4SİM və Binance İnvestment Co. Ltd şirkəti blokçeyn texnologiyaları sahəsində maarifləndirmə və məlumatlandırma istiqamətində əməkdaşlıq edəcək.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Binance Investments Co. Ltd. (Binance) şirkəti Azərbaycanda blokçeyn təhsili və texnologiya tətbiqinin gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıblar. Sənədi 4SİM-in icraçı direktoru Fariz Cəfərov və Binance şirkətinin Regional bazarlar üzrə baş rəhbəri Vişal Saçindran imzalayb.
Bu tərəfdaşlıq Azərbaycan gənclərini və mütəxəssislərini Web3, blokçeyn və əlaqəli texnologiyalar sahəsində qabaqcıl biliklərlə təmin etmək istiqamətində mühüm addımdır.
Memorandum çərçivəsində Binance şirkəti özünün strateji təhsil tərəfdaşı Blockchain and AI Technology Center Binance ilə birlikdə Qlobal Universitetlərə Yardım Proqramı (GUOP) çərçivəsində Azərbaycan universitetləri ilə əməkdaşlıq edəcək.
Bu əməkdaşlıq tədris proqramlarının hazırlanması, sənaye mütəxəssislərinin mühazirələri və müəllimlər üçün birgə seminarların təşkili kimi fəaliyyətləri əhatə edir. Bundan əlavə, Binance Akademiyası blokçeyn, NFT və metavers kimi mövzuları əhatə edən akkreditə olunmuş onlayn kurslar təklif edəcək. Kurslar Azərbaycan və İngilis dillərində olacaq.
"Bizim tərəfdaşlığımız ölkədə təhsil və sənayenin inkişafına sadiqliyimizi nümayiş etdirir. Biz birlikdə blokçeyn və rəqəmsal aktivlərdə innovasiya və artımı təşviq etmək üçün əsas təşəbbüslərə diqqət yetirəcəyik. Məqsədimiz tələbələri və mütəxəssisləri rəqəmsal iqtisadiyyat üçün lazım olan bacarıqlarla təmin etməkdir”, deyə Vişal Saçindran bildirib. “Web3 və blockchain texnologiyasında öyrənmə və innovasiya üçün dəyərli imkanlar təmin edərək Azərbaycanda maarifləndirmə və blokçeyn təşəbbüslərini inkişaf etdirmək üçün lokallaşdırılmış təhsil proqramlarını dəstəkləməkdən məmnunuq”.