər həyata keçirilə bilər?

- İlk növbədə  pedaqoji heyətin hazırlıq səviyyəsinin artırılması, onlara gender həssas yanaşma davranışının  aşılanması çox mühümdür. Müvafiq olaraq bu sahədə dövlət siyasəti həyata keçirilir. Məktəb və ailə -bu iki sosial institut sıx əməkdaşlıq etməlidirlər. Təhsildə yeni çağırışlar, yeni tələb və reallıqlar təhlil olunmalı, maarifləndirmə işləri  daha da gücləndirilməlidir.  Ayrı-ayrı  kənd, qəsəbə, rayon və şəhərlərə görə hədəf qrupları və boşluqlar düzgün təyin olunmalı və bu sahədə işlər aparılmalıdır. Təhsillə bağlı qanunvericilik bazası formalaşmışdır. Lakin proses dayanmır və davamlı olaraq təkmilləşdirilir.

Orxan Vahidoğlu, “İki sahil”

Yazı Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur