09 avqust 2024 23:18
585

Şanlı tariximizin qəhrəman oğlu

44 günlük haqq savaşımızda hünər göstərərək adını şanlı tariximizə yazan igidlərdən  biri də   dağlar diyarı Lerikin qartal oğlu   Altay  Mövlanovdur.  Ömrünün iyirminci ilində ölməzliyə qovuşan Vətən sevdalısının  doğum günü xatirəsi anılıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəlimmədova, YAP Lerik rayon Təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı İskəndər Tahirli, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Lerik Rayon Bələdiyyəsinin sədri Balaşirin Nəsirov və şəhidin ailə üzvləri onun  uyuduğu müqəddəs yeri  ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar .

Qeyd edək ki, şəhid  Altay  Tahir oğlu  Mövlanov  2000-ci il avqustun 5-də Lerik şəhərində anadan olub. 2006-2017-ci illərdə Milli Qəhrəman Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində təhsil alıb. 2018-ci ildə Milli Ordu sıralarında hərbi xidmətə başlayan Altay 2020-ci ilin aprel ayında ordudan tərxis olunub. Vətən sevgisi, düşmən tapdağında olan əzəli yurd yerimiz Qarabağımızı  azad etmək istəyi onu yenidən ordu sıralarına qaytarıb.  O,  müddətdən artıq Hərbi Xidmət Qulluqçusu kimi   yenidən doğma Azərbaycanın keşiyində durub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündə ölüm-dirim savaşına qatılıb. Olduğu döyüşlər zamanı qəhrəmanlıq göstərərək düşmənə qan udduran, xeyli sayda canlı qüvvəsini məhv edən Altay 29 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən ağır müharibə meydanında şəhadətə yetib.  Milyonların ürəyində özünə əbədi məkan quran Altay Mövlanov  dövlət tərəfindən  "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü