20 iyul 2024 15:30
555

Bir Zirvə toplantısında 12 ölkə və təşkilat lideri ilə görüş - Prezident İlham Əliyevin dünyada nüfuzunun göstəricisi

Prezident İlham Əliyev  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakı dünyanın diqqət mərkəzindədir. Bu da təsadüfi deyil. Çünki dövlət başçımız bu səfəri çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd, Macarıstanın Baş naziri Viktor Orban, Litva Respublikasının Prezidenti Gitanas Nauseda, Çex Respublikasının Baş naziri Petr Fiala, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və digərləri ilə yaddaqalan görüşlər keçirib, onlarla müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb. Özü də qarşı tərəflərin müraciətləri əsanda… Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında 12 ölkə və təşkilat lideri ilə görüşüb.

Bu məqamda Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Türkiyənin "Anadolu Agentliyi"nə müsahibəsindəki aşağıdakı fikirləri xatırlamamaq mümkün deyil: “Biz görürük ki, Avropa İttifaqı və Brüsseldən olan liderlər Azərbaycan Prezidenti İlham Əliyevlə əl sıxaraq şəkil çəkdirmək fürsəti əldə etmək üçün əllərindən gələni edirlər”.

Şübhəsiz, bu görüşlər, hər şeydən əvvəl Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun günü-gündən artdığının əyani sübutudur. Bəli, düşünülmüş siyasəti ilə öz ölkəsinin ərazi bütövlüyünə nail olan, erməni faşistlər üzərindəki tarixi Zəfəri ilə Cənubi Qafqazda yeni reallıqlar yaradan, işğaldan azad edilmiş ərazilərdə geniş abadlıq-quruculuq işləri aparan Prezident İlham Əliyev bu gün dünyanın ən tanınmış liderlərindən biridir. Artıq bunu dünya liderləri də etiraf edirlər. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko dövlət basşçımızın gördüyü işlərdən söz açarkən belə deyib:  “Siz bütün dünyaya göstərdiniz ki, Sizdən əvvəlki nəsillərin dövründə həll olunmayan ən mürəkkəb məsələləri həll etməyi bacarırsınız”. 
Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin Pakistanda qarşılanma mərasimi də artıq tarixi həkk olunub. Belə ki, cənab İlham Əliyevin təyyarəsini qarşılamaq üçün 6 qırıcının  qaldırılması ona olan böyük hörmətin təzahürü idi. Bundan öncə Avropanın göbəyində Vuçiç bu sayğını dünyaya göstərmişdi, iki qırıcı ilə!

Bəli, Prezident İlham Əliyev hər bir görüşə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün mötəbər platforma kimi yanaşır. Məsələn, iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşərkən Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesinin tərkib hissəsi kimi sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində əldə olunmuş uğurlardan söz açmaqla yanaşı, bildirib ki, Azərbaycan sülh gündəliyini, sülh müqaviləsinin tezliklə imzalanmasını və sülh prosesini dəstəkləyir. Amma bunun üçün, ilk növbədə, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar və Azərbaycanın Qarabağ regionunun Ermənistanla birləşməsini nəzərdə tutan müddəalar dəyişdirilməli, konstitusional əsasda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Dövlətimizin başçısı qarşı tərəfin müraciətinə əsasən Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşündə də bu məqama toxunub. Prezident İlham Əliyev sülh gündəliyinin irəli aparılması və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsinin vacibliyini bir daha vurğulayıb. Bununla da yalandan sülhdən danışan, nala-mıxa vuran Ermənistanın məkrli niyyətlərini bir daha ortaya qoyub, həmçinin ona havadarlıq edən Fransa prezidenti Emmanule Makronu yerdən-yerə vurub.

 “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada isə Prezident İlham Əliyev enerji resurslarımızdan ətraflı söz açmaqla bir daha dünyanın diqqətini Azərbaycana yönəltməyə nail olub. Bildirib ki, Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə.  O, həmçinin vurğulayıb ki, Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verib. Belə ki, biz bir neçə aya Sloveniya bazarına da  daxil ola biləcəyimizin müjdəsini veirb. Həmçinin bildirib ki, indi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq. Şübhəsiz, belə görüşlər, belə dəyirmi masalar Azərbaycana daha xoş günlər vəd edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”