07 avqust 2024 23:23
520

Vətən üçün yaşanan ömür

Yağı düşməndən qisas  alaraq doğma Azərbaycanın  əzəli, əbədi yurd yeri olan Qarabağ  torpaqları azad etmək məqamı yetişəndə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri Elnur Zeynal oğlu Bağırov    şərəfi vəzifəni yerinə yetirənlərin önündə   gedib. Və bu müqəddəs  yolda canını fəda etməklə adını  xalqın qəhrəmanlıq  salnaməsinə yazıb. Beləcə   Elnur qısa bir ömür yaşasa da, gənc nəsillər  üçün da örnək olacaq əməllər qoyub. Hər əməlində də Vətənə, torpağa ilahi sevgi yaşayır.  Xalq oğluna  ürəyinin başında əbədi yer etdiyi kimi, dövlət də  müharibə meydanında  göstərdiyi şücaətini nəzərə alıb  onu  ölümündən sonra “ Vətən uğrunda”,  Cəbrayılın və Kəlbəcərin azadlığına görə medallara  layiq görüb.     

Qan töküb torpağı Vətən edən Elnur Bağırov  Cəlilabaddandır. 1996-cı ilin martın 6-da  rayonun Privolnoye kəndində  dünyaya göz açıb.  Mərdlik, cəngavərlik  ruhu,  elinə-obasına bağlılıq, Vətən sevgisi  müqəddəs ana südü  ilə birgə  hopmuşdu onun canına.  Odur ki, Elnur orta məktəbi bitirib müstəqil həyata qədəm qoyanda onun yüksək mədəniyyəti,  saf əxlaqı, fəal vətəndaşlıq mövqeyi tez də bilinib.

Nə qədər günləri xoş keçsə də  Vətən torpaqların düşmən tapdağında olması Elnuru çox narahat edib. Elə milli ordu sıralarına çağırılanda müqəddəs torpaqların azadlığı naminə  cəbhə bölgəsində  xidmətə başlayıb.  Əlinə silah aldığı gündən doğma Azərbaycanın   hər qarışını özünə əziz bilib, göz-bəbəyi kimi qoruyub, uğrunda canını fəda etməyə hazır olub. Və eyni zamanda yüksək nizam-intizamı, hərbi anda sonsuz sədaqəti,  verilən tapşırıqları  yerinə yetirərkən fədakarlığı ona hörmət, nüfuz qazandırıb. Azərbaycanın müqəddəs bir parçası  Qarabağın azadlığı  naminə   ömrünü qurban  verməyi isə özünə şərəf sayıb.  Məhz buna görə 44 günlük haqq savaşımızda  birinci   silaha sarılıb: “Vətən yolunda şəhid olmaq hər bir oğlun müqəddəs borcudur”- deyib yağının ilan başını əzmək üçün  yerini odlu-alovlu səngərdə görüb.

Elnurun qəlbində Vətən məhəbbəti, el  qeyrəti  qatıldığı döyüşlərdən həmişə zəfərlə çıxıb.  İlk gündən  erməni dığalar tərəfindən atılan güllənin üstünə mərdi- mərdanə getməklə  onların  kabusuna çevrilən igid döyüşçü  Qarabağın  çox yerində üçrəngli qələbə bayağımızı sancanların  qabağında gedib.   Elnur Bağırov  2020-ci ilin noyabrın 2-də Kəlbəcər istiqamətində gedən  ağır savaşa  qələbə əzmi ilə girib.  Son gülləsinədək qəhrəmancasına   vuruşub, 24 yaşında şəhadətə qovuşub.

Bəli, torpaq  yolunda ölən varsa, Vətəndir. Bu yolu seçənlər isə əbədi günəş ömrünü yaşayırlar. Cəlilabadın qəhrəman oğlu Elnur da belə. Vətən onu heç zaman unutmaz.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlə Birliyinin üzvü