08 avqust 2024 23:31
537

Vətənin qəhrəman oğlu

Doğma Vətənini canından artıq sevən, 44 günlük haqq savaşımızda müharibə meydanında onun uğrunda son nəfəsə qədər döyüşüb şəhid olan  qəhrəmanlardan biri də Nurlan Fərrux oğlu Əbilovdur.  İndi adı dillərdə dastan olan igid Vətən sevdalısı cismən aramızdan  getsə də, qəlblərdə yaşamaqla həmişə böyük ehtiramla xatırlanır. 

Şəhid Nurlanın 30 yaşı tamam oldu. Bu münasibətlə tədbir baş tutdu.  Masallı rayonu, Şərəfə  kəndində şəhidlərin xatirəsinə   ucaldılmış “Şəhidlər and yerimiz” adlı abidə kompleksinin önündə keçirilən tədbirdə Şərəfə kənd folklor evinin, ərazi nümayəndəliyinin, tibb məntəqəsinin, məktəbin, uşaq bağçasının əməkdaşları, balaca fidanlar, kənd ictimaiyyəti iştirak edirdilər.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın möhtəşəm  zəfəri ilə  başa çatan  44 günlük  Qarabağ  müharibəsində torpaq uğrunda can qoyan Vətən övladlarının  keçdiyi  şərəfli döyüş yolundan danışıldı, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən qürurla söz açıldı. O da bildirildi ki, Azərbaycanın yeni, şanlı tarixini yazan qəhrəmanlar heç vaxt  unudulmaz. Şəhid  Nurlan da onların arasında. Onun günəş ömrü zaman-zaman gələn  nəsillərə  örnək olacaqdır.

Daha sonra  uşaqların ifasında  vətənpərvərliyə və qələbəyə aid  şerlər səslənildi .

Nurlan Əbilov 1994-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. Atasını uşaq ikən, anasını isə 23 yaşında itirib. Orta təhsilini aldıqdan sonra Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olub. Anası xəstə olduğuna görə təhsilini donduran Nurlan bu səbəblə diplomunu ala bilməyib, sonradan ailəsinə çatdırılıb.

Vətən müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən ölüm-dirim savaşına qatılıb. 8 oktyabr 2020-ci ildə  baş nahiyəsindən ağır yaralanıb. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub. Həkimlərin səyinə baxmayaraq 19 aprel 2021-ci ildə Vətən eşqli ürəyi əbədi dayanıb. Masallı rayonunun Şərəfə kəndində sevdalandığı  torpağa qovuşub.

 Dövlət tərəfində  “Vətənə xidmətə görə” ordeninə,  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Şuşanın azadlığına  görə medallarına layiq görülən şəhid Nurlan Əbilovun iki oğlu yadigar qalıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü