08 avqust 2024 00:18
656

Xarici havadarların pul kisələrindən asılı olan avantüristlər

Hər bir siyasi hərəkat geniş kütlələrə xitab     edə bilməyəndə, daha doğrusu deməyə sözü olmayanda marginallaşmağa məhkum olur. Nəticədə böhranlı situasiyadan çıxmaq üçün şər və böhtan siyasi mübarizə metoduna, əqidə isə alver predmetinə çevrilir. Bu prosesdə AXCP sədri Əli Kərimlinin və  qondarma “Milli Şura”nın sədri Cəmil Həsənlinin tayı-bərabəri yoxdur desək, səhv etmərik. Bəri başdan deyək ki, bu avantüristlərin  səsləndirdikləri fikirlər onların  xəstə təxəyyülündən başqa bir şey deyil.

Baykotşünas Əli Kərimli yenə də Tofiq Yaqublunun siyasətə əsla dəxli olmayan timsalında qondarma, artıq suyu çıxmış siyasi məhbus məsələsini gündəmə gətirməyə çalışıb. Bildirib ki, guya bu məsələdə xalq da öz sözünü deməlidir. Utanmadan yenə də xalqın adından danışır. Əslində sayıqlayır desək, daha doğru olar. Vallah, qəribədir. İllərdir erməni diasporunun maraqlarına xidmət edən Kərimli bilmirmi ki, xalqımız ağı qaradan seçməyi yaxşı bacarır və onun kimilərin əsl mahiyyətinə yaxşı bələddir? Təkcə bir faktı xatırladaq ki, xalqımız 44 günlük Vətən müharibəsi günlərində Prezidentin ətrafında yumruq kimi birləşərək ordumuza dəstək verməklə düşmənə öz gücünü göstərdi və məğlubedilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Bu gün isə xalqımız azad edilmiş torpaqlarda həyata keçirilən bərpa-quruculuq işlərinin qürurunu yaşayır.  Dövlətimiz azad edilmiş əraziləri gülüstana çevirməklə, xarüqələr yaratmaqla öz gücünü göstərir. Bu isə ölkəmizi istəməyən qüvvələri, erməni maraqlarından çıxış edən dairələri və bir də Əli  Kərimlini çox narahat edir.

Bu məqamda bir faktı xatırlatmaq yerinə düşər: AXCP dövlətin rəsmi reyestrinə daxil olmaq çün 5 min üzvünün imzasını yalnız ikinci cəhddən sonra müvafiq dövlət qurumuna təqdim edə bilmişdi. Belə bir partiyaya rəhbərlik edən şəxsin xalqdan danışması absurddur, elə deyilmi? Bəli, bu, bir faktdır ki, xalqdan böyük güc yoxdur. O,  nə zaman, nə məqsədlə öz gücünü göstərməyi yaxşı bilir.

Şübhəsiz, Əli Kərimlinin başı boş, mənasız “araşdırmalar”a o qədər qarışıb ki, heç Azərbaycan  xalqının nələrə qadir olduğundan belə xəbəri yoxdur. Yaxud da xalqın Əli Kərimlini vecinə almaması, haqlı olaraq onun dediklərinə əsla məhəl qoymaması bu avantüristi elə qəzəbləndirib ki, o, bu yolla xalqımızdan qisas almağa çalışır. Bəli, bu gün xalqımız Əli Kərimli kimi anti-milli, təxribatçı ünsürlərin niyyətinə yaxşı bələd olduğundan onları tarixin arxivinə atıb. Çünki xarici havadarlarının pul kisələrindən asılı olan bu avantüristləri artıq xalqımız yaxşı tanıyır.

Cəmil Həsənli isə sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini uğursuz və qərəzli şəkildə “topa” tutmaq ənənəsini davam etdirməkdədir. Belə ki, o bu dəfə utanıb-qızarmadan öz həmkarlarının seçkilərə “xala xətrin qalmasın” qatıldıqlarını iddia edib. Bununla da o, öz azsaylı silahdaşlarının bostanına daş atmaqda mahir olduğunu bir daha göstərib. Aydındır ki, onu belə danışmağa vadar edən xaricdəki havadarlarının maliyyəsidir. Əli Kərimli, Cəmil Həsənli kimi anti-milli ünsürlər pullu sifariş yerinə yetirməyə o qədər öyrəncəli olublar ki, bu təsir dairəsindən çıxa bilmirlər. Ona görə də xaricdən aldıqları pul-para sayəsində Vətən, xalq anlayışları onlara yad olub.

Qvami Məhəbbətoğlu, “İki sahil”