Ölkəmizdə səfərdə olan Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əhalinin Sosial Müdafiəsi Fondunun rəhbəri Yuliya Berdnikovanın başçılıq etdiyi nümayəndə heyəti DOST Agentliyində olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, onlar əvvəlcə 1 saylı Bakı DOST mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi onlara izah olunub.
Nümayəndə heyəti ilə görüş zamanı DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyası barədə nümayəndə heyətinə məlumat verib. O, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə DOST Agentliyi və ötən müddətdə 7 DOST mərkəzinin açıldığını qeyd edib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlüklərindən və dövlət sosial xidmətlər sahəsinə gətirdiyi innovativ yeniliklərdən bəhs olunub.
Görüşdə nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının direktoru İqor Popov da iştirak ediblər.
DOST konsepsiyasına dair təqdimat edilib. DOST mərkəzlərində 159 sosial xidmətin “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi, həmin xidmətlərdən vətəndaş məmnunluğunun 98,2 faiz təşkil etdiyi diqqətə çatdırılıb.
Belarus nümayəndə heyəti ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1700-dək şəxsi peşə kurslarına cəlb edib
Sumqayıtda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib