Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 19,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin 8 ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilib ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon ton və ya 4,9 % azdır.
Bu il respublika üzrə neft hasilatının 11,1 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb. Bu, bir il öncəki göstərici ilə müqayisədə AÇG üzrə neft hasilatı 1 milyon ton və ya 8,3 % azdır.
“Şahdəniz” yatağından 2,8 milyon ton kondensat hasil edilib. Bu isə 2023-cü ilin 8 ayının hasilat göstəricisi ilə müqayisədə 0,1 milyon və ya 3,5 % azdır. Həmçinin, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 5 milyon ton təşkil edib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 0,2 milyon ton və ya 3,8 % azdır.
Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.
"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə kontrakt imzalanıb. Hazırda Abu Dabi Milli Neft Şirkəti (ADNOC) "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payına sahibdir, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.
Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
BP "Mərkəzi Azəri" platformasında qazın yenidən laylara vurulma gücünü artırıb
Azərbaycanın turizm potensialı Brüsseldə keçirilən beynəlxalq sammitdə təqdim olunub